09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
SİNİF YOLDAŞLARIM VƏ YA 10 İLLİK BİR ÖMRÜN 44 İLDƏN SONRASIKI SEVİNCLİ GÜNLƏR




Elə bil dünən idi o şagird partası arxasında oturduğum günlər, elə bil dünən idi həyətdə, yolda oynadığım anlar, elə bil dünən idi top arxasınca qacdığım o günlər? Nə tez ötdü ömrün 60 ili ilahi? 60 il, nə az nə çox, düz 60 il. Bu 60 ilin sizdən ayrı olduğum 44 ili, nə tez ötüb keçdi, nə tez ötdü o gözəl qəmsiz, qayğısız məktəb illəri? 44 il keçib o məktəb partasından durduğumuz gündən. Bəzən bu 44 ilin necə keçdiyini belə bilmirəm. Qayğılarmı başımızı qatdı, qaçqınlıq illərimi illərimizi əlimizdən aldı, yoxsa yurd həsrətimi ürəyimizin vuran, döyünən tərəfini dondurdu? Bilmirəm, bircə onu bilirəm ki, ömürdən 44 ili beləcə yola saldıq. 44 il bundan əvvəl şagird partası arxasında oturmuşduq, qəmsiz, kədərsiz, dərdsiz, qayğısız. Gülüşlərimiz yanağımızda iz salmışdı. Elə bilirdik ki, həyat elə beləcə gülüşlərdən ibarətdir, sən demə həyatın o biri üzünü biz heç tanımırdıq. Kaş heç tanımayaydıq da. İnsan axıb gedən çayda iki dəfə çimə bilməz deyiblər. Mən isə deyərdim ki, oturduğun məktəb partası arxasında iki dəfə otura bilməzsən. Oturarsan, ancaq gözlərindən yaş süzülə-süzülə, oturarsan ürəyinin yarası göynəyə-göynəyə, partası boş qalmış sinif yoldaşlarını gözünün önündə canlandıra-canlandıra. Bədənin sol tərəfində illərdir qaysaq bağlamış yaralara köz basılıb, sonra da duz tökülür kimi göynəyərsən. Otura bilməzsən bir də o təmiz, pak partalarda, dolaşa bilməzsən bir zamanlar qaça-qaça gəzdiyin sinif otaqlarında, bir sözlə, qayıda bilməzsən o illərə, o günlərə, qayıda bilməzsən...
44 ildən sonra... Bu 44 rəqəminə elə nifrət edirəm ki, əlimdə olsaydı, onu həyatımızdan ömrümüzdən, lüğətimizdən belə silərdim. 44 rəqəmini görən kimi, 44 günlük müharibəmiz yadıma düşür, şəhidlərimiz gözümün yaşına dönür, qazilərimiz ağrıyan ürəyimə ağırlıq verir. Əslində 4 rəqəmi elə də pis rəqəm deyil, lakin iki dənə 4 yan-yana gələndə, bax o zaman olub qalan ürəyimin yağı da əriyir, selə dönən göz yaşlarım, yanağıma doğru süzülür. Qırılmış əllərim də o göz yaşlarına toxuna bilmir, eləsə ürəyimə, ordan da uğrunda can verdiyimiz torpağa süzülür. 
Taleyə bax ki, 44 ildən sonra mən yenidən 10 il bir sinifdə oturduğum dostlarımla görüşdüm, onlarla ötüb keçən günləri yad elədim. Bu da bir ömürdü, yaşadım getdi.
Doğrusu bu görüş bizim hamımızı kövrəltdi, aramızdan nakam gedənləri yad edərək kövrəldik. Lakin bu elə gözəl bir görüş idi ki, yenidən bizi o gözəl günlərə qaytardı, bir anlıq da olsa, qayğısız uşaqlıq illərinə qayıtdıq. Bir gözəl gün yaşadıq, bir gözəl günü tarixə çevirdik.
Bu sinifin və ya bu görüşün iştirakçılarının hamısı Qafan şəhərinin  Gığı kəndində anadan olub. Bu kəndə də orta məktəbə gedib, bu kənddə də 1980-ci ildə orta məktəbi başa vurub, müxtəlif institut və universitetlərdə ali təhsil alıblar. Məlum hadisələrdən sonra da hər kəs respublikanın bir tərəfinə dağılıb. Yaxın olanlarla ayda, ildə bir dəfə, uzaq olanlarla isə şad günlərdə və ya əksinə kədərli günlərdə üz-üzə gəlmişik. Bu gün isə iki hissi bir arada yaşadıq. Həm kədərləndik, həm də sevindik. 

Biz iki sevinci yaşamaq üçün,
Gəldik bir araya sinif yoldaşım.
Nə yaman tez keçdi bu 44 il, gün,
Süzülür gözümdən acı göz yaşım.

Bəli, göz yaşlarımız aramsız süzüldü bu görüş günü. Nə qədər hislər keçirdik, İlahi! İllərlə görmədiyimiz sinif yoldaşlarımızla görüşdük. Qapqara saçlara dən düşmüşdü, illər öz izini üzümüzdə gəzdirmişdi. Ağaran saçlara baxdıqca kövrəlməmək mümkün deyildi.

Nə tez ötdü ömür yaş oldu altmış,
Saçıma qar yağdı, gözüm toraldı.
Qəlbimdə neçə min xatirə yatmış,
Ömrün bahar çağı necə saraldı.

 Məktəb illəri... Əllərim titrəyir bu iki kəlməni yazarkən, ürəyim ağrıyır bu sözü eşidərkən...  İnsanın həyatında çox müəllimlər olur, sinif müəllimi, dil müəllimi, kitab müəllimi, yol müəllimi və bir də həyat müəllimi. Yollar kimidi bu müəllimlər, biri səni aydınlığa aparar, biri isə qaranlıqdan çıxarar. Bir zaman hərf öyrəndiyimiz məktəblərdə indi müəllimlik edən məktəb yoldaşlarıma baxıram. İlahi, insan necə dəyişərmiş, insanın hər bir şeyi dəyişsə də, bircə dəyişməyən gözləridir. O gözlər 44 il əvvəl bu həyata necə baxırdılarsa, elə indi də bax elə baxırdı və mən bunu bir daha yaşadım, gördüm.
Sinif yoldaşlarımın hamısının gözü gülürdü, qəlbi gülürdü və bu gülüşün ömrünün uzun olması üçün Allaha nə qədər yalvarsam da azdır.

Necə gözəl idi bu görüş anı,
Elə bil dünyaya yeni gəlmişdik.
Gülüş səsi bürümüşdü hər yanı,
Dünyanın ən xoşbəxt, bəxtəvəriydik.

Bir gözəl gün yaşadıq. Düzdür, müəyyən problemlərə görə mən bu görüşdən ikisini qaçırsam da, bu mənim sinif yoldaşlarımın beşinci görüşü idi. Mən indi bildim ki, belə görüşlərə insanın iki əli qanda olsa da, mütləq gəlməlidir. Bu həyatdır, nə gəıtirəcəyi bəlli olmur. Ancaq bu dünyada qalanlar ancaq xatirələrdir və bir də sinif yoldaşlarımızla keçirdiyimiz gözəl günlər, gözəl anlar. Mən hər bir sinif yoldaşıma sonsuz uğurlar, ən nəhayət isə can sağlığı arzulayıram. Gələn görüşlərədək deyirəm. 


Mahir Hümbətov,
Yeniazərbaycanhəyatı informasiya 
portalının rəhbəri





Tarix: 2-09-2024, 12:02 Oxunub: 191


Bölməyə aid digər xəbərlər
28-02-2024, 13:21 Şairin yeni şeirləri
8-10-2021, 08:30 Məktəb illəri
9-07-2021, 21:14 Allah rəhmət eyləsin
29-05-2021, 20:00 Allah rəhmət eyləsin
7-03-2021, 22:45 Təbrik edirəm!