12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Şair publisist Süleyman Hüseynovun arxivindən bir yarpaq




MƏNİ QISQANMAYIN

(Arxivimdən...)

Məni qınamayın, ay əzizlərim,
Mən təkcə sizə ər, ata deyiləm. 
Qadanızı allam, vallah, sizlərin,
Amma şairliyi atan deyiləm!

Gülüzlü qızların qəlb sirdaşıyam,
Şəhid oğulların qan qardaşıyam,
Haqqı gəzənlərin yol yoldaşıyam,
Çəkilib qınımda yatan deyıləm!


Bülbüləm, qonaram gül-çiçək üstə,
Ölümə gedərəm düz ürək üstə,
Sən məndən sevgidə sədaqət istə,
Min sına, günaha batan deyiləm!

Ömrüm mayalanıb halal çörəkdən,
Yolum dəyişməyib əsən küləkdən,
Əsla çəkinmərəm şeytan - mələkdən,
Halalı harama qatan deyiləm!

Şairlər sığmazlar, vallah,bir evə,
Onların yükünü çəkməz min dəvə,
Hərdən olmasaq da biganə kefə,
Ömrümü işrətə satan deyiləm!

Şairə yar olmaq asan iş deyil,
Şairlə birlikdə o da qəm yeyir,
Qadınsız şairi kədər tez əyir,
Yarsız səadətə çatan deyiləm!

Məni qısqanmayın, elin oğluyam,
Qəlbimin teliylə elə bağlıyam,
Bəlkə də haqsızam, ya da haqlıyam,
Amma şairliyi atan deyiləm!

İLLƏR ÖTÜR...
----------------------
İlləri yaşayıb, vurduqca başa,
Qırışlar çoxalır, nəfəs daralır. 
Qəfil bir zəif səs dönür təlaşa,
Ürəyi titrədir, gözlər qaralır. 

Düşür asta-asta dən gözə, qaşa,
Ən adi istək də tuş gəlir daşa.
Ürək söyləsə də  cavansan, yaşa ,
Ağıl tez dillənir:-sona az qalır!

Günlər, aylar ötür təsəlli ilə,
Ürəkdən keçənlər gəlməyir dilə.
İlləri gənclikdə vermişəm yelə,
İndisə gümanım anlara  qalıb.

Sevib-sevilmək də bu yaşda günah,
Gözələ baxmaq da - artıq bir tamah.
Sinəmi dağlayan  həsrət yüklü "ah",
Odlana - odlana ərşə ucalır. 

Bu gündə yığılar  doğmalar, dostlar,
Mənim sağlığıma deyilər tostlar.
Can isə sağlığı Xudadan istər,
Yaşamaq haqqını tək ondan alır. 

Allahın hökmünə baş əydim hər an,
Bu böyük ada mən gətirdim iman.
Sanmayın ölümdən  qorxub Süleyman,
Həyatdan doymuştək hay-haray salır,
Sadəcə, olanı qələmə alır...

 "Qəriblik nəğmələri" kitabından. Moskva vilayəti, Sergiyev-Posad şəhəri, 19 sentyabr 2013-cü il
                  ***

"Daha nağıllara inanmıram mən"(Nüsrət Kəsəmənli)
----------------------------

Sevgidən yoğrulub əzəldən mayam,
Di gəl ki, sevməyi bacarmıram mən.
Sevməyə qalmayıb nə abrım, həyam,
Sevgi nağılına inanmıram mən,
Daha nağıllara inanmıram mən.

Gözəlin nazına hey dözə-dözə,
Ürəyim dönübdür bir yanar közə,
Nə vaxtdır həsrətəm xoş, şirin sözə,
Sevgi nağılına inanmıram mən,
Daha nağıllara inanmıram mən.

Canı qurban verdim, canımdan keçdi,
Canıma neçə yol kəfən də biçdi,
Ürəyi yananda qanımı içdi,
Sevgi nağılına inanmıram mən,
Daha nağıllara inanmıram mən. 

Gözə baxa-baxa üzümə güldü,
Sanki qönçələnən bir qızılgüldü,
Dərmək istəyəndə əlim üzüldü,
Sevgi nağılına inanmıram mən, 
Daha nağıllara inanmıram mən. 

Sevgi nağılının sonu-həsrətim,
Tanrıdan yazılıb belə qismətim.
Allah rəhmət etsin şair Nüsrəti-
Sevgi nağılına inanmıram mən,
Daha nağıllara inanmıram mən...

 "Tale şəhərim"   kitabından
                   ***

        NOVRUZ BAYRAMI

Unudaq dünyada kədəri, yası,
Gözlərdə görünsün tək sevinc yaşı,
Analar bəzəsin gəlin xonçası,
Qədəmin mübarək, Novruz bayramı!

Elin cavanları yarışa çıxa,
Görək kim güclüdür, kim kimi yıxa,
Alqış sədaları sel kim axa,
Qədəmin mübarək, Novruz bayramı!

Səninlə başlanır toy da, düyün də,
Küsənlər barışır sən gələn gündə,
Ən əziz bayramsan bayram içində,
Qədəmin mübarək, Novruz bayramı!

Lalələr bəzəsin düzü, çəməni,
Arzumtək boy atsın yaşıl səməni,
Gül ətri bürüsün ana Vətəni,
Qədəmin mübarək, Novruz bayramı!

Bir oyun göstərə məzəli kosa,
Gəlib, qapımızdan papaq da asa,
Payını aparıb, şən mahnı qoşa,
Qədəmin mübarək, Novruz bayramı!

Yandıraq şamları, evlər nur olsun,
Hər evdə səadət, şadlıq gur olsun,
Bizə düşmənlərin gözü kor olsun,
Tələs, tez gəl görək, Novruz bayramı,
Qədəmin mübarək, Novruz bayramı!

" Bir həzin nəğmə" kitabımdan.
1993-cü il

***
BİR OVQAT ŞEİRİ...

Ölüm istəyirəm, adi bir ölum,
Sakitcə, dinməzcə köçüm dünyadan.
Bir gecə başımı yastığa qoyum,
Səhər ayılmayım nağıl röyadan.

Kimisi sevincdən, kimi ağrıdan,
Tökər göz yaşları  şad-bəd xəbərdən.
İllərlə qəlbimi sıxıb,ağrıdan,
Sirlər də qayıtmaz bu son səfərdən.

Kiməsə qəlbimi aça bilmədim,
Dərdlər kök saldılar yumruq ürəkdə.
Qəlb qırdım,günahdan qaça bilmədim,
Cəzası ağrılar oldu kürəkdə.

Bu haqsız dünyadan  yığıb şələmi,
Yükləyim haqq yolu gedən  karvana.
Bu dünyada haqdan yazan qələmi,
Elə bu dünyada qoydum bir yana.

İçkidən məst olub, məni söyərlər,
Haqqımı dananlar gülüb, deyərlər-
Axır ki, Süleyman oldu cəhənnəm,
Qoy olsun, orda da mən yenə mənəm!

Tarix: 9-04-2025, 14:54 Oxunub: 106


Bölməyə aid digər xəbərlər
2-09-2024, 14:19 ŞEİRLƏR
28-02-2024, 13:21 Şairin yeni şeirləri
13-12-2023, 13:15 ŞAİRİN YENİ ŞEİRLƏRİ
4-08-2021, 09:58 Allah rəhmət eləsin
9-07-2021, 21:14 Allah rəhmət eyləsin
29-05-2021, 20:00 Allah rəhmət eyləsin