Məktəb illəri, nə hikmətdisə nə qədər oxusan da, universitetdən universitetə getsən, akademiyadan akademiyalara getsən də ən əzizi məktəb illəridir, ən qayğısızı məktəb illəridir, ən yadda qalanı məktəb illəridir. Tələbə yoldaşlarımın bir neçəsiylə əlaqəm var, çox vaxt onlarla da danışmamaq üçün bəhanələr axtarıram. Ancaq məktəb yoldaşlarımın, sinif yoldaşlarımın səsini eşidəndə elə bilirəm dünyalar mənim olur. Hələ Sevil xanımın arada bir "zaraza" səsin gəlmir, kəliməsini eşidəndə, istər istəməz gülümsəyirəm və həmin dəqiqə də ona cavab yazıram. Məktəb yoldaşlarım, sinif yoldaşlarım mənim üçün həmişə əzizdi və əziz olaraq da qalacaqlar.
Bəli, uzun illərdən sonra sinif yoldaşlarımla bir araya gəldik. 40 ildən sonra onları görmək mənə o qədər xoş oldu ki, təsəvvür edə bilməzsiz.
Görüş zamanı artıq ana-ata, nənə-baba adını daşıyan köhnə məzunlar sevinclə bir-birinin əlini sıxır, doğmalar kimi qucaqlaşır, kövrəlirdilər. Bəzən insan, məktəb illəri haqda düşünür və xəyallara dalır. Adam heç inana bilmir ki, neçə illərdir bir yerdə dərs oxuyan və dostluq edən şagirdlər, məktəbi bitirdikdən sonra hərə bir yerə dağılışacaq. İllər onları bir-birindən ayıracaq. Bəli insan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Həyatda elə xatirələr var ki, illər keçsə də o xatirələrdən içində yaşadığımız günlər – uşaqlıq... məktəb... gənclik illəri...
Görüşün təşkilatçısı sinifimizin fəal şagirdlərindən olan Gümüş (mən ona Sevil deyirəm) Bakıya qonaq gəlmişdi. Müqəddəs Qurban Bayramı münasibəti ilə qızının evinə gəlmişdi. Elə təşkilatçılığı da bu ərəfədə elədi. Necə deyərlər bayramı bayrama qatdı. Sinif yoldaşlarımızla görüşdük, illər öz izini hər kəsin üzində əks etdirirdi. O qayğısız məktəb illərindən əsər-əlamət qalmamışdı.
1986-ci ildə 10-cu sinifi bitirənlərin bu il 40 ili tamam olur. Bu qırx ildə kimlər nənə, kimlər baba oldu. Artıq onların 17-18 yaşları yox, 57-58 yaşları var. Hərəsi bir idarədə, müəsissədə iş başında olanlar da var. Dünyasını dəyişənlər də.. Bu həyatdır belə də olur.
Sədaqət xanımın evində toplaşdıq, bu gözəl xanımın isti yuvasında qonaq olduq. Düzdü bu yığıncaqda iştirak etməyənlər də oldu, ancaq əmindim ki, onların da ürəyi burda bizim yanımızda idi.
Görüşə gələ bilməyən İradə xanım həqiqətən də çox pis olmuşdu. O telefonla öz ürək sözlərini dilə gətirərək dedi ki, kaş mən də orda olaydım. İllərlə görmədiyim sinif yoldaşlarımı görəydim, onlarla bir masa arxasında oturaydım. Heyif ki,sağlamlığım buna əl vermədi. Ancaq yaxın günlərdə yenidən bir araya gələcik və mən orda iştirak edəcəm.
İradə xanım yaxın günlərdə oğul nəvəsini görmək üçün Polşaya gedəcək. Elə indidən ona uğurlar arzulayırıq. Sevil də bu gün yola düşdü Mingəçevirə, ona da uğurlar arzulayırıq.
Bəli, dəyərli sinif yoldaşlarım, bir qısa zaman ərzində məktəb illərimizə qayıtdıq, müəllimlərimizi yad etdik, Məktəb xatirələrindən danışdıq, keçmiş günləri gözümüzdə canlandırdıq və beləcə də xatirələrin qucağında istəməsək də ayrıldıq. Sağ olun, əziz sinif yoldaşlarım, gələn görüşlərədək deyirəm.
jurnalist




Bölməyə aid digər xəbərlər
















