«Mənə bir hərf öyrədənin köləsi olaram». Bu sözlər Islam dünyasının parlaq simalarından olan Həzrəti Əliyə məxsusdur. Din, əqidə, məslək uğrunda uca şəhidlik zirvəsinə yüksələn Həzrəti Əlinin öyrədənin - müəllimin əməyini belə yüksək dəyərləndirməsinin səbəbini anlamaq üçün ilk növbədə müəllimlik peşəsinin mahiyyətinə nəzər salmaq gərəkdir.
Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir...
Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.
Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq. Insan cəmiyyətinin əzəli və sonu müəllim əməyi ilə bağlıdır. insanlar öyrənə-öyrənə kamilləşmiş, təbiətin sirlərinə yiyələnərək onu ram etmiş, yeni-yeni kəşflərlə öz həyatlarını yüngüliəşdirmişlər.
Otuz ilə yaxındır ki, mən mətbuat sahəsində çalışıram. Bu uzun müddət ərzində yüzlərlə müəllim gördüm, müəllim adına necə layiq olan müəllimləri gördüm. 38 saylı orta məktəbin direktorlarıyla birgə müəllimləri də hər zaman mənə əziz olub. Bu məktəb mənim üçün hər zaman doğma olub, əziz olub. Bəlkə də direktorlarını müəllim işlədikləri vaxtdan tanımışam, ona görə əziz və doğma olub.
Eşidəndə ki, 39 saylı orta məktəbin direktoru, uzun illər tanıdığım Nadir müəllim təqaüdə çıxır, çox kədərləndim. Nadir müəllim sözün həqiqi mənasında ziyalı idi, məktəb onun doğma evi idi. Hər zaman onunla ünsiyyətdə olanda bir çox şey öyrənmişəm. İndi isə onun təqaüdə getməsi məni olduqca kədərləndirdi.
Bu günlərdə yolumu yenidən mənim üçün doğmadan doğma olan Sumqayıt şəhəri 38 saylı tam orta məktəbə saldım. Məktəbin direktor əvəzi işləyən yeni medirəsi Nərgiz xanımla tanış oldum. Nərgiz xanım ilk baxışdan necə deyərlər, ürəyimə yatdı. Mehriban münasibəti, səmimi davranışı və eyni zamanda müəllim sənətinə necə vurğun olduğu danışığından bəlli idi. Nərgiz xanımla balaca bir söhbət edirik:
-Məktəb insanın mən deyərdim ki, birinci evidir, birinci düşünməli olduğu yerdir. Ailə isə kollektivdən sonra gəlir. Məktəb ona görə birinci gəlir ki, biz günümüzün ən çox hissəsini burada keçiririk, gələcəyimiz olan şagirdlərin təməlini burada qoyuruq. Onların uğurları, onların sevincləri bizim də sevincimizə dönür. Kollektiv elə bir şeydir ki, hər zaman onları düşünməli, onların problemləri ilə yaxından maraqlanmalı və həlli yollarında addımlar atılmalıdır.
Mən uzun illərdir ki, bu məktəbdə müəllim, hazırda isə direktor əvəzi işləyirəm. Bu kollektiv mənim doğmamdır, əzizimdir. Hər bir müəllimin problemini öz problemim saymışam və bu gün də sayıram. Məktəbdən taqaüdə göndərilən müəllimlərimizi hər zaman evlərində yad edirik, onları unutmadığımızı hər əlamətdar günlərdə yanlarında olduğumuzu bildiririk. Bu günlərdə müəllimlər günündə yenə də taqüddə olan müəllimlərimizi evlərində yad etdik, onların qonağı olduq. Bir neçə gün bundan əvvəl məktəbimizin direktoru Nadir müəllimlə də Müəllimlər günününü birgə qeyd etdik, onun bağ evində qonağı olduq. Nadir müəllim və həyat yoldaşı bizi çox səmimi, mehriban qarşıladılar. Nadir müəllimin sözün həqiqi mənasında gözləri gülürdü.
Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir.
Cəmiyyətdə müəllimlik çox şərəfli, müqəddəs peşə hesab olunur. Alim də, sərkərdə də, bir sözlə, həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəs müəllimi qarşısında baş əyir, ona səcdə qılır, onu həmişə xoş duyğularla yada salır.
Günəşə çatsa da nurlu taleyim,
Səninlə bağlıdır arzum, diləyim.
Nə bir dərdim olar, nə də bir qəmim,
Sən yüz il yaşasan, ilk müəllimim!
Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, öz yetirmələrinin xoş sorağını alanda müəllimin də qəlbi sevincdən dağa dönür. Müəllimlərimiz ad-san sahibi olan yetirmələri barədə həmişə iftixar hissi ilə söhbət açırlar. Bu vaxt, adətən, xoş xatirələr göz önündə canlanır. Yetirmələrinin uğurları müəllimlərimizə sanki yeni güc verir, onları daha şövqlə işləməyə ruhlandırır.
Məktəbimizin uğurlarına gələndə, hər zaman fənn olimpiadalarında, müxtəlif bilik yarışlarında öz sözünü deməyi bacarıb. Hər il ali məktəbə qəbulda da şagirdlərimiz uğurlar qazanıb, adını ali məktəblərə yazdıran və uğurları ilə ölkəmizdə və eləcə də müxtəlif ölkələrdə ad qazanan şagirdlərrimiz var və təbii ki, onların bu uğuru bizim uğurumuzdur.
Tahirə Həbliyeva
Bölməyə aid digər xəbərlər