09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
"Döyüş bölgəsindən qaçanlar özünü qəhrəman kimi göstərir" - Qarabağ Qazisi


Qarabağ döyüşlərində tağım komandiri olan Qazi Yaqub Abbasov Ələsgər oğlu müsahibə verib.
- Müharibəyə nə vaxt qatıldınız?
- O zaman mən Rusiyanın Saratov şəhərində yaşayırdım və orada da işləyirdim. O dövrdə də anamla mütəmadi olaraq əlaqə saxlayırdım. Növbəti telefon danışığında anamın səsi qəribə gəldi, hər zaman mənə gəl, Qazaxa qayıt deyən anam bu dəfə  mənə oğul gəlmə dedi. Nə olduğunu soruşanda “Burada müharibədir” dedi.  Ana ürəyi  gəlməyimi, mənə nəsə olmağını istəmirdi.
1988-ci il idi. Müharibə sözünü eşidən zaman mən qıraqda qala bilməzdim. Necə ola bilər mənim vətənimdə müharibə olsun,  igid qardaşlarımız şəhid olsun, mən gəlməyim? Gecə ilə təyyarəyə bilet alıb gəldim. Bizə dedilər ki, Xalq Cəbhəsi yaranır.
Bizə o zaman Xalq Cəbhəsi lazım deyildi, vətənin müdafiəsində durmaq, silahlanmaq lazım idi.  Qazaxın Əskipara, Kəmərli kəndlərində döyüşlərdə biz quş ovlamaq üçün olan tüfənglərlə  vuruşurduq. Sabaha kimi kəndə hücum olmasın deyə çalışırdıq.  Səhərlər atışma bir az azalırdı. 
Qazaxda 1991-ci ilin 25 dekabrında ordu yarandı. O ordunun da ilk əsgəri biz  olmuşuq. Rayonun "voyenkomat"ına gedib orduya yazıldıq.
- Sizinlə bərabər kim var idi?
- Mustafayev Elşad, Məmmədov Akif və mən "voyenkomat"a getdik və bizə əsgər paltarı vermələri üçün müraciət etdik. O zaman rus ordusu Azərbaycandan çıxmamışdı. Qazax rayonunun Xeyrimli,   Əskipara kəndlərində hələ də rus ordusu qalmaqda idi.
Söhbət 1991-ci ildən gedir. Biz öz ordumuzu silahlandırmaq, ordu yaratmak üçün ruslar rayonumuzdan çıxan vaxtları əsgərlərini içirdib silah - sursat və hərbi maşınlarını oğurlamışıq, 
O vaxt Şerbakovun ordusu Qazaxda idi, Bağanis Ayrımda hadisələr olan vaxt idi. Bizdə ordu yox idi, könüllü özünü müdafiə dəstələri idi. Bizə verilən silahlar məktəblərdən alınmış adi təlim silahları idi.
Biz səngərdə vuruşan vaxt həmin əldə düzəltmə təlim silahlarının atmadığı anlar olurdu. Erməni silahlanmışdı, biz isə qoşalülə və adi təlim silahları ilə atışırdıq. Qazaxda ordu Əskipara kəndində yaranandan sonra  Quşçu Ayrım kəndinə keçdik.
Könüllü müharibəyə yazılan dəliqanlı oğullarımız vardı. Orduya da nəhz bu cür oğullar lazım idi. Biz o oğullarla Sofuluya keçdik. Orada biz Rusun qaldığı kazarmada məskunlaşdıq.
Heç yadımdan çıxmır, biz 3 gün Sofuluda mühasirədə qaldıq. Nəhayət, aprelin 24-də kəndin camaatını mühasirədən çıxardıq. Kənd sakinlərini çıxaran zaman ermənilərin  telefon telinə ayağım ilişmişdi. Elə bilmişdim minadır, əyilib yoxlayandan sonra yanıldığımı anlamışdım.
Bizim BRDM Sofuluda saxlamışdıq. Üzərinə də özümüz pulemyot bərkitmişdik.  Rusdan oğurladığımız "Zil"i biz kənd sakinlərini xilas etməyə gedəndə ermənilər vurmuşdu. Texnikasız qalmışdıq deyə, rusdan oğurladığımız digər texnikanı - BRDM-i gizlətdiyimiz Sofuludan çıxarmaq qərarına gəlmişdik. BRDM-də də benzin yox idi. Qazaxla da əlaqə yarada bilmirdik. Öyrənmişdik ki, Paşa Pəhləvan adlı kənd sakini bağlarında 200L benzin boçkaları gizlədib. Bacısından yerini öyrənib minaların olduğu ərazi ilə gedib benzini tapdıq BRDM-i işə saldıq.
- Minalara düşən olmadı? Necə keçdiniz?
- Məftil qırığını "г" şəklində (rus hərfi ilə "q") düzəldib boş şəkkində əlində tutub torpaqda yeriyəndə yerin altda dəmir olarsa, məftilin ucları bir-birinin üzərinə gəlir. Minalı yeri tapmaq üçün belə bir şey düzəldirdik. Onun sayəsində biz benzin olan boçkaları tapdıq və BRDM-ə dolduraraq işə saldıq. Texnikanı da gətirib ordumuzla birlikdə Böyük Cəfərlidə yerləşdik.
- Sofuludan nə qədər adam çıxarda bildiniz?
- 30 nəfərə qədər adam çıxardıq. Öncə heyvanları qabağa saldıq ki, mina ola bilər. Biz yalandan ceyran peçləri üçün istifadə olunan boruları düşmənə doğru tutmuşduq. Üzərini də örtmüşdük, kənarlarına da təkər qoymuşduq. Ermənilər qarşıdan binoklla baxanda elə bilirdi topdur. Ancaq bizim topumuz yox idi. Biz onları qorxudurduq. İndi elə adamlar deyir ki, mən döyüşmüşəm, özü də səngərdə…Mən özüm təəccüblənirəm ki, bu, harada döyüşüb.
Biz döyüşün getdiyi əsas ərazidə, əsas postda idik. Amma bəziləri kənarda pafoslu çıxışlar edib özünü kameralara çəkdirirdi. İndi də özünü qəhrəman elan edirlər. Hər jurnalist bizim olduğumuz bölgəyə gələ bilmirdi. Çingiz Mustafayev kimi jurnalistlər çox az idi. 
"Mən vuruşmuşam" deyən yalançılar var ki, gəlsin qarşımda otursun, danışsın görək harada vuruşub?!
- Qarşınızda gəlib elə danışan olub?
- Mənim qarşımda onlar danışa bilməz. Danışan olanda  sözünü ağzında qoyuram. Onun cəsarəti olub ikinci kəliməni edə bilməz. Təbii ki döyüşən, şəhidlik zirvəsinə ucalan, qazi olan oğullarımız çox idi. İndi döyüşənlər qalıb kənarda, yalançı qəhrəmanlar danışır. Çoxu döyüşdən danışanda onların yerinə mən xəcalət çəkirəm. 
Mənim əmim uşaqları, bibim uşaqları torpaq uğrunda şəhidlik zirvəsinə ucalıb, qazi olublar. Orden ilə təltif olunublar. Əmim oğlu Pəhlivan Abbasov şəhid olub. Bibim oğlanları iki qardaş Taleh Həsənov, Saleh Həsənov qazi oldu. Onlardan biri hər iki gözünü, digəri isə qollarını itirib.
-Neçənci ilə qədər vuruşdunuz?
- 1994-ü ilə qədər...
Əvvəldə də qeyd etdiyim kimi 1988-ci ildə könüllü özünü müdafiə dəstəsində olmuşam. 1991-ci ildə Qazaxdan milli ordunun ilk əsgəri olmuşam.
Sonradan cəsarətimi gördülər, bizim Briqada komandirinin müavini Ləzgi Bəxtiyar məni 1992-ci ildə "starşinarota" təyin etdi.
- Əvvəldə dediniz 3 gün Sofuluda mühasirədə qaldınız…Ərzaq-qida necə əldə edə bilirdiniz?
- Heç cür... Yeməyimiz tükənmişdi. Əsgərlərimlə heyvanlara tökülən çörəkləri tapıb yağışdan dolmuş boçkalardakı suda yumşaldıb yeyirdik. Rayondan, icradan bizə ərzaq yardımı gəlmirdi. Hətta mən erməni helikopterini vurmaq üzrəydim. Yüz faiz də vuracaqdım. Əsgərlərdən biri dedi ki, "Komandir vursan, biz burada da öləcəyik. Mühasirədəyik, rayonla əlaqəmiz yoxdur,  bizə yardım göndərilmir. Meyidimiz də ailəmizə qismət olmayacaq".
Əsgərin sözlərindən sonra vurmadım. Çünki haqlı idi. Bizə dəstək yox idi, arxada heç kimə güvənmədim. Mən Sofuluda olanda anam və atam həyətdə yas çadırı qurmuşdu. Deyilmişdi ki, oradan heç kimin sağ çıxmağı mümkün deyil.
Bundan başqa Füzuli rayonunda döyüşlərdə olan zaman xəbər göndərildi ki, anan xəstədir, narahatdır, səni istəyir. Mən döyüşü qoyub gedə bilməzdim. Anama çantamı yolladım, söz göndərdim ki, sağam və oğlun müharibədən üzüağ yanına  qayıdacaq.
Halbuki biz Üçtəpə adlanan ərazidə də mühasirəyə düşmüşdük. Mən oradan qaçıb çıxa bilməzdim. Ölsəydim də döyüşməliydim. Qazaxdan 4 nəfər qalmışdıq - mən, Rembo Müşviq, Mehman və Arzu. Dördümüz də bu gün sağıq.
Döyüş bölgəsindən qaçanlar isə özlərini qəhrəman kimi təqdim edir, vəzifə tutur.
Əsgərim vardı, adı Məhəmməd idi. Ona icazə vermişdim 10 günlük getsin, ailə qursun. Amma o, Satılmış Yüksəkliyində döyüşlərdə şəhid oldu. Bu gün orada həmin əsgərin şərəfinə "Məhəmməd Təpəsi" adı var.
Biz döyüşlər görsək də, yalançı qəhrəmanlıq edənlərdən fərqli olaraq, pafoslu çıxışlarımız olmayıb. Mən bu şərəfli döyüş yolunu keçdiyim üçün övladlarıma da demişəm ki, başınız dik gəzin, sizin atanız 1 qara qəpik də rüşvət almadan bu dövlətə xidmət edib. Bu gün də xidmət etməyə hazıram. Biz müasir Azərbaycanı qurmaq üçün, bu dövlət üçün canımızı qoymuşuq.
Bu gün Ali Baş Komandan döyüş əmri versə, müharibə olsa, oğlumla bərabər canla başla vuruşaram.  Onu da bildirim ki, 1996-cı ildən Qarabağ Qazisi kimi pensiya alıram. Sözümüz eşidilir, hara gedəndə  hörmət edirlər. Bu dövlətin yolunda biz ölümə hazırıq. Ailəm, övladlarım bu dövlətdə əmin addımlarla irəliləyir.
Sağ olsunlar, cənab Prezident İlham Əliyev və ölkəmizin I Vitse-prezidenti Mehriban Əliyeva biz, Qarabağ əlillərinə qayğı göstərirlər. Bizə xüsusi nəzarət edirlər. Qazax Qarabağ Əlilləri Cəmiyyətinin hər bir üzvünə dövlətimizin diqqəti var.


Tarix: 17-08-2020, 12:16 Oxunub: 112


Bölməyə aid digər xəbərlər
13-07-2020, 13:57 Şəhid anası...