12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Ədalət ƏROĞLU-nun şeirləri



  Ali Baş Komandanım

Ali Baş Komandanım! Sildin, töhmət daşını.
Dəmir yumruqla əzdin, daşnakların başını!
Qürurla addımlayıb, seyr etdin dam-daşını.

Düşmən baxıb həsədlə, axıtdı göz yaşını.


DƏMİR YUMRUQ

Salam olsun Vətənə!
Xan qayıdıb kəndinə,
Xalqımın üzü güldü,
Qovuşduq Xankəndinə.
*** 
Dəmir yumruq güciylə,
Vurduq düşmən ənginə. 
Dəyişdi Azərbaycan,
Qayıtdıq ahənginə.
 
            
YAŞA, BAŞ KOMANDAN! YAŞA, İGİDLƏR!

 
Bu Vətən səninlə daim öyünür,
Sabaha ümüdlə ürək döyünür,
Parlaq qələbədən düşmən üyünür,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Qələbə şəninə ellər oynasın,
Muğanlar oynasın, Millər oynasın,
Yağsın nur yağışı, sellər oynasın,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Çox ağır illəri ötürdün, Vətən!
Mübariz igidlər yetirdin, Vətən!
Düşmənin arzusun bitirdin, Vətən!
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Bu ürək çırpınır, görün nə vaxtdır?
Şəhidlər öləmməz, ruhu sabahdır,
Sevinci bölməmək özü günahdır,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Qəlbin, gözün gülsün, Şəhid anası!
Danış, sözün gülsün, Şəhid anası!
Əl çal, üzün gülsün, Şəhid anası!
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Ölkəmə ruh verdin, aləm görünür,
Düşmənin üzündə ələm görünür, 
Düşmənin bayrağı yerdə sürünür,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Füzuli, Cəbrayıl, Şuşa, Qubadlı,
Bir tarix yazırsan Qarabağ adlı,
Ellərim sevincdən toylu, büsatlı,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

Əroğlu, ilhamın çağlayır, daşır!
Komandan önündə düşmənlər çaşır.
Müzəffər orduma zəfər yaraşır,
Yaşa, Baş Komandan! Yaşa, İgidlər!

 MAYORUM
 





































(Sumqayıtlı Şəhidimiz Kəşfiyyatçı Mayor
Kərimov Taleh Adil oğluna ithaf edirəm)

Mayor Taleh mahir idi hər işdə,
Düşməninə qəbir qazdı, Mayorum.
Qəhrəmanlıq göstərərək, döyüşdə,
Öz qanıyla tarix yazdı, Mayorum.
***
Əsir yurdum xilaskarın gözlədi,
Öndə getdi, əsgərlərin səslədi,
Ürəyində Zəfər hissin bəslədi,
Öz qanıyla tarix yazdı, Mayorum!
*** 
Kəşfiyyatda kəşf edirdi yurdları,
Hər vuruşda məhv edirdi "qurdları",
Dar günündə sirdaş bildi qurdları,
Öz qanıyla tarix yazdı, Mayorum!
***
"Vətəni qoymaram mən darda"-dedi;
"Axı, sahib mənəm, bu yurda"-dedi;
"Yaşasın millətim baharda"-dedi;
Öz qanıyla tarix yazdı, Mayorum!
***
Bayrağını qaldıraraq havaya,
Səsləyirdi Türk oğlunu, davaya,
Baxmayırdı şaxta, boran, qovğaya,
Öz qanıyla tarix yazdı, Mayorum!
***
Əroğlu söz açdı qəhrəmanından,
Taleh el yolunda keçdi canından,
Adı dastanlaşdı doğulan andan-
Öz qanıyla tarix yazdı, Mayorum!

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN! RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN.

  
 QAZİLƏRİMİZƏ

Xalqımızın başın uca etdilər,
Qaziləri incitməyin, amandır.
Vətənimin dirəyidir Qazilər! 
Unutmayaq, zaman həmin zamandır.
*** 
Bir əmirlə "Dəmir Yumruq" oldular,
Daşnakları “alaq kimi” yoldular.
Nərə çəkib, yurdlarıma doldular,
Unutmayaq, zaman həmin zamandır.
***
Ölümündən keçəcəyin bildilər,
Zəfər çalıb, bizi sevindirdilər,
Alnımızdan o ləkəni sildilər,
Unutmayaq, zaman həmin zamandır.
*** 
Vətənini Ana bilib, seçdilər, 
Bayrağa sarılb and da içdilər,
Məharətlə döyüşlərdən keçdilər,
Unutmayaq, zaman həmin zamandır.
*** 
Əroğluyam, ədalətim var mənim,
Dövlətimə sədaqətim var mənim,
Qazilərə məhəbbətim var mənim,
Unutmayaq, zaman həmin zamandır.
 
       Ş U Ş A

Sabahların Xeyir, Şuşam-ürəyim!
İki Türk bayrağım dayanıb qoşa.
Artıq azad oldun, buydu diləyim,
El-oba şəninə, mahnılar qoşa.
*** 
Qələbə sevincin bölüşəm gərək,
Ulu yurdum ilə görüşəm gərək,
Sarılıb boynuna, öpüşəm gərək,
El-oba şəninə, mahnılar qoşa.
*** 
Əsməsin Üstündən heç zaman külək,
Düşmən acısını biryolluq silək.
Vətən torpağının qədrini bilək,
El-oba şəninə, mahnılar qoşa.
*** 
Şuşa bayatımdır, Şuşa muğamım,
Bir daha yüksəldi, enməz Bayrağım,
Düşmənin kəsmişik yurddan ayağın,
El-oba şəninə, mahnılar qoşa.
*** 
Cıdır düzü, İsa bulağındayam,
Vaqiflə görüşmək arzusundayam,
Natəvan anamdan mən də bir payam,
El-oba şəninə, mahnılar qoşa.
*** 
Arzular sinəmdə bir meydan oldu,
İki doğma qardaş bütöv can oldu,
Türanım yolumda açan dan oldu,
El-oba şəninə, mahnılar qoşa.
*** 
Sən ey millətimin başının tacı,
İllərdir çəkirəm çox möhnət, acı,
Yalnız sənsən, dərdlərimin əlacı,
El-oba şəninə, mahnılar qoşa.
*** 
Şuşanın dağları, yaşıl yamacı,
Niyazi sevgisi, Bülbül inancı,
Qanla suvarıldı, yalı, yamacı,
El-oba şəninə, mahnılar qoşa.
*** 
Sənsən üzüyümün qaşı, ay Şuşa!
Əzizdir torpağın-daşın, ay Şuşa!
Bir də dərd görməsin başın, ay Şuşa!
Əroğlu şəninə, mahnılar qoşa.

TURAN SƏRKƏRDƏSİ, CƏNAB ƏRDOĞAN!

 


















Bu günəş heç zaman sönən deyildir,
Əsla orbitindən dönən deyildir,
Göyün qübbəsindən enən deyildir,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
*** 
İgid Komutanı Türk dünyasının,
Yenilməz Sultanı, Türk dünyasının,
Qeyrəti, vicdanı, Türk dünyasının,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
*** 
İslamın mərd cəngavəri sən oldun,
Neçə xalqın ümid yeri sən oldun,
Sözü bütöv Xaqan kimi döğuldun,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
*** 
Türkün bayrağını ucaltdın göyə,
Cahanda ədalət, haqq olsun deyə,
Daim çətin anda çatdın köməyə,
Turan sərkərdəsi, Cənab Ərdoğan!
*** 
Başımız üstünü almışdı duman,
Bu qanlı savaşdan yox idi aman,
Dedin: Tək deyilsən, can Azərbaycan!
Turan sərkərdəsi, Cənab Ərdoğan!

*** 
Sizsiz biz qələbə çala bilməzdik,
Düşməndən qisası ala bilməzdik,
Bir canda iki qəlb ola bilməzdik,
Turan sərkərdəsi, Cənab Ərdoğan!

*** 
Əroğlu xoşbəxtlik arzular Sizə,
Doğma qardaşıq biz, sevgim var Sizə,
Eşq olsun Sizin tək rəhbərimizə-
Turan sərkərdəsi, Cənab Ərdoğan!
 
TARİX YAZDIQ


Döyüşə qatıldıq hünərlə biz də,
Əminlik var idi hər birimizdə,
Birlik işin gördü zəfərimizdə,
Ana vətənimsən, Azərbaycanım!
*** 
Tarix yazdıq ana torpağımızda,
Xain, satqın olmadı aramızda,
Poladlar, Əliyarlar ön sıramızda,
Ana vətənimsən, Azərbaycanım!
*** 
Öpüb torpağını qoydum gözümə,
Hıçqıran ürəyim baxmır sözümə,
Vətən övladında baxın, dözümə.
Ana vətənimsən, Azərbaycanım!
*** 
Əroğlu, demə ki, dərdimiz azdı,
İgid ərənlərim bir tarix yazdı,
Həmişə istəyim, doğma murazdı:
Ana vətənimsən, Azərbaycanım!

    ŞƏHİDİMİZ ASİMƏ

 

























(( “Vətən uğrunda”  medalı ilə təltif olunmuş (Ölümündən sonra)  Hovuslu kəndimdən olan qohumum, sinif yoldaşımın övladı Şəhid əsgərimiz Quliyev Asim Bəkir oğluna ithafən))


Bilmirəm, necə başlayım sözümü,
Bu bəd xəbər kor eylədi gözümü,
Kimsə söndürəmməz yanan közümü,
Yaddan çıxmaz Şəhidlərim, Asimim.
*** 
Düşmən düşünməsin sındırdı məni,
Pis xəbər ürəkdən yandırdı məni,
Şaxtalı gecələr dondurdu məni,
Yaddan çıxmaz Şəhidlərim, Asimim.
*** 
İgid əsgərləri aldı yanına,
Şəhid oldu, qıydı şirin canına,
Belə qəhrəmanlar gərək tanına,
Yaddan çıxmaz Şəhidlərim, Asimim.
*** 
Qırx dörd günə bitdi sənin bu davan,
İndi fəxr eyləyir sənlə el, oban
Yenə evinizdə yanacaq soban,
Yaddan çıxmaz Şəhidlərim, Asimim.
*** 
Qalib gəldi əfi gürzəyə, Ordum,
Ucaltdı bayrağı zirvəyə, Ordum,
Döyüşü çatdırdı ərsəyə, Ordum,
Yaddan çıxmaz Şəhidlərim, Asimim.
*** 
Torpaq coşdu ona ruh qovuşanda. 
Müzəffər Ordumuz Suqovuşanda,
Ədalət, de bu şeirini qoşanda:
Yaddan çıxmaz Şəhidlərim, Asimim.

ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!  RUHU ŞAD, MƏKANI CƏNNƏT OLSUN.




























Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU)
AYB və AJB-nin üzvü
Hüquqşünas-şair





Tarix: 1-11-2023, 11:30 Oxunub: 512


Bölməyə aid digər xəbərlər
2-09-2023, 18:10 AY LAÇIN, CAN, LAÇIN
16-08-2023, 17:23 YURD HƏSRƏTİ
4-12-2021, 08:32 QARABAĞ AZƏRBAYCANDIR!
7-03-2021, 22:45 Təbrik edirəm!