LAÇINSIZ DÜNYANI NEYNİRƏM AXI?!
Həyatda Vətən, torpaq-yurd sevgisi hər şeydən irəlidir. Ona görə doğma yurdun daşı da, kəsəyi də gözəldir. Elə bu gözəlliklərdi insanı yaşadan, bu yaşantıların içində yazıb yaratmağa bu gözəlliklər mənəvi zövq alaraq sevibi yaşaya-yaşaya bu gözəlliklərdən mənəvi zövq alaraq sevib sevilir. Sevə-sevə, sevilə-sevilə öz yaşam tərzinə duyum təxəyyülünə mənəvi zənginliklər bəxş edərək ömür yollarında atdığı addımları mükəmməlləşdirmək iqtidarına nail olur.
Ana təbiətin bənzərsiz gözəllikləri isə başqa bir aləm olur. O sehrli aləmin içində daha nələr-nələr olmur. İnsan bu gözəlliklərdən vəcdə gələrək daha duyğusal, həssas olur, yaradıcılığında böyük uğurlarla qarşılaşır.
Ağ dumandan ağ örpəyə bürünmüş uca dağlarına, yam-yaşıl mamır bağlamış qayalarına, daşlarına hər diqqət yetirdikcə min illərin yaşıdı olan o yerlərin ecazkarlığı önündə mat qalırsan. Bu zaman daxilən sanki bir qəhrəmana dönərək nankor, xain düşməndən intiqam almaq istəyirsən. Əlin yetməsə də ağ örpəkli bu dağları, daşları, yaşıl dona bürünmüş yamacları, dərələri xəyalən qucmaq, başına dolanmaq istəəyirsən. Çisgin, duman, çən bir az ara verən kimi doğan günəşin al-qərmızı şəfəqi bu yerləri daha da füsunkar bir mənzərəyə çevirir. Lakin əlin yetmədiyi üçün acı bir qəhər, təəssüf hissi içini göynədir.
Heç nə istəmirəm bilin ay ellər,
Laçinsiz dünyani neynirəm axi?!
Yaşamaq haramdı yurdsuz, yuvasız,
Laçınsiz dünyanı neynirəm axi?!
Ümid, inam, güman yeri bildiyi o yerləri qarış-qarış xəyalında dolaşaraq şair son anda arzu, istəyini görün necə bir ürək yanğısı ilə izah etmişdir:
Şair Qarabağa göz qoyub gedir,
Bir qürbət torpağa üz qoyub gedir,
Gənclərə yadigar söz qoyub gedir,
Laçınsiz dünyanı neynirəm axi?!
Bu zərif, kövrək, poetik duyğu əsintilərinin yaradıcısı neçə illərdən bəri içindəki torpaq, yurd həsrəti atəşində alışıb yanan, qaçqınlıq həyatının hər ağrə-acısını yaşayan çox dəyərli şair Vəzirxan Mirzəoğludur.
Əslən Laçından olan Vəzirxan müəllim o vaxtdan doğma Sumqayıtımızda məskunlaşaraq vətənə, yurda, xalqa olan sevgisini poetik ifadələr əhatəsində nəzmə çəkərək istedadlı qələm sahibi kimi daha mükəmməl, lakonik obrazlı şəkildə fikirlərini ifadə etməkdədir.
Ümumiyyətlə, peşəkar müəllim və istedadlı şair ömrü yaşayan Vəzirxan müəllimin əmək fəaliyyətindən saatlarla danışmaq olar. Mən bu vaxt çərçivəsində onun işıq üzü görəcən “Daşlar qartalları” kitabında gedən şeirlərin əhatəsində bir qədər gəzişmələr etmək istədim. İnanıram ki, onun poeziyası haqqında dediklərim oxucularımız üçün də sürpriz olacaq.
Ümumilikdə Vəzirxan müəllimin hər mövzusu, qələmə aldığı şeirləri daha maraqlı, yığcam və yadda qalandır. Vətən, torpaq, yurd şeirlərini oxuduqca hiss edirsən ki, o həqiqətən də torpağa bağlı bir insandır.
Başımı qüruba əyib gedirəm,
Daha qəm kibasın geyib gedirəm,
Vətənə əlvida deyib gedirəm,
Laçınsiz dünyanı neynirəm axi?!
Ağdam bel sütunum, Kəlbəcər gözüm,
Bu boyda dərdim var mən necə dözüm,
Vəzirxanam, budur sizə son sözüm,
Laçınsiz dünyanı neynirəm axi?!
Laçınsiz dünyanı neynirəm axi?!
İllərdən bəri səsli-küylü şəhər mühiti hiss olunur ki, onun üçün yorucu həm də çok can sıxıcı olmuşdur. Doğma yurd yerlərinə bağlılıq, canı qədər sevdiyi Şəlvə dərəsi bir sözlə bütövlükdə Laçının hər bir qarışı Vəzirxan poeziyasının canlı təcəssümüdür.
Düz gəlmisən, a qardaşım,
Bura Şəlvə dərəsidir.
İrzası var, Mirzəsi var,
Kamil ovçu bərəsidir,
Bura Şəlvə dərəsidir.
Şəlvə çayı daşan zaman,
Sanki Habil çalır kaman,
“Sağsağandan” aşan duman,
Əhmədin od nəfəsidir,
Bura Şəlvə dərəsidir.
Məncə şərhə böyük ehtiyac yoxdur.
“Bura Şəlvə dərəsidir” adlı şeirindəki hər misrasının ürək döyüntülərinə diqqət yetirsək, daha yerinə düşər. Döyüş zamanı hər əsgərin öz səngəri olduğu kimi hər misranın da öz sanbalı, öz ləngəri olur.
Oxutdurun sərin-sərin,
Hər toyda düşünün dərin,
Vəzirxanda yanar şəmin,
Ömürlük pərvanəsidir,
Bura Şəlvə dərəsidir.
Yığcam, konkret deyim tərzi, axıcılıq burada da öz yerində olaraq könül oxşayır.
Qopa bilməyib misralarından asılı qaldığım Vəzirxan Mirzənin hər dəfə gözlərim önünə gətirdiksə, onun zəngin mənəvi dünyasına har varlıqca düşündüm ki, Vəzirxan müəllim elə belə də olmalıdır. O başqa cürə ola da bilməz.
Əzəmətli vüqarlı dağlar uşaqlığımızın təpər, dözüm mənbəyi olaraq bu gün də bizi yaşadır öz sevgisi ilə. Kəndə, kəsəyə hər gedişimizdə dağları salamlamaq, qarşısında baş əymək mənəviyyatımızdan irəli gələn bir amildir. Yuxarıda dediyim kimi onun doğma yurda olan sevgisinin sərhəddi bilinmir.
Diqqət yetirək:
Qismət olsa, getsək vətənə Allah,
Görən dağlar bizi bağışlayarmı?
Günahsızıq, suya düşüb and içsək,
Görən dağlar bizi bağışlayarmı?
Və yaxud:
Bağlanıbdı yolum, kəsilib bərəm,
Ya qismət dağları bir daha görəm.
Ürək dərd çəkməkdən bağlayıb vərəm,
Göz yaşımı silməmişəm silmərəm,
Bu dərd məni öldürməsə ölmərəm.
Yuxarıda dediklərimin ən böyük təsdiqi deyilmi? “Ölmərəm” şeiri daha böyük həsrət yanğısının məntiqi şəkildə izahıdır deyərdim.
Zəngəzurum deyə-deyə gəlmişik,
Borçalını çəpik ilə vermişik,
İrəvanı qəlbimizdən silmişik,
Laçın, Şuşa, Kəlbəcərsiz sərsəməm,
Bu dərd məni öldürməsə ölmərəm.
Qırx dörd gün müddətində əldə etdiyimiz zəfər bayramı rəvac verir ki, həsrətin vüsala qovuşmağına lap azca vaxt qalıbdır. İnşallah ən yaxın bir vaxtda doğma Laçın şair oğlunu hörmətlə bağrına sıxacaq. Gəncliyinin izi qalmış o Şəlvə dərəsi də ümidvaram ki, ümidlərinə çıraq tutaraq, duyqularına daha da qol-qanad verəcəkdir. Amin inşallah!
Göz dikiblər sərvətinə əzəldən,
Sinəsində yarası var dağların.
Boynu buruq bənövşəsi, nərgizi,
Bağrı qara talası var dağların.
Ancaq unutmayaq ki, hər gəlib gedən köç karvanının arxasında bəzən böyük bir sevinc təzahürü də dayanır. O gün olacaq ki, yurd-yuvalarından didərgin düşmüş bütün soydaşlarımızın köç karvanı öz ata-baba ocağında bənd olacaqdır inşallah!
Ümumiyyətlə, Vəzirxan müəllimin bütün şeirləri, o cümlədən rübailəri, bayatıları, uşaq şeirləri də özünəməxsusluğu ilə diqqəti cəlb edir. Dili yarmamaq, məna, məzmun, forma gözəlliyi onun poeziyasında xoş ovqat, bir şirinlikdir deyərdim. Onu çoxlarından fərqləndirən də elə bu üstün cəhətidir.
Misal olaraq onun “Bu dünyanın” şeirindən iki bəndi qeyd etmək yerinə düşər:
Həyat sınağından min bir fitnə-felə,
Kələyindən keşmişəm bu dünyanın.
Xəlbirində yer kürəsi fırlanır,
Ələyindən keçmişəm bu dünyanın.
Qəm, kədərdən gözüm hər vaxt nəm olub,
Anadan olandan bəxtim kəm olub,
Dəryasında, dənizində boğulub,
Ümmanına düşmüşəm bu dünyanın...
Bu qəbildən olan onun “Laçının”, “Bu dünyanın”, “Vurğunun”, “Ad günün mübarək”, “Qartal”, “Getdi”, “Bizim yerdədi”, “Ürəyim”, “Bir qardaşın haray səsi”, “Salam de məndən” və sair şeirləri yadda qalan və oxunaqlığı ilə fərqlənir.
Dəyərli, istedadlı şair-Vəızirxan Mirzəoğlu yaradıcılığının hardasa beşdə bir hissəsi haqda sizlərə söhbət aça bildim. Bu da dəryada bir damlanı xatırladır. Ancaq bütün dediklərim ürəyimdən gələn sözlərdir. Bu haqda yəqin ki, qələm dostlarımız da öz fikirlərini bildirəcəklər.
Mən isə son olaraq bu hörmətli Vəzirxan müəllimi Laçının azad olunması münasibətlə təbrik edir, ona can sağlığı, uzun ömür, mənalı ailə səadəti və ən başlıcası uğurlu yaradıcılıq axtarışları arzulayıb, Tanrı köməyin olsun deyirəm.
Dərin sevgilərlə:
Tahirə Həbliyeva,
Şair-publisit, AYB və AJB-nin üzvü
Bölməyə aid digər xəbərlər