10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
YURD HƏSRƏTİ


27 İL ƏSİRLİKDƏ QALAN ATA YURDUMA…ATA YURDUM HOVUSLU KƏNDİMƏ, CƏRAYILIMA, XAN ÇİNARIMA, XUDAFƏRİNƏ, ZİYARƏT DAĞINA, HACI QARAMAN PİRİNƏ, YURDLARIMIZDA QALAN MƏZARLIQLARIMA, UŞAQLIQ İLLƏRİNDƏ GƏZDİYİM SAF HAVASI OLAN DAĞ MEŞƏLƏRİMƏ BUZ KİMİ ŞIRIL AXAN BULAQLARIMA...ORADA QALAN AYAQ İZLƏRİMƏ...
Bu məktubu yazarkən acı göz yaşlarım içərisində yazıram, doğma ATA-ANA YURDUM....
Bilirəm ki, məni bir dogma övladınız olaraq qınayacaqsınız. Mən sizi çox yaxşı başa düşürəm və sizin məni qınaq etməyə çox böyük haqqınız vardır . Niyə də etməyəsiniz? Demirəm ki, mənim günahlarım yoxdur. Günahlarım olmasaydı 27 ildir doğulub boya-başa çatdığım Cəbrayıl rayonunun Hovuslu kəndimi, Doğma Qarabağımızı, Zəngəzurumuzu, digər işğalda qalmış İgid ərənlər yetirmiş Ata-baba yurdlarımızı itirib acı göz yaşları ilə bu məktubu yazmazdım...
Bir Hüquqşünas-şair, jurnalist olaraq, bir övladınız olaraq bu məktubu yazmağa məcburam. Elə bilməyin ki bu yazıları yazmaq mənə asandlıqla başa gəldi....
Doğma Yurdum.  Siz məni bağışlamasınız da, mən Sizi heç vaxt UNUTMARAM! UNUTMARAM! UNUTMARAM! 
Məhs yazdığım “İÇİMİZDƏ YURD ADLI YARAMIZ VAR” şeirlər kitabı da məhz Siz dogma Ata-baba yurdlarımın həsrətindən yarandı…
HƏSRƏT AĞLAYIR...

Sumqayıtdan Hovusluya, elimə,
Yolu bağlı görüb qəlbim ağlayır.
Alışıb içimdəki yanan közümə,
Deyə bilmədiyim sözüm ağlayır.

Danışma qardaşım, danışma hələ,
Yurdsuz qalmışıq Vətəndə belə.
Düşmüşük fitnəyə, düşmüşük felə,
Yaza bilmədiyim sözüm ağlayır.

Yurdumun həsrəti üzübdü məni,
Saçıma salıbdır vaxtsız ağ dəni.
Ağladıb qəlbimi, veribdi qəmi,
Yolu bağlı görən gözüm ağlayır.

Boylanıb yollara baxdım yoruldum,
Gözümün kökündən saralıb soldum.
Qocalıb axırda lap ahıl oldum,
Səbrim ağlayır, dözüm ağlayır.

Əhvalım dəyişir hər gün, hər gecə,
Mən yurdsuz-yuvasız yaşayım necə?
Bu dərdi qəlbimdə daşıyım necə?
Qələmim qan tökür, sözüm ağlayır.


Yurdsuz zəhər olub suyum, çörəyim,
O müqəddəs yerdir mənim gərəyim.
Ədalətəm, burda qəlbim, ürəyim,
Oralarda qalan izim ağlayır...

Doğma Yurdum! Sizin o yaralı qəlbinizi ovundurmağa çalışardım, ancaq bilirəm ki, bu mümkün deyil. Bilirəm ki, mənim fikirlərim hamısı Sizin üçün boş və mənasızdır... Bilirəm ki, sizin üçün şeir yazıb, sözlər qoşaraq min tərif etsəm də belə heç bir xeyri də olmayacaqdır... Ancaq mən yazıram…

YURDUM-YUVAM TALAN OLUB

Qarabağım yad əllərdə,
Qız gəlinim oldu girov.
Ah-naləsi ərşə qalxıb,
Yurdum-yuvam talan olub.

Cəbrayılda yurdum qalıb,
Yaddan çıxmır o ellərim.
Müjdə dolu o günlərim,
Yurdum-yuvam talan olub.

Gül-çiçəkli bağçam solub,
Bağça-bağım viran olub.
Səbr kasam vallah, dolub,
Yurdum-yuvam talan olub.

Bu nə halət, bu nə dövran,
Yadımdan heç çıxmır bir an.
Niyə belə gəldi zaman?
Yurdum-yuvam talan olub.

Bilməz idim kədər, ələm,
Əlimdəydi kitab-qələm.
Yurd həsrəti mənim şələm,
Yurdum-yuvam talan olub.

Gül-çiçəyin üzərdim mən,
Demirəm ki, bezərdim mən.
O, dağlarda gəzərdim mən,
Yurdum-yuvam talan olub.

Ay Ədalət, gəlsin səsin,
İçindəki yurd həvəsin.
Azad olsun yurd qəfəsin,
Yurdum-yuvam talan olub.

Bilirəm ki, bu yaraları sağalda biləcək bir məlhəm, bir loğman yoxdur. Bir də bilirəm ki, bu dərdi, bu acıları, bu kədəri özünüz və Uca Tanrıdan başqa heç kim duyaraq yaşaya bilməz. Axı bu acı həyatı siz yaşayırsınız...
Nə edəsiniz? Buna məcbursunuz...
Diliniz də yoxdur ki, qoynunuzda böyüdüb, boya-başa çatdırdığınız qulağı eşidən, danışa bilən, əl-ayağı olub qoynunda saxlayıb böyütdüyünüz, dərdlərinizə şərik olacaq bir şəxsi, mən Ədaləti, yaxud da, yağı düşmənlər tərəfindən hüquqlarınızı pozaraq, qoynunuzda döyüş səngərləri, silah, sursat anbarları tikməsindən, qəlbinizi və ruhunuzu barıt qoxusu ilə zəhərlədiklərinə görə Haqq-Ədaləti haraylayasınız...
Siz haqlısınız. Mən və digər vətən övladlarından da küsməyə haqqınız vardır...
V Ə T Ə N
Salam, ey Vətən, canımsan, Vətən!
Xalqımız üzülüb, qalıbdır, Vətən!
Parçalanıb parça-parça olubsan,
Dözə də bilmirəm yarana,Vətən!
***
Ayrı düşdük yurdumdakı evimdən,
Elə bil ki, ürəyimin telindən,
Şah damarım kəsilibdir dibindən.
Dözə də bilmirəm yarana, Vətən!
***
Namərdin ayağı yurda dəyməsin,
İgidlər düşmənə başın əyməsin.
Boran, çovğun bu ellərdə əsməsin,
Dözə də bilmirəm yarana, Vətən!
***
Namərd əllər uzanmasın yurduma,
Qüvvət gəlsin millətimə, orduma,
Gün gələcək çatacağam arzuma.
Dözə də bilmirəm yarana, Vətən!
***
Ya Rəbbim, Ədaləti ruhuna qaytar,
Bulağına, çeşməsinə, suyuna qaytar,
Pərişan Qarabağa, yurduna qaytar.
Dözə də bilmirəm yarana, Vətən!
Dözmək də olmayır bu yaralarına, ağrı-acılarınıza...
Mən isə bir vətəndaş olaraq Ulularımızdan bizə ərmağan edilmiş bu gözəlliklərə biganə qaldım...
                 (ARDI VAR...)


Tarix: 16-08-2023, 17:23 Oxunub: 62


Bölməyə aid digər xəbərlər
22-01-2023, 10:24 Göyçə ana yurdum mənim
16-05-2022, 17:27 Yalan ayaq tutar yeriməz
4-08-2021, 09:58 Allah rəhmət eləsin
9-07-2021, 21:14 Allah rəhmət eyləsin
29-05-2021, 20:00 Allah rəhmət eyləsin