09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR

SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR

•  21264
17236Prezident İlham Əliyevin rəhbərliyi altında son illər Sumqayıt şəhəri yeni inkişaf mərhələsini yaşayır.  Ötən 5 il ərzində Sumqayıt şəhərində kifayət qədər işlər görülüb.  Görülən işlərin bir qisminə nəzər salaq…
ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ GƏLƏN YOLLAR AÇILDI

Bəli, sözün həqiqi mənasında Sumqayıt şəhər İcra Hakimiyyətinə gələn yollar açıldı. Uzun müddət bağlı olan Azərbaycan prospekti, şəhər İcra Hakimiyyətinin qarşısından keçən yol şəhər sakinlərinin üzünə açıldı. Bu hadisə şəhər sakinlərinin rahatlığı ilə yanaşı eyni zamanda, həm də Şəhər administrasiyasının, yeni rəhbərliyin şəhər sakinlərinə bir mesajı idi. Şəhər sakinləri üçün açıqlıq, əlçatanlılıq mesajı…
SOVET DÖVRÜNDƏN BƏRİ ASFALT ÜZÜ GÖRMƏYƏN YOLLAR ASFALTLANDI
Hər bir xalqın mədəniyyəti, inkişafı yoldan başlayır. Bu ifadədə böyük bir həqiqət var. Sumqayıt şəhərində müstəqillik illərindən bəri həllini gözləyən əsas problemlərdən biri də yol infrastrukturunun yenilənməsi idi. Uzun müddət asfalt üzü görməyən yolların qısa müddət ərzində bərpası və yenidən qurulması qarşıya qoyulmuş əsas hədəflərdən idi.
Yalnız mərkəzi küçələr deyil, məhəllədaxili yolların, ətraf qəsəbələrdəki mövcud yol infrastrukturunun bərpası həllini gözləyən tədbirlər planına daxil olundu. Ötən dörd il ərzində 40-a yaxın prospekt və küçədə, bir o qədər də məhəllə və mikrorayonda ardıcıl olaraq asfaltlanma işləri aparıldı.
Son illərdə Sumqayıt şəhərində mövcud yolların təmir olunması ilə yanaşı yeni yolların salınması ilə də yadda qaldı.  Şəhər ərazisində uzunluğu 7 kilometr olan 4 yeni yol salındı. Yeni yolların çəkilməsi işləri uğurla davam etdirilir.  Bir faktı qeyd edək ki, 2019-cu ildə də Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı tədbirlər planı hazırlanıb. İl ərzində 50 km uzunluğunda şəhərdaxili küçə və yolların, 1,5 milyon kvadratmetr məhəllədaxili ərazidə yeni asfalt örtüyünün salınması işləri davam etdiriləcək.
ŞƏHƏRİN ƏSAS GİRİŞ QAPISI YENİDƏN QURULDU
Şəhər qurularkən ilk salınan yollardan biri məhz şəhərin giriş yolu idi. O zaman salınan bu yol sözsüz ki, bu günkü Sumqayıt üçün hesablanmamışdı. Həm əhalinin sayı, həm də yeni əsr, yeni müasir tələblər şəhərin əsas giriş yolunun yenidən qurulmasını zəruri edirdi. İki istiqamətli dar yol həm şəhər sakinlərinin rahatlığı, həm də təhlükəsizliyi üçün bir problemə çevrilmişdi. Yol infrastrukturunun yenilənməsinə məhz bu yoldan, şəhərin əsas giriş qapısından başlanıldı.
Şəhərin girişindən “Sülh göyərçini” abidəsinə qədər uzanan yolda  əsaslı təmir və yenidənqurma işləri şəhər icra hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə yerinə yetirildi. 5,2 kilometrlik yol qısa müddətdə quruldu. Yenidənqurmadan əvvəl burada səki yox idi. Tikinti işləri zamanı yeni səkilər salındı, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkildi. Yol boyunca yaşıllıqlar salındı, ağac və gül kolları əkildi.  Yeni işıqlandırma sistemi quruldu, Prospekt boyunca dekorativ istinad divarları tikildi. Prospektə 15 santimetr qalınlığında polimer asfalt örtüyü döşəndi. Eni 14 metr olan prospektin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırıldı. Müasir texnologiya əsasında hazırlanan bu asfaltın özəlliyi yükgötürmə qabiliyyətinin yüksəkliyində, elastikliyinin etibarlılığında və uzun müddət davamlı olmasındadır. Sülh prospektinin əsaslı təmiri və yenidən qurulması Bakıdan Sumqayıta və əks istiqamətə nəqliyyatın rahat və maneəsiz hərəkətinə hərtərəfli imkan yaradır.
40 İL ÖNCƏ SALINAN YOL YENİlƏNDİ
Şəhərin ikinci qapısı sayılan Sahil küçəsi 1980-ci illərin əvvəllərində salınıb. Bu yolun uzun müddət istismar olunması və yararsız vəziyyətə düşməsi, bu istiqamətdə nəqliyyat axınını azaltmışdı. Bu isə öz növbəsində şəhərin əsas giriş yolunda nəqliyyat sıxlığına, həm də şəhər sakinlərinin daha çox yol qət etməsinə səbəb olurdu. Şəhərə giriş-çıxışın asanlaşdırılması,sakinlərin rahatlığı üçün bu yolun bərpası, yenidən qurulması həllini gözləyən əsas problemlərdən biri idi. Burada da yenidənqurma işləri müasir səviyyədə və qısa vaxtda həyata keçirildi. 7,5 kilometr uzunluğu olan yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilərək sahəsi 112 min kvadratmetrə çatdırıldı.
Yolboyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün səkilər salındı, bir çox yerlərdə istirahət guşələri yaradıldı, yaşıllıq zolaqları salındı. Təhlükəsizlik məqsədilə istinad divarları, hasarlar yenidən tikildi. Bu yolda Sumqayıt şəhərində ilk dəfə olaraq velosiped sürmək üçün xüsusi hərəkət zolağı salındı. Beləliklə sahil küçəsində aparılan yenidənqurma işləri həm avtomobillərin rahat hərəkətini, həm də piyadaların təhlükəsiz gediş-gəlişini təmin etdi.
200-DƏN ÇOX MÜASİR AVTOBUS ŞƏHƏR SAKİNLƏRİNIN XİDMƏTİNƏ VERİLDİ
Əhalisinin sayı yarım milyonu haqlayan şəhər üçün vacib olan məsələlərdən biri də müasir nəqliyyat infrastrukturunun yaradılması, bu sahədə idarəetmənin təkmilləşdirilməsi, sərnişin daşınması sahəsində rahatlığın təmin olunması idi.
Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 7 dekabr 2015-ci il tarixində fərman imzaladı. Sərəncamla Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradıldı. Sumqayıt şəhərinin inzibati ərazisində “Pilot layihə” çərçivəsində sərnişin daşınmasının inkişafı ilə bağlı işlərin icrasına başlanıldı.
Müasir tələblərə cavab verən nəqliyyat vasitələri olmadan sözsüz ki, yuxarıda qeyd etdiyimiz məsələlərin həllinə nail olmaq mümkün deyildi.
Ötən dövr ərzində Sumqayıtda 200-dən çox Türkiyə istehsallı olan, müasir tələblərə cavab verən avtobuslar şəhərimizə gətirilərək marşrut xətlərinə buraxıldı.
Ölkə rəhbərinin yaxından köməyi sayəsində əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması məqsədilə xırda tutumlu, istismara yararsız, ekoloji tələblərə cavab verməyən nəqliyyat vasitələri xətlərdən çıxarıldı. Beləliklə, şəhər sakinlərini gündəlik narahat edən problemlərdən biri də həll olundu.
SÜRƏTLƏ İNKIŞAF EDƏN SUMQAYIT ÜÇÜN SÜRƏT QATARI

Ötən dövr ərzində Sumqayıtlıların yaddaşına həkk olunan əsas əlamətdar hadisələrdən biri də Bakı-Sumqayıt sürət qatarının istifadəyə verilməsi oldu.
Ötən 48 ayın məhz ilk ayında Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimi oldu. Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürət qatarının istifadəyə verilməsi şəhər sakinlərinin işini xeyli asanlaşdırdı. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülərək yerində müasir tələblərə cavab verən Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksi tikildi. Prezidenti İlham Əliyev 16 noyabr 2018-ci il tarixində Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında da iştirak etdi. Beləliklə, şəhər sakinlərinin daha bir arzusu gerçəkləşdi…
SUMQAYITIN 70 İLLİK TARIXİNDƏ GERÇƏKLƏŞƏN MÖCÜZƏ -SUMQAYIT BULVARI
“Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir.  Sumqayıt bulvarının yaradılması ilə bağlı mən hələ bir neçə il bundan əvvəl şəhər rəhbərliyi qarşısında vəzifə qoymuşdum. Sumqayıtlılar yəqin ki, xatırlayırlar, hətta bir neçə il bundan əvvəl mənim üçün təqdimat da keçirilmişdi. Hər zaman maraqlanırdım ki, işlər necə gedir. Məlumat verilirdi ki, orada çətinlik, burada çətinlik var. Ancaq bu gün Sumqayıt bulvarı artıq açılıb. Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin böyük rolu var. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək. Bu, nəyi göstərir? Bu, onu göstərir ki, biz Azərbaycanda istənilən işi görə bilərik. Sumqayıt sovet vaxtında kimya sənayesi mərkəzi idi. Kimin ağlına gələ bilərdi ki, Sumqayıt belə gözəl, ekoloji cəhətdən təmiz şəhərə çevriləcək. Mən çox şadam ki, bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər. Ancaq Sumqayıtda siz özünüz təşəbbüslər göstərirsiniz. Özünüz istəyirsiniz ki, Sumqayıt daha da gözəl şəhərə çevrilsin, daha da abadlaşsın”.
Bu fikirləri Prezident İlham Əliyev 27 sentyabr 2016-cı il tarixdə Sumqayıtda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirmişdi. Bəli, bu fikirlərdən də göründüyü kimi, Sumqayıtda bulvarın olması şəhər sakinləri ilə yanaşı, ölkə rəhbərliyinin də arzusu olmuşdur. Bir faktı da qeyd edək ki, hələ 1974-cü ildə Sumqayıt şəhərinin 25 illik yubileyi tədbirində Ümummilli Lider Heydər Əliyev çıxışı zamanı Sumqayıtda dənizkənarı bulvarın yaradılması arzusunu səsləndirmişdi…
Nəhayət, Sumqayıtla bağlı Ulu Öndərin ən böyük arzularından biri həyata keçirildi.
5,2 kilometr uzunluğu,  150 hektar sahəsi olan bulvar kompleksi bu gün şəhər sakinlərinin ən çox ziyarət etdiyi məkanlardan biridir.
ŞƏHƏRİN ƏSAS PARKI DAHA DA GENİŞLƏNDİRİLDİ
Şəhərin mərkəzində mövcud əsas parklardan biri – Heydər Əliyev parkı tamamilə yenidən quruldu.  Parkın ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib. Burada 200-dən çox müasir işıq dirəkləri, oturacaqlar quraşdırıldı, 5 mindən çox ağac, dekorativ kol əkildi, 20 min kvadratmetrdən çox sahədə yaşıllıq zolağı salındı, 30 min kvadratmetr daş döşəndi. Parkda həmçinin rəngli fontan kompleksi və Bayraq meydanı tikilib, uşaqlar üçün əyləncə mərkəzi inşa olunub. Beləliklə, ötən 4 il ərzində insanların rahatlığına hesablanmış daha bir layihə uğurla icra olundu.
SUMQAYIT ŞƏHƏRİNDƏ MÜASİR HEYDƏR ƏLİYEV MƏRKƏZİ İNŞA OLUNDU

Sumqayıt şəhərində çoxfunksiyalı və işlək bir mərkəzə ehtiyac duyulurdu. Müasir və çoxfunksiyalı Heydər Əliyev Mərkəzin tikintisinə başlanıldı və qısa müddətdə şəhər sakinlərinin ixtiyarına verildi. Üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 5 min kvadratmetrdir. Heydər Əliyev Mərkəzində müxtəlif tədbirlərin keçirilməsi üçün 420 yerlik böyük konfrans zalı yaradılıb. Mərkəzdə kompyuter və digər ən müasir avadanlıqla təchiz olunan xidməti otaqlar var. Müxtəlif təyinatlı bölmələrdən ibarət olan mərkəzdə sərgi zalı, xalçaçılıq dərnəyi, 40 nəfərlik iclas zalı, smart sinif, rəsm və foto studiyaları, elektron kitabxana, kompyuter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərir. Heydər Əliyev mərkəzində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlər də keçirilir.
MÜASİR UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİ YARADILDI
Sumqayıt şəhərində fəaliyyət göstərən musiqi məktəblərinin əksəriyyəti binaların birinci mərtəbəsində, baxımsız və keyfiyyətli tədris üçün yararsız vəziyyətdə idi. Müasir şəhər üçün müasir incəsənət məktəbinin olması sözsüz ki, lazım idi. Qarşıya qoyulmuş bu hədəfə də qısa müddətdə nail olundu. Şəhərdə üçmərtəbəli binadan ibarət Uşaq İncəsənət Məktəbi tikilərək şəhər sakinlərinin ixtiyarına verildi. 80 otaqdan ibarət məktəb yeni avadanlıqla təmin olundu. Hazırda Uşaq İncəsənət Məktəbində 200-dən çox müəllim tədrislə məşğul olur. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alır.
ŞAHMATÇILAR ŞƏHƏRİ ÜÇÜN MÜASİR ŞAHMAT MƏKTƏBİ
Digər idman növərində olduğu kimi Sumqayıt şahmat sahəsində də uğurları ilə seçilir. Sumqayıt şahmat məktəbinin yetirmələri bu gün dünya miqyasında uğurları ilə tanınır, seçilir. Belə olan halda şəhərin şahmat məktəbinin baxımsız və yararsız bir məkanda yerləşməsi heç də yaxşı hal deyildi. Bu sahədə də yeniliyə, yeni və müasir şahmat məktəbinə ehtiyac duyulurdu. Qısa müddət ərzində şəhərin Heydər Əliyev Parkı ərazisində ikimərtəbəli Şahmat Məktəbi tikilərək istifadəyə verildi. Məktəb müasir avadanlıqla təmin olundu. Hazırda burada 25 qrupda ümumilikdə 550-600 şagird idmanın qədim növü olan şahmatın sirlərini öyrənir.
YARADICI İNSANLARA XÜSUSİ DİQQƏT YETİRİLDİ
İyirmi ildən artıq şəhərin müxtəlif künc-bucağında məskunlaşan Ə.Kərim adına “Poeziya klubu”nun nəhayət, ofis problemi həll olundu. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığına əsasən, Heydər Əliyev parkında yerləşən, geniş, bütün şəraiti olan bir mərkəz şəhərin yaradıcı insanlarının ixtiyarına verildi. “Poeziya Evi” adlandırılan sözügedən obyektin yazarların ixtiyarına verilməsi Sumqayıtda yaşayan, yazıb-yaradan qələm sahiblərinin təbii ki, ürəyincə oldu. Bu addım şəhərin yaradıcı insanlarına verilən ən böyük qiymət, dəyər idi…
MÜASİR TƏLƏBLƏRƏ CAVAB VERƏN MƏDƏNİYYƏT SARAYI YARADILDI
 “Kimyaçı” Mədəniyyət Sarayı 1986-cı ildə istifadəyə verilib. Uzun müddət istismar olunmuş mədəniyyət mərkəzdə təmirə ehtiyac duyulurdu. Prezident İlham Əliyevin tapşırığı ilə “Kimyaçı” Mədəniyyət Sarayı qısa müddətdə təmir olundu. Sarayın yenidən qurulması işləri yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirildi. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə quruldi. Həmçinin binada qonaq, qrim və rejissor otaqları yaradıldı. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verildi.
50-CI İLLƏRDƏ TİKİLMIŞ SUMQAYIT TEATRININ BİNASI MÜASİRLƏŞDİ
Sumqayıt teatrının binası 50-ci illərdə  istifadəyə verilmişdi. Uzun müddət təmirsiz qalan Teatr binasında keyfiyyətli tamaşalar göstərmək üçün əlverişli şərait yox idi.  Ötən 4 il ərzində şəhərdə həyata keçirilən önəmli layihələrdən biri də teatrın binasının müasir üslubda təmir olunması oldu. Əsaslı təmir və yenidənqurma tədbirləri zamanı binanın bütün mühəndis-texniki qurğuları tamamilə yenidən quruldu. Binanın 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olundu. Burada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri və digər avadanlıq quraşdırıldı.
Teatrın interyerinin daha cəlbedici görünməsi üçün milli memarlıq ənənələrindən geniş istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənib. Teatrın köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərlə üzlənib.
Binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verdi.
Yenidənqurma işləri Sumqayıt Dövlət Dram Teatrının 150 nəfərlik kollektivinə işlərini günün tələbləri səviyyəsində qurmaq üçün maksimum şərait yaradır. Ümumilikdə, teatrın binasının əsaslı təmiri və yenidən qurulması Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını təcəssüm etdirir. Bu layihənin icrası son dövrdə Sumqayıtda gedən sürətli sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı, şəhərin ümumi görünüşünə də əlavə çalarlar qatır.
BAYRAQ MUZEYİ YARADILDI
Bayraq Muzeyinin inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.
Bayraq Muzeyi Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir. Muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buradakı eksponatlarla tanış olmalarına imkan yaradır.
Qeyd edək ki, bu cür muzeylərin yaradılması gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması, onların Vətənə, dövlətə məhəbbət ruhunda yetişməsi və bir şəxsiyyət kimi formalaşması məsələsində mühüm rol oynayır.
ŞƏHƏRDƏ “LİFT DƏRDİ”NƏ SON QOYULDU
Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarının sakinlərini ən çox narahat edən problemlərdən biri də liftlərin yenilənməsi ilə bağlı idi. Sovet dövründən yenilənməyən liftlər əhalini haqlı narazılığına, narahatlığına səbəb olurdu. Ölkə rəhbərliyinin bu sahəyə olan diqqəti sayəsində qısa müddət ərzində şəhərin lift təsərrüfatı yeniləndi.
Lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 400-ə yaxın lift yenisi ilə əvəz olundu.
“Ağıllı şəhər” (Smart City) vizyonun doğru addımlar
Azərbaycanda ilk dəfə bu xidmətə Sumqayıtda başlanıldı – Sumqayıt daha bir ilkə imza atdı
Son illər ərzində Prezident İlham Əliyevin Sumqayıta və sumqayıtlılara göstərdiyi diqqət və qayğısı, eləcə də ayırdığı vəsaitlər sayəsində şəhərdə istismarı başa çatmış liftlər yeni elektron tipli liftlərlə əvəz olundu. Şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərinin fonunda sakinlərə göstərilən lift xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinə ehtiyac duyulurdu. Qafqaz regionunda ilk dəfə olaraq istismarda olan liftlərin istismar işlərinin mərkəzləşdirilmiş dispetçer xidməti (MDX) vasitəsi ilə idarə edilməsi işlərinə onlayn rejimdə start verildi.
Bu sistem sadəcə liftlə bağlı problemləri müəyyənləşdirmir, həm də bu problemlərin səbəbini müəyyənləşdirir, onların təhlilini aparır və həlli yollarını göstərir. Sözügedən sistem vətəndaşlara daha keyfiyyətli xidmət göstərməyə, onların təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə əsas verir.
Sözsüz ki, bu bir başlanğıcır. Sumqayıt şəhərində gələcəkdə digər sahələrdə də “Ağıllı şəhər” layihələrinə qoşulacaq. Hələ ki, gələcəyin qaçılmaz çağrışlarına məhz insanların gündəlik istifadə etdiyi liftlərdən başlanılıb. Digər sahələrdə də bu ayihələr uğurla icra olunacaq.
“SULU ZİRZƏMİ” PROBLEMİNƏ SON QOYULDU

İnsanları narahat edən əsas məsələlərdən biri də yaşayış binalarının zirzəmisindəki mövcud vəziyyət idi. Şəhərin mənzil fonduna daxil olan yüksək mərtəbəli yaşayış binalarının əksəriyyətinin zirzəmisi su ilə dolu idi. Bu isə bir çox fəsadlarla nəticələnir, şəhər sakinlərinin haqlı narahatlığına səbəb olurdu. Ötən dövr ərzində mərhələli şəkildə həllini tapan əsas problemlərdən biri də məhz ”Sulu zirzəmi” probleminə son qoyulması oldu.
“AĞCAQANADSIZ ŞƏHƏR” LAYİHƏSİNƏ BAŞLANILDI

Elə problemlər var ki, bəlkə də insanlar üçün sadə, o qədər də böyük görünməyə bilər. Lakin bu kiçik problem əslində bir çox böyük problemlərlə üz-üzə qoyur insanları. Ağcaqanadlar kimi. Zirzəmilərin baxımsız vəziyyətdə olması, müəyyən münbit şəraitlərin mövcudluğu şəhərdə ağcaqanad problemini kütləviləşdirmişdi. Xüsusilə havanın temperaturu yüksəldikcə ziyanverici həşəratların və gəmiricilərin sürətlə çoxalması baş verir. Bu çoxalmaya xüsusilə çoxmənzilli binaların zirzəmilərində, parklarda, həmçinin iaşə obyektlərində rast gəlinir. Bu isə şəhər sakinlərinin rahatsızlığına, natəmizliyə, eyni zamanda bir sıra xəstəliklərin yaranması səbəb olurdu. Hətta bəzi mikrorayonlarda bu problemin mövcudluğu əmlak bazarına da təsirsiz ötüşməmişdi. Sözsüz ki, müasirləşməyi, yeniləşməyi qarşıya hədəf qoyulmuş bir şəhər üçün bu halın mövcudluğu yol verilməz idi. Sumqayıt şəhərində bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya və deratizasiya işlərinə başlanıldı. Bu işlər hazırda da mütəmadi olaraq davam etdirilir.
5 İLDƏ MİNDƏN ÇOX BİNANIN DAM ÖRTÜYÜ VURULDU
Ötən dövr ərzində Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində şəhərdə həllini tapan əsas sosial problemlərdən biri də dam örtüklərinin vurulması və yenilənməsi ilə bağlı oldu. 4 il ərzində şəhərin mənzil fonduna aid olan 900 çoxmənzilli yaşayış binasının dam örtüyü vuruldu. Bu istiqamətdə işlər hazırda da davam etdirilir.
Beləliklə, şəhər sakinlərinin mütləq əksəriyyətini bir başa narahat edən daha bir əsas problem öz həlini tapmış oldu.
YAŞAYIŞ BİNALARI YENİ VƏ MÜASİR GÖRKƏM ALDI
Sumqayıt şəhərində başlanılan kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil etdi. Yaşayış binalarının fasadının əsaslı təmiri, şəhərlə yaxışıd olanbinaların müasir qaydada üzlənməsi işlərinə başlanıldı. Təmir olunan binaların memarlıq görünüşü saxlanıldı, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yeniləndi. Təqdirəlayiq haldır ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, dizayn və naxışlarına toxunulmadı.
SUMQAYITIN ƏN AĞRILI PROBLEMİNİN HƏLLİ İSTİQAMƏTİNDƏ MÜHÜM ADDIM
Sumqayıt şəhərinin əsas problemlərindən biri nəhayət ki, həll olundu. Söhbət “Acı dərə” kanalından gedir. Bu kanal şəhər üçün çox böyük təhlükə mənbəyi idi. Ötən dövr ərzində həllinə başlanılan əsas məsələlərdən biri də məhz  “Acı dərə” kanalının boruya salınması oldu.
Layihə əsasında hazırda “Acı dərə “kanalı qapalı sistemə salınır.
Uzunlugu 29 kilometr olan kanal Ceyranbatan qəsəbəsindən başlamaqla “Yaşıldərə” massivi Saray qəsəbəsinin bir hissəsindən və Sumqayıt şəhərinin bir necə mikrarayon və məhəllələrindən keçir. Yeni layihəyə əsasən “Acı dərə” kanalının şəhərin içərisindən keçən hissəsini ləğv edildi və qapalı sistemə salındı.
Qeyd edək ki, “Acı dərə” kanalına yeraltı və kanalizasiya suyu axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü. Bu ətraf mühitin məhv olması ilə yanaşı orada yaşayan 30 mindən çox insanın həyatı üçün təhlükə yaradırdı. Yağış yağdıqda isə vəziyyət daha acınacaqlı hal alır, kanalın çirkab suyu, həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olmaqla, əlavə çətinliklər yaradırdı.
Dövlət vəsati hesabına görülən işlər başa çatdıqdan sonra 30 minə yaxın sakinin yaşadığı ərazidə kanalizisiya sistemi yaradılacaq. Bu da mövcud problemin birdəfəlik həlli deməkdir.
SUMQAYIT YAŞIL ŞƏHƏRƏ ÇEVRİLDİ
Prezident İlham Əliyev Sumqayıtın ekoloji vəziyyətini hər zaman diqqət mərkəzində saxlayıb.Son illərdə də şəhərdə ekoloji vəziyyətin yaxşılaşdırılması ölkə rəhbərliyinin diqqətindən yayınmayıb.Şəhər ictimaiyyəti ilə görüş zamanı bu məsələyə də diqqət çəkən Prezident İlham Əliyev bildirmişdi: “Əsas məsələ ondan ibarətdir ki, ekoloji məsələlərə çox böyük diqqət göstərilir. Sumqayıt sovet vaxtında həmişə ekoloji problemlərlə dolu bir şəhər kimi təqdim edilirdi və xarici mətbuatda da ekoloji cəhətdən çətin şəhərlərin sırasına həmişə Sumqayıtı da salırdılar. Müəyyən həqiqət var idi. Siz sumqayıtlılar bunu yaxşı bilirsiniz. Amma bu gün Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biridir. Bu gün bulvarda, şəhərdə gəzərkən həm gözəlliyi görürsən, həm də görürsən ki, hava da çox təmizdir. Yəni, Sumqayıtın havası kurort havasına yaxınlaşır”.
Son illərdə şəhərdə nəinki ağacların kəsilməsinə rast gəlinir, əksinə yüz minlərlə ağaclarəklib, geniş yaşıllıq zolaqları salınıb.
ŞƏHƏR ƏRAZİSİNDƏN 4-CÜ ÇIXIŞ YOLUN IŞLƏK VƏZİYYƏTİ TƏMIN OLUNDU
Sumqayıtda metallurq Yəhya Məmmədov küçəsi şəhərin alternativ yolu və sənaye girişi kimi tanınır. Yolun hədsiz bərbad halda olması, yük maşınlarının yaratdığı fəsadlar, səliqəsizlik, natəmizlik, üstəlik işıqlandırılmaması daim buradan hərəkət edənlərin haqlı narazılığına səbəb olurdu.
Qısa müddət ərzində Yəhya Məmmədov küçəsi tam yenidən quruldu. Uzunluğu 3,5 kilometr olan 4 zolaqlı küçə artıq istifadəyə verilib.
Y.Məmmədov küçəsi yenicə təmir olunan 6 kilometrlik “Kimyaçılar” küçəsinə birləşərək Bakı-Quba avtomagistralına çıxır. Bununla da, şəhər ərazisindən 4-cü çıxış yolun işlək vəziyyəti təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, insanların təhlükəsiz hərəkəti üçün piyada zolaqları salınıb.
BİNALARIN GİRİŞLƏRİNİN DƏ TƏMİRİNƏ BAŞLANILDI
Digər sahələrdə olduğu kimi kimi, şəhər təsərrüfatının da günün tələblərinə uyğun səviyyədə inkişafı istiqamətində mühüm işlər görüldü. Dövlətin qayğısı, şəhər rəhbərliyinin təşkilatçılığı və qətiyyəti sayəsində abadlıq-quruculuq, yaşıllaşdırma, sanitar təmizlik və yenidənqurma işləri böyük əzmkarlıqla həyata keçirilir. Çoxmənzilli yaşayış binalarında damörtüyünün vurulması, liftlərin yenilənməsi, zirzəmilərin təmizlənməsi ilə yanaşı, binaların girişlərində təmir işlərinə başlanıldı.
Girişlərdə pilləkən qəfəslərin təmirinə, pəncərələrin şüşələnməsinə, girişlərə dəmir qapıların qoyulmasına başlanıldı. Şəhər rəhbərinin bu təşəbbüsü hazırda uğurla həyata keçirilir, mərhələli şəkildə bu işlər davam etdirilir.
MÖHTƏŞƏM MUĞAM MƏRKƏZİ

Bir neçə ay öncə Sumqayıtda dənizkənarı bulvar ərazisində Muğam Mərkəzinin tikintisinə başlanıldı. Artıq mərkəzdə işlər yekunlaşmaq üzrədir.
Muğam Mərkəzinin binası iki mərtəbədən ibarət olacaq. 400 nəfərlik zal və amfiteatrdan ibarət olacaq konsert salonunda müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri keçirmək üçün hərtərəfli şərait yaradılacaq.
Binada səsyazma studiyası, qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar da olacaq. Muğamın sirlərinə yiyələnmək məqsədilə 14 dərs otağı fəaliyyət göstərəcək.
Muğam Mərkəzinin şəhərin 70 illik yubileyi ərəfəsində istifadəyə veriləcəyi planlaşdırılır.
NƏHAYƏT, SUMQAYITIN ÖZ KINOTEATRI OLDU
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gənclərlə görüş zamanı Sumqayıt şəhərində müasir kinoteatrın olmasının vacibliyini vurğulamışdı. Qısa müddət ərzində şəhərdə müasir tələblərə cavab verən kinoteatrın istifadəyə verilməsi zəruriliyi vurğulanmışdı.
Bir zamanlar yüzlərlə tamaşaçının gəldiyi kinoteatr müasir tələblərə cavab vermirdi. 1960-cı illərdə inşa olunan “Nizami” kinoteatrının binasında heç bir təmir işləri aparılmamışdı.
Artıq Nizami” kinoteatrının köhnə binası sökülərək yerində müasir tələblərə cavab verən kinoteatr tikilir. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr ilin sonuna kinosevərlərin ixtiyarına veriləcək.
Qeyd edək ki, 6 iyul 2016-cı il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Nəriman Nərimanov küçəsində yerləşən Nizami kinoteatrındakı vəziyyətlə tanış olarkən narahatlığını ifadə etmiş və “Sumqayıt şəhərində müasir texnologiyalara uyğun, ən yeni proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunan, tamaşaçıların zövqünü oxşayan kinoteatrın olmasının vacibliyini” vurğulamışdı.
TƏHSİL MÜƏSSİSƏLƏRİ DİQQƏT MƏRKƏZİNDƏ OLDU
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsildə tədrisin, təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması məsələsini daim diqqətdə saxlayır.   Sumqayıtdakı məktəblərin dam örtüklərinin yenilənməsi, istilik sistemlərinin müasir tələblər səviyyəsində qurulması təmin edilib. Maddi-texniki problemlərin qəti həlli ilə bağlı konkret addımlar atılıb. Təmirə ehtiyacı olan məktəblərdə gərəkli abadlıq işləri aparılıb.
Məhz şəhər rəhbərinin tövsiyyələrinə uyğun olaraq təhsil müəssisələrində dərs ilinin əvvəlindən reydlər təşkil edilib, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib. Bunların nəticəsidir ki, Sumqayıt məktəbliləri respublika və beynəlxalq səviyyədə keçirilən fənn olimpiadalarında, eləcə də aliməktəblərə keçirilən qəbul imtahanlarında həmişə fərqlənib, yüksək nailiyyətlər əldə ediblər.
Aparılan statistik təhlillər son bir neçə ildə Sumqayıt təhsilinin bütün göstəricilər üzrə dinamik artım tempi nümayiş etdiridiyini, davamlı inkişafa nail olunduğunu deməyə əsas verir.
Sumqayıt şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri bu il ali məktəblərə qəbul imtahanlarında bu il də yüksək nəticə göstəriblər.
3 məktəbin bütün şagirdləri ali məktəblərə qəbul olub. Sumqayıt şəhər Texniki və Təbiət Elmlər Liseyi, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın və “İstedad” liseyinin bütün məzunları tələbə adını qazanıb. 5 təhsil müəssisəsi isə qəbul imtahanlarının birinci mərhələsində 90 faizdən çox nəticə göstərib.
Statistik məlumatların təhlili göstərir ki, bu il Qəbul imtahanlarında iştirak edən 10 abituriyentdən 8-i tələbə adını qazanıb.
MƏKTƏB TİKİNTİSINƏ BAŞLANILDI
Şəhərin “İnşaatçılar” qəsəbəsində 1958-ci ildən fəaliyyət göstərən 324 yerlik 9 nömrəli tam orta məktəbin binası uzun müddətdir qəzalı vəziyyətdə idi. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən yeni bina inşa olunur. Hazırda tikinti işləri yüksək sürətlə davam edir.
Dörd korpusdan ibarət yeni məktəb binasında 69 sinif otağı olacaq və burda  1176 şagird təhsil ala biləcək. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, qapalı idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
 UŞAQLARIN SAĞLAM VƏ İNTELLEKTUAL İNKIŞAFINA DİQQƏT ARTIRILDI
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər rəhbəri kimi işə başlayarkən ilk diqqət yetirdiyi, tapşırıqlar verdiyi sahələrdən biri də şəhərdə fəaliyyət göstərən uşaq bağçaları ilə bağlı oldu.
Ötən 4 il ərzində şəhər rəhbərliyinin diqqət və qayğısı ilə məktəbəqədər təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli iş görüldü, avadanlıq və inventarlarla təchizat yaxşılaşdırıldı, istilik sistemi tam bərpa olundu, bütün uşaq bağçaları isti su ilə təchiz edildi, sanitar texniki, sanitar gigiyenik normalara əməl olunması üçün lazımi şərait yaradıldı, ərzaq təminatı ciddi nəzarətdə götürüldü. Şəhər rəhbərliyinin uşaqlara olan diqqət və qayğısı nəticəsində qısa müddət ərzində, bir neçə ayda 56 uşaq bağçasından 48-nin dam örtüyü əsaslı təmir olundu və istilik sistemləri quraşdırıldı.
TİBBİ XİDMƏTİN KEYFİYYƏTİ YAXŞILAŞDIRILDI
Sumqayıt şəhərində son illərdə digər sahələrdə olduğu kimi əhalinin sağlamlığına da xüsusi diqqət yetirildi. Müasir tələblərə cavab verən səhiyyə infrastrukturu yaradılmasına başlanıldı. Son 4 ildə şəhərdə fəaliyyət göstərən səhiyyə ocaqlarının əksəriyyəti təmir olundu, tibb müəssisələri müasir avadanlıqlarla təchiz olundu.
1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olundu, 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb. 1,2 nömrəli doğum evlərinin reanimasion şöbələri müasir tibbi avadanlıqlarla təchiz olundu.
YENİ XƏSTƏXANANIN TİKİNTİSİNƏ BAŞLANILDI
2 saylı Sumqayıt şəhər xəstəxanası uzun müddət istismar olunması nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək gücündə deyildi. Xəstəxananın yararsız vəziyyətdə olması bu tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzaladı.Hazırda xəstəxanada söküntü işləri aparılır. Qısa müddətərzində bu xəstəxananıntikilərək şəhər sakinlərinin istifadəsinə verilməsi planlaşdırılır.
MƏSCİDLƏR TƏMİR OLUNDU
Sumqayıt şəhərində milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində də mühüm işlər görüldü. Sumqayıtda və ətraf qəsəbələrdə mövcud məscidlərdə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradıldı. Məscidlərdə təmir işləri aparıldı. Yüksək keyfiyyətlə aparılan təmir işləri sayəsində Coratın ən qədim dini ibadədgahlarından biri olan “Cümə” məscidi yenidən öz qapılarını sakinlərin üzünə açdı. Məsciddə dini ayinlərin icra olunması, insanların rahat ibadət etmələri üçün hər cür şərait yaradılıb. Burada eyni anda 500 müsəlman ibadət edə bilər. Əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə dini mərasimlərin keçirilməsi üçün bütün tələblər nəzərə alınıb. Burada kişi və qadınlar üçün ayrıca dəstənamazxanalar yaradılıb. Məsciddə müasir işıqlandırma, kamera, isitmə və soyutma sistemləri, monitorlar quraqşdırılıb.
ŞƏHƏRDƏ TURİZM İNFRASTRUKTURUNUN ƏSASI QOYULDU

Prezident İlham Əliyev 27 sentyabr 2016-cı il tarixdə şəhər ictimaiyyəti ilə görüşü zamanı Sumqayıtın inkişafı ilə bağlı müəyyən hədəflərini açıqladı. Ölkə rəhbəri vurğuladı ki, Sumqayıtın gələcək inkişafında turizm sektoru da öz rolunu oynayacaq: “Bunu bir neçə il bundan əvvəl təsəvvür etmək çətin idi ki, biz Sumqayıtı, eyni zamanda, turizm mərkəzi kimi görmək istəyirik. Bu gün bu, reallıqdır – gözəl sahil zonası, plyaj, təmiz hava, parklar, ictimai zonalar, istirahət zonaları. İndi Sumqayıt parklar şəhəridir. Mənə bu gün məlumat verildi ki, yeni inşaat layihələri icra ediləcək, bulvara yaxın yerdə yeni yaşayış binaları, otellər tikiləcək. Ona görə, Sumqayıt gələcəkdə Azərbaycanın turizm zonası kimi də özünü göstərməlidir”.
Bu istiqamətdə ötən 4 ilərzində mühüm işlər həyata keçirilib. Şəhərin inkişafı, otellərin istifadəyə verilməsi, dənizkənarı bulvarın yaradılması və.s Sumqayıtın gələcəkdə turizm mərkəzi kimi çıxış etməsi üçün ilkin addımlardandır. Hazırda bu istiqamətdə də işlər davam etdirilir.
ƏHALİNİN MƏŞĞULLUĞU ƏSAS HƏDƏFLƏRDƏN OLDU
Bu illər ərzində əhalinin məşğulluğunun təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirildi. Yeni iş yerlərinin yaradılması üçün mühüm layihələr gerçəkləşdirildi. Özəl sektorun inkişafı yeni iş yerlərinin yaranmasına, əhalinin məşğulluğunun təmin olunmasına təkan vermiş oldu. Ötən 4 ilərzində təxminən 25 mindən  çox yeni iş yerləri yaradıldı.
 ÖZƏL SEKTOR İNKİŞAF EDİR
Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərinin sosial iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilib. Qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan sənayenin inkişafı, bu sahədə yeni istiqamətlərin müəyyənləşdirilməsi şübhəsiz ki, iqtisadiyyatın inkişafına mühüm töhfələr verir. Yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, özəl sektorun inkişafı ilk növbədə yeni iş yerlərinin açılmasına,  əhalinin məşğulluğunun artırılmasına səbəb olur. Özəl sektor üçün yaradılmış şərait nəticəsində ötən 4 il ərzində Sumqayıt şəhərində 2 mindən çox orta və iri sahibkarlıq subyekti yaradılıb.
SUMQAYIT DÜNYA ÖLKƏLƏRİNİN DİQQƏT MƏRKƏZINDƏ OLDU
Sumqayıt istər sənaye şəhəri kimi, istərsə dədigər sahələrdə əldə etdiyi uğurlara görə dünya ölkələrinin diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat nazirlikləri və Prezident Administrasiyası ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinə səfərini təşkil edib.
Sumqayıt şəhərinin inkişafı ilə yaxından tanış olmaq məqsədilə təşkil olunmuş bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 60-dan çox nümayəndəsi iştirak edib.
Ötən 4 il ərzində 10-larla xarici ölkənin diplomatı şəhərimizə səfər edib, qarşılıqlı əlaqələr qurulub. Sumqayıta gələn qonaqların və keçirilən tədbirlərin miqyasının genişlənməsi şəhərin bir daha dinamik inkişafından xəbər verir. Şəhərə yerli və xarici iş adamlarının marağı artıb, hətta səfirlik vasitəsi ilə xarici ölkələrin bir çox şəhərləri Sumqayıt ilə hərtərəfli əməkdaşlıq əlaqələri yaratmaq niyyətində olduqlarını bildirmişlər. Beynəlxalq səviyyəli, nüfuzlu təşkilatların nümayən­dələri, böyük dövlətlərinin səfirlərinin Sumqayıta səfərləri olmuşdur. Son vaxtlar şəhərimizdə respublika və beynəlxalq səviyyəli tədbirlər, bir çox xarici iş adamları ilə görüşlər keçirilib. Sumqayıtda səfərdə olan mötəbər qonaqların, dövlət rəsmilərinin, iş adamlarının fikir və rəyləri şəhərimizin respublika miqyasında öz xüsusi yeri olduğunu bir daha təsdiqləyir.
  1. ŞƏHƏR QURUCULARI DİQQƏT MƏRKƏZİNDƏ
70 yaşlı şəhərin qurulmasında əməyi olan hər kəs hörmət və ehtiramla yad edilir. Şəhərin qurulmasında əməyi olan şəxslərin xatirəsi əbədiləşdirilir, yaşadıqları binalara xatirə lövhələri vurulur, adlarına küçələr verilir.
KOMMUNAL XİDMƏTLƏR SEKTORUNDA KEYFİYYƏT ARTIRILDI
Əhalisinin sayına və sənaye potensialına görə respublika həyatında mühüm  rolu olan Sumqayıt şəhərində elektrik təchizatının yaxşılaşdırılması, şəhər əhalisinin təbii qazla fasiləsiz təmin edilməsi və su  təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks işlər həyata keçirildi.
SUMQAYIT PARKLAR ŞƏHƏRİNƏ ÇEVRİLDİ
Sumqayıt şəhərində mövcud bütün parklar əsaslı təmir olundu. İnsanların rahat istirahəti üçün şərait daha da yaxşılaşdırıldı. Prezidenti İlham Əliyev Sumqayıta səfəri çərçivəsində şəhərin Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu.
Əlbəttə ki, bu sahədə görülən işlər sakinlərin rahatlığı, asudə vaxtlarının daha da səmərəli təşkili məqsədi daşımaqla yanaşı, müasirləşən Sumqayıtın gözəlliyinə əlavə çalarlar qatır. Yeni parkların, istirahət məkanlarının və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması Sumqayıtın daha da gözəlləşməsi işinin davamlı xarakter almasından və ümumilikdə şəhərin sosial-iqtisadi inkişafından xəbər verir.
Sumqayıt müasir sənaye mərkəzinə çevrildi

İqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində son illər Sumqayıt şəhərində yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac potensialı yüksəlib.
Əminliklə deyə bilərik ki, bu gün Sumqayıt nəinki Azərbaycanın, bütün Qafqazın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiya əsasında yenidən qurulub. Konkret ifadə etsək, artıq Sumqayıtda onlarla sənayeyönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, bu müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir.
Sumqayıtın tarixi ənənələr əsasında inkişaf edərək nəinki Azərbaycanın və Cənubi Qafqazın, ümumən Avropanın iri sənaye mərkəzlərindən birinə çevrilməsi, Bakı şəhəri ilə tam rəqabət aparmaq imkanına malik olması Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir.
Cənab Prezidentin iştirakı ilə bu il yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkında “SOCAR karbamid” zavodunun, fevralın 18-də isə “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışı oldu. Bu zavodların fəaliyyətə başlaması Sumqayıtın sənaye şəhəri kimi şöhrətini artırmaqla bərabər respublikada gedən inkişaf proseslərinə layiqli töhfələr verəcəkdir.
 SUMQAYIT TƏMIZ ŞƏHƏR OLDU
Ötən dövr ərzində şəhərin sanitar vəziyyətinin normal saxlanılması, məişət tullantılarının idarə olunması, gündəlik nəzarətdə saxlanılan əsas məsələlərdən birinə çevrildi. Şəhər rəhbərliyinin ciddi tələbkarlığı sayəsində məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi sahəsində mütəmadi tədbirlər keçirildi və xeyli işlər görüldü.
ŞƏHƏR BÖYÜK MƏDƏNİ MƏRKƏZƏ ÇEVRİLİR
Ötən 4 il ərzində yeni mədəniyyət mərkəzlərinin istifadəyə verilməsi ilə yanaşı, mövcud müəssisələrinin əsaslı və cari təmiri, maddi-texniki baza­sının möhkəmləndirilməsi, mədəni-kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılması diqqət mərkəzində oldu.
Şəhərin istiliklə təminatına başlanıldı
Nəhayət ki, əhalinin istiliklə normal təmin olunması üçün istilik sistemlərinin əsaslı təmiri və bərpası istiqamətində işlərə başlanıldı. 18-ci mikrorayonda 24 yaşayış binasında 1110 mənzili istiliklə təmin edən yeni qazanxana istifadəyə verildi, 12-ci mikrorayonda isə yeni qazanxananın tikintisinə başlanıldı. Hazırda 23 qazanxana vasitəsi ilə 239 yaşayış binası, 30 orta məktəb, 2 uşaq bağçası, 17 səhiyyə obyekti və 21 digər obyektlər istiliklə təmin olunur.
Sakinlərə ünsiyyətə üstünlük verildi
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ilk gündən şəhər sakinləri ünsiyyətə açıq oldu, mütəmadi olaraq şəhər sakinləri ilə görüşlər keçirildi. Vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşıldı.
Sumqayıtın `Yaşıl bina`sı bərpa olunur
Bu hadisə bəlkə də sumqayıtlı olmayanlar üçün adi görünə bilər. Ancaq Sumqayıtı sevənlər üçün şəhərin simvolları doğmadır, əzizdir. Çünki, bu simvollarla onları bağlayan bir çox xatirələr var… Sumqayıtın yaxın keçmişdə simvollarından sayılan şəhər icra hakimiyyətinin binasının yaşıl örtüyü yenidən bərpa olunacaq.
Qeyd edək ki, binanın yaşıl örtüyü 9 il öncə ləğv edilmişdi. Həmin vaxt bu hadisə ictimaiyyət arasında, xüsusilə də mətbuat və sosial şəbəkələrdə geniş müzakirə və qınaq obyektinə çevrilmişdi.

Tarix: 20-06-2021, 10:30 Oxunub: 130


Bölməyə aid digər xəbərlər
21-04-2021, 09:00 MARAQLIDI
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80