09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Sumqayıt polisinin yeni rəisini yaxından tanıyaq...

Sumqayıt polisinin yeni rəisini yaxından tanıyaq...

Çoxları elə düşünürdü ki, orta məktəbi qızıl medalla bitirən Fəqan yəqin ki, atasının yolunu davam etdirəcək. Axı geologiya-minerologiya elmləri doktoru, professor Cəbrayıl Azadəliyev öz sahəsinin görkəmli mütəxəssislərindən biri kimi tanınır. Fəqanın da əslində marağı bu sahəyə idi. Tətildə Qafan rayonunun Mahmudlu kəndinə gedər, qayıdanda çoxlu mineral və süxur gətirərdi ki, bunların adlarını, "xarakteristikasını" öyrənsin. Ancaq Fəqan sonda başqa yol seçdi...

Öyrənmək, səbəbi bilmək, araşdırmaq Fəqanın genində var idi və tələbə olduğu müddətdə onu daha çox mürəkkəb cinayət işləri maraqlandırırdı. Universiteti bitirdikdən sonra prokurorluqda işləmək- müstəntiq olmaq istəyirdi. Ancaq sonralar işin mahiyyəti ilə tanış olandan sonra gördü ki, ilk işi polisdə əməliyyatçılar aparır...

Yüz şərin, pisliyin içində bir yaxşı varsa, dünya elə o bir yaxşıya görə mənalıdır və yaşamağa dəyər. Fəqan Azadəliyev bu bölgüdə ikinciyə aid olan insanlardandır. Fəqan Azadəliyevlə tanış olanda onun 34 yaşı var idi. Yardımlı rayon Polis şöbəsinə rəhbərlik edirdi. Hər dəfə rayona yolum düşəndə onunla görüşüb, saatlarla həmsöhbət olurduq. Bu gənc zabitin mənəvi dünyasının zənginliyinə heyran qalırdım. Aramızda səmimi salam-əleyk yaranmışdı. Mehriban, iti zəkalı, mədəni, geniş təfəkkürlü adamdır. Etik qaydalara yüksək səviyyədə əməl edir. Lovğalanmaq, özündənrazılıq ondan çox uzaqdır.

Etiraf edək ki, gənc yaşlarından vəzifə yüksəlişi müqabilində mənəvi keyfiyyətləri saxlamaq hər kəsə nəsib olmur və mən bunu Fəqan Azadəliyevin xarakteri ilə yanaşı, həm də yüksək ailə tərbiyəsi ilə bağlayıram...

Fəqan Azadəliyev deyirdi ki, atam mənə birbaşa heç nə deməyib: nəyi etmək olar, nəyi olmaz. Mən sadəcə atamın hərəkətlərinə baxıb nəticə çıxarmışam. Doğru deyirlər ki, ən gözəl tərbiyə şəxsi nümunədir...

İnsan son dərəcə mürəkkəb, ziddiyyətli varlıqdır və onun dünyagörüşü, zövqü, maraq dünyası da önəmlidir. Bu mürəkkəb varlığın dünyagörüşü, zövqünün formalaşmasına ən müxtəlif amillər təsir edir. İnsanın mənəvi dünyası necədir, nə oxuyur, nələr haqqında düşünür? -bu sualların cavabı insanın xarakteri haqqında müəyyən təsəvvür yaradır. Şübhəsiz ki, insanın dünyagörüşünə təsir edən amillərdən biri də incəsənətdir, xüsusən ədəbiyyatdir. Orta və ali məktəbdə elmi-kütləvi ədəbiyyatı daha çox oxuduğunu deyən Fəqan Azadəliyevin ümumən Azərbaycan, keçmiş sovet kinosu, ayrı-ayrı filmlər haqqındakı fikirləri məni yaxşı mənada təəccübləndirirdi, həm də sevindirirdi… Hər dəfə müxtəlif peşə sahibləri ilə söhbət edərkən ilk növbədə onların dünyagörüşü, hadisələrə münasibətləri, bədii zövqləri məimçün çox əhəmiyyət kəsb edir və nisbilik nəzəriyyəsinin banisi A.Eynşteyn deyirdi: "Dostoyevski mənə hər bir mütəfəkkirdən, hətta Qaussdan da çox şey verir”...

SSRİ dövründə Azərbaycanda əsas mıraciət forması "yoldaş” və "müəllim” idi. "Yoldaş” artıq arxaizmə çevrilməkdədir: onu ancaq yaşlı nəsil işlədir. İndi başqa müraciət formaları işlənir: cənab, bəy… "Müəllim” müraciət forması isə dəyişməz olaraq qalır. Məncə, bunun bir neçə səbəbi var. Birincisi, müəllim deyəndə yüksək savadı, zəngin mənəvi aləmi, dinləmək mədəniyyəti olan obyektiv, qərəzsiz insan nəzərdə tutulur. Elə insanlar ki, onlar həmişə bizim üçün örnək olub. İkincisi, hər kəsin heç vaxt yadından çıxmayan ilk müəllimi- ona yazmağı və oxumağı öyrədən insan olub. Sonralar bu ilk müəllimə sevimli orta və ali məktəb müəllimləri də əlavə olunur. Ancaq bu ümumi cəhətlərlə yanaşı Fəqan Azadəliyevlə bağlı bir xüsusi məqam da var: onun valideynləri də müəllimdir...

Hər bir adamın ana dilini bilmək və ana dilində danışmaq həm mənəvi, həm də vətəndaşlıq borcudur. SSRİ mövcud olan vaxt rus dili ünsiyyət vsitəsi idi. Çox dil bilməyin vacibliyini və əhəmiyyətini izah etməyə ehtiyac yoxdur. Ancaq valideynlərin bir hissəsi övladlarını ona görə rus bölmələrinə qoyurdular ki, onlar rus dilini mükəmməl öyrənsin. Bu da bir dəb idi, özü də mənəviyyata çox böyük zərbə vuran dəb idi. Bəzi azərbaycanlı ailələr evdə də rusca danışırdı və məlumdur ki, belə ailələrdə böyüyən uşaqlar ana dilini bilmirdilər. Fəqan Azadəliyev həm orta məktəbdə, həm ali məktəbdə rus bölməsində oxuyub. Ancaq ailədə milli ruh hakim olduğuna görə rusca təhsil alması hiss olunmur. Bəli, vətəndaşlığın və ziyalılığın bir mühüm şərti də ana dilinə münasibətidir...

Çoxdandır ki, onunla əlaqəm kəsilib. Bir müddət ABŞ-da olduğum üçün, qyıdandan sonra haqqında ötəri məlumatım var idi. Deyirdilər ki, Lənkəran polisinə rəhbərlik edərkən ailəsi ilə birlikdə tez-tez Yardımlıya gəlir, bir vaxtlar kirayə yaşadığı evi ziyarət edir, rayonun görməli yerlərinə baş çəkirdi. Bu günlərdə eşitdim ki, Sumqayıt şəhərinə polis rəisi təyin olunub. Sumqayıt böyük şəhərdir, ölkənin hər regionundan burada insanlar məskunlaşıb. Müxtəlif mədəniyyətlərin qovuşduğu bu şəhərdə hörmət qazanmaq, yaddaşlarda yuva qurmaq çox çətindir. Amma şəxsi nümunə çox şeyi həll edir. İnanıram ki, o, ədalətli polis rəisi kimi sumqayıtlıların sevimlisinə çevriləcək. Bu yolda tezliklə 43 yaşını qeyd edəcək, istedadlı və perspektivli polis polkovnikinə- Fəqan Azadəliyevə uğurlar arzulayıram.

0

0

Tarix: 8-03-2021, 17:31 Oxunub: 97


Bölməyə aid digər xəbərlər