Bəxşeyiş İldırım oğlu Ələmşahov 1957 – ci il avqust ayının 18–də Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonun Həçəti kəndində dünyaya göz açıb. 1981–ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və təyinatla Qərbi Azərbaycana işləməyə gedib. 1988-ci ildə azərbaycanlılara qarşı erməni işğalçılarının apardığı soyqırım nəticəsində, minlərlə azərbaycanlılar kimi Bəxşeyiş müəllim də Şimali Azərbaycana pənah gətirib və ailəsi ilə Sumqayıtda məskunlaşıb. Həmin vaxtı oradan gələn insanlar öz evlərinin əşyalarını gətirdilər, amma Bəxşeyiş müəllim Qafanda yaratdığı Tarix Muzeyinin əşyalarını da özü ilə gətirdi. İndi həmin muzey Sumqayıt Tarix Muzeyində Qaçqın Muzey kimi ora gələnlərə təqdim olunur. Bəxşeyiş müəllim bir müddət Sumqayıt şəhər Nəsrəddin Tusi adına 12 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib və sonra Sumqayıt şəhər İcra İcra Hakimiyyətinə işə dəvət olunub. Artıq 15 ildən çoxdur ki, Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. O, həm də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. İxtisasca politoloqdur. Onun rəhbərlik etdiyi məktəb Sumqayıt şəhərinin ən aparıcı məktəblərindən biridir.
İnsan harada yaşamasından asılı olmayaraq öz doğulduğu yeri həyatının sonuna kimi unutmur. Hər yerdə, hər zaman öz doğma torpağının adını çəkir. O torpaqda işğalçı düşmən yaşasa da belə, oranı özünün Vətəni, yurdu sayır. Əslində Qərbi Azərbaycan torpağında bu gün ermənilər məskunlaşıblar. Amma bu torpaq dədə-babalarımızdan Azərbaycanın torpağı olub və murdar qonşularımız hansı yolla bu ərazilərə sahib çıxıb, oranı özlərinə yaşayış məskəni seçiblər. Düzdür, bu gün orada ermənilər yaşasa da, tarixən o torpaqlar bizim olub, adlarından da bəlli olduğu kimi o torpaqlarda azərbaycanlılar yaşayıb. Zəngəzur, Qafan, Göyçə və başqa rayonlar bizim torpaqlarımız olub. Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı rayon Qafan (hazırda Kapan) rayonu sayılır. Zəngəzur Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunmuşdur. Qafan rayonu Sisyan, Gorus, Meğri və Zəngilan rayonları ilə həmsərhəddir. Murdar qonşularımızın sanki dişində şirə qalmış kimi indi də Qarabağ torpaqlarımıza sahib çıxmaq istədilər. Bəlkə elə buna görə də öz murdar niyyətlərini həyata keçirərək öz ərazilərini daha da genişləndirmək istədilər.
Şükürlər olsun ki, onların bu niyyəti gözlərində qaldı.
44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlara kim gedirsə, onsuz da elə uça-uça gedir, qəlbində 44 günə düşmən işğalından azad edilmiş torpaqların sevinci, sinəsində Zəfər qazanmış ordunun vüqarı. 27 illik intizar, Qarabağa səfər edənləri yuvasına can atan qaranquş kimi özünə çəkir.
Bu dəfə isə həqiqətən Qarabağa uça-uça gedirik. Allahın gördüyü məqamdan əyan olur.
Dağılmış evlər, külü göyə sovrulmuş yurd yerləri, cəngəlliyə çevrilmiş şəhərlər, qəsəbələr, uzandıqca uzanan xarabalıqlar, hər biri yüzlərlə, minlərlə insanın nisgilindən xəbər verən ocağı sönmüş evlər, yurd-yuvalarından didərgin düşmüş, illərlə çadır şəhərciklərində, ağır şəraitdə yaşamağa məcbur qalmış, min cür məhrumiyyətlərlə üzləşmiş insan taleləri, 27 il sonra bu torpaqların, bu yurd-yuvalarının qayıtmasına şükür edirsən.
İlahi ədalətin bərpasına sevinirsən! Gözlərin yerdə bu mənzərələrin üzərindən bir ağı kimi keçib gedərkən üzünü özündən yuxarı tutub demək keçir könlündən:
“Bu dərdə 27 gün belə dözmək olmazdı, sən necə 27 il dözdün, ilahi”?!
Amma demirsən, yerə baxma, adam göydə belə küfr şeylər fikirləşməz. Nə isə…
Əslində Vətən dərdi, yurd dərdi elə böyük bir yanğı dərddir ki, ondan nə qədər yazılsa da azdır, nə qədər danışılsa da, yenə də azdır. Bəxşeyiş müəllimin isə sinəsi lap qaynar qazan kimidir, elə o yerlərdən, o torpaqlardan danışdıqca danışmaq istəyir. Zəngəzur dərdi onun ürəyində göyüm-göyüm göynəyir. Bu yerdə hardansa bu şeir parçası gəlib yadıma düşdü:
Bəli, kəndimizin ab-havasından, yetişdirdiyi ər-oğullarından, ziyalılarından danışdıqca danışmaq istəyirsən. Maraqlıdır ki, Zəngəzurdan azərbaycanlıların çıxarılmasından 30 ildən bir az artıq bir vaxt keçsə də, elə bil Zəngəzur yarası hələ də qanayır, hələ də qaysaq bağlamayıb. Mən inanıram ki, vaxt gələcək o torpaqlara Bəxşeyiş müəllimlə birgə gedəcəyik. Mən bilirəm ki, bu, Bəxşeyiş müəllimin ən böyük arzusudur.
Bəxşeyiş müəllim Sumqayıta pənah gətirdiyi gündən Sumqayıt gəncləri üçün, Sumqayıt şəhəri üçün əlindən gələni edibdir. İstər dərs dediyi məktəblərdə, istər işlədiyi Sumqayıt şəhər İcra Hakimiyyətində, istərsə də hazırda direktor olduğu 39 saylı tam orta məktəbdə. Bəxşeyiş müəllim ziyalı, vətənpərvər, vətənini canı qədər sevən bir Vətən övladıdır. 44 günlük müharibədən sonra yaşadığı sevinci dilə gətirməkdə acizəm. Bəxşeyiş müəllimlə hər söhbətimizdə deyərdi ki,
“O torpaqlara qayıtmağın yolunu gözləməkdən yoruldum”.
Mənim bu yazım əslində Bəxşeyiş müəllimin doğum günü ilə bağlı idi. Ancaq o, Vətən torpağının o qədər həsrətini çəkib ki, bu yazımda o torpaqlardan yazmasaydım, elə bilərdim ki, günah etmiş olaram. Çünki Bəxşeyiş müəllimin ürəyi Zəngəzurla döyünür, Zəngəzurla birgə vurur.
Bu yazını yazarkən öz-özümə belə bir sual verdim: Bəxşeyiş müəllim mənim üçün kimdir?
Özüm də özümə cavab verdim:
“Bəxşeyiş müəllim mənim üçün Zəngəzurdu, Qafan elidir, Qarabağdır, Şuşadır, Laçındır, bir sözlə o, mənim üçün Vətəndir, vətən torpağıdır”.
Bəxşeyiş müəllim ziyalıdır, yazardır, qələm əhlidir, torpaq adamıdır, vətən oğludur, Sumqayıtın fəxri vətəndaşıdır. Düzdür, bu ad hələ ona verilməyib, ancaq mən inanıram ki, bu ad zaman gələcək Bəxşeyiş müəllimin adının önünə yazılacaqdır. Əslində Bəxşeyiş müəllim haqqında nə qədər yazılsa, yenə də azdır. Mən isə bu balaca yazımda hörmətli ziyalımızı doğum günü münasibəti ilə təbrik etmək məqsədi güdür. Bəxşeyiş müəllimi yaxından tanıdğım üçün onu ürək dolusu ən səmimi ürək sözlərimlə təbrik etmək istəyirəm. Tək bircə kəlmə demək istəyirəm:
“Zəngəzurda, o gözəl torpaqda növbəti ad gününü keçirmək nəsibin olsun”. 100 yaşa Bəxşeyiş müəllim!
Osman Sarıvəlli demişkən:
“Hər ki 100 il yaşamasa, günah onun özündədir”.
“Mən inanıram ki, sən bu günahı yaşamayacaq, 101 il yaşayacaqsan”! Ad günün mübarək əziz dostumuz, əziz qardaşımız, əziz Bəxşeyiş müəllimimiz!
Mahir Hümbətov,
Yeniazerbaycanheyatı.com informasiya portalının rəhbəri
Diqqət!
Materiallardan istifadə edərkən sayta istinad etməyiniz xahiş olunur!
Bölməyə aid digər xəbərlər