12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
14 noyabr 2023-cü il tarixdə 29 yaşı qeyd olunan Şəhidimiz Cavid Mirzəyevin həyat hekayəsi...


 14 noyabr 2023-cü il tarixdə 29 yaşı qeyd olunan Şəhidimiz Cavid Mirzəyevin həyat hekayəsi...
2023-cü ilin sentyabr ayında erməni təxribat qrupunu zərərsizləşdirmək üçün Azərbaycan Ordusunun başlatdığı anti-terror əməliyyatı zamanı şəhid olan və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilən Baş leytenant Cavid Mirzəyevin doğum gününü qeyd etmək üçün onlarla insan Şəhidlər Xiyabanında toplaşmışdı...Oğlu ilə hər zaman qürur duyan, bu gün yoxluğu ilə barışa bilməyən bir atanın, dost-sirdaş olaraq söz-söhbətləri bir olan, övladının qoxusunu ciyərlərinə çəkmək istəyən qəlbi paralı bir ananın, "haradasan qardaş?”deyərək hələ də gözləri yol çəkən iki bacının, böyük ümidlərlə, gözəl arzularla sabaha boylanan bir gəlinin, yüzlərlə Cavidsevərlərin bu anlarda yaşantılarını ifadə etməkdə qələm də açizdir...
Çöhrəsindən təbəssüm əskik olmayan, ətrafındakı insanlara yalnız müsbət enerji ötürən xoşxasiyyət, mehriban, səmimi, həyat eşqli, nikbin baxışlı... Vətən oğlu cəmi 28 il ömür yaşadı, lakin bu kiçik ömrə böyük bir səlnaməni sığdıra bildi Qəhrəmanımız! Az yaşı ilə AZAD, BÜTÖV AZƏRBAYCANIN YENİ TARİXİnin səhifələrinə adını Qızıl hərflərlə həkk edən Cənnət Mələyinə çevrildi Vətən sevdalı Cavidimiz!
Şərəfli, lakin məşəqqətli hərbiçi ömrünü ləyaqətlə yaşayan İgidimizin həyatına, keçdiyi yola nəzər salaq:
 Cavid Azər oğlu Mirzəyev 14 noyabr 1994-cü ildə Siyəzən şəhəri, Gil-gil çay qəsəbəsində anadan olub. 2001-2006-cı illərdə Sumqayıt şəhər 40 saylı, 2006-2012-ci illərdə İ.Qayıbov adına 1 saylı tam orta məktəblərdə oxuyub. O, 5-ci sinifdə oxuduğu vaxtdan, məşqçi Anar müəllimin rəhbərliyi ilə, idmanın "Qaydasız döyüş” növü ilə məşğul olub.
C.Mirzəyev 2012-2016-cı illərdə Bakı Slavyan Universitetinin "Tərcüməçilik” (İngilis dili) fakültəsində təhsil alıb.
Vətənpərvər oğul 2016-ci ildə Sumqayıt Şəhər Hərbi Komissarlığı tərəfindən çağrılaraq, həqiqi hərbi xidmətə Sərhəd Qoşunlarının Yevlax rayonunda yerləşən "N” saylı hərbi hissəsinə göndərilib. O, 22.07.2017-ci il tarixdə xidmətini ləyaqətlə başa vurub.
C.Mirzəyev universitetdə oxuduğu illərdən 2017-ci ilə kimi, əmək fəaliyyəti ilə məşğul olaraq təcrübə toplayıb, ailəsinə dəstək olub. 2017-ci ildə Dövlət Sərhəd Xidmətinin "Təlim və Tədris Mərkəzi”ndə "Zabit hazırlıq kursu”nu bitirən C.Mirzəyev "leytenent” rütbəsi alıb. Elə həmin il o, Alora GROUP MMC-də işləyib. 02.10.2019-cu il tarixində ASQ-nin TTM-də Ehtiyat Zabit Hazırlıq kursunda "Motoatıcı Taqım komandirləri” ixtisası üzrə təhsil alıb.
C.Mirzəyev 2020-ci ilin iyul ayında Füzuli rayonunda keçirilən təlimlərə cəlb olunub. 44 günlük Vətən müharibəsinin ilk günündən, bölük komandiri kimi, Füzuli, Cəbrayıl, Xocavənd... istiqamətində gedən döyüşlərdə şücaət göstərən Cavid Mirzəyev Şuşayacan şərəfli döyüş yolu keçib. Qələbədən sonra, əsas postları Xocavənddə olsa da, o, Şuşada, Qırmızıbazar qəsəbəsində xidmət edib.
Vətənin mətin zabiti Vətən müharibəsindən sonra, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, "Vətən müharibəsi iştiakçısı”, "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla, həmçinin "Hərbi xidmətlərə görə”, "Füzulinin azad olunmasına görə”, Vətən uğrunda" medalları və "Rəşadət" ordeni və təltif olunub.
Hərbi xidmətdə fərqləndiyinə görə, C.Mirzəyev 2020-ci ildə "Baş leytenant” rütbəsi alıb.
C.Mirzəyev 18.02.2021-ci il tarixdə Səbinə xanımla nişanlanıb və 22.07.2022-ci il tarixdə gənclər ailə həyatı qurublar.
Vətən müharibəsi Zəfərlə başa çatsa da, düşmənin təxribatları davam edirdi. Məhfur qonşular tərəfindən torpaqlararımızın minalanması nəticəsində hərbiçilərimizin, mülki vətəndaşların minaya düşərək həlak olması, 2022-ci ilin sentyabr hadısələri zamanı itkilərimiz düşmən təxribatlarının acı nəticəsi idi. Təəssüf ki, düşmən elə düşmənliyində qalır, AzərbaycanınHaqq Qələbəsini qəbul edə bilmirdi...
2023-cüilin sentyabr ayında Azərbaycan Ordusunun erməni təxribat qrupunu zərərsizləşdirmək üçün başlatdığı anti-terror əməliyyatı zamanı düşmənin çoxsaylı itkilərinə baxmayaraq, Azərbaycan tərəfindən də itkilər oldu...
Vətən sevdalı mətin zabit Cavid Mirzəyev ailəsi ilə son danışığında, "ana, hər şey yaxşıdır” deyərək, narahat olan anasını arxayın edir...
Cavid Mirzəyev Füzuli-Ağdam istiqamətində düşmənlə üzbəüz ön xəttdə olsa da, 19.09.2023-cü il tarixdə Xocavənd rayonunda şəhidlik zirvəsinə yüksəlir. Mirzəyevlər ailəsi 20.09.2023-cü il tarixdə Cavid Mirzəyevin şəhid olması xəbərini alır.
Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı Cavid Azər oğlu Mirzəyev 21 sentyabr 2023-cü il tarixdə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunur.
------
Hər bir ailənin öz tarixçəsi, sevincli-kədərli günləri, şirinli-acılı xatirələri var. Bu gün Şəhidimiz Cavid Mirzəyevin böyüyüb ərsəyə gəldiyi Mirzəyevlər ailəsinin ömür kitabının səhifələrini vərəqləyəcəyik...
 Azər Mirzəyev 1963-cü ildə Xızı rayonunun Qaragöz kəndində anadan olub. 1980-cı ildən taleyini Sumqayıt şəhəri ilə bağlamalı olub. Yataqxanada qalan gənc oğlan 1980-1989-cu illərdə İctimai İaşə Trestində "aşbaz” işləyib. 1989-cu ildə trestin fəaliyyəti dayandığından, Azər bəy digər sahədə çalışmağa başlayıb.
Arzu xanım 1967-ci ildə Şabran rayonunun Gil-gil çay qəsəbəsində anadan olub, burada qayğısız uşaqlıq illərini yaşayıb, təhsil alıb...
Qohum olan Azər bəylə Arzu xanım 1989-cu ildə ailə həyatı qurublar. Gənc ailə Sumqayıt şəhərində kirayədə yaşayıb. Bu evlilikdən üç övlad dünyaya gəlib: Hökümə (1990), Cavid (1994) və Mehriban (2000).
 
Kirayədə qalan ailə nəhayət ki, birotaqlı mənzil alır. Dörd nəfərdən ibarət olan ailənin darısqal mənzildə necə yaşamasını təsəvvür etmək elə də çətin deyil. Kasıbçılıq, maddi durumun ağırlığı valideynlərin övladları ilə bağlı arzularını reallaşdırmasına maneçilik törədirdi. Sonradan 3-cü övladın dünyaya gəlişi ailə yükünü daha da artırır...
Ana: "Cavid anadan olandan sonra, 1995-ci ildə H.Z.Tağıyev qəsəbəsində, Kosmonavtda Kərim Kərimov küçəsində birotaqlı ev aldıq. Çətinlik olsa da, hər bir halda yataqxana şəraitindən yaxşı idi. Öz evimiz, isti ocağımız var idi.
Cavid o qədər sakit uşaq idi ki, sanki evdə uşaq yox idi. Bir dəfə evə qonaq gələndə, baxdıq ki, Cavid yoxdur. Bir də gördük, gedib bir güncdə oturub gizlincə kitab oxuyur. Onun kitab sevgisi sözlə ifadə olunmazdır.
Cavidim elə o dar, kiçik mənzildə böyüdü, məktəbi bitirdi...”.
2014-cü ildən Arzu xanım Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yerləşən Hərbi Hava Qüvvələrinin hərbi hissəsində fəaliyyət göstərən yeməkxanada çalışır. Azər bəy halal zəhməti ilə ailəni dolandırır, Arzu xanm işləməklə yanaşı, ailə qayğıları ilə yaşayaraq, uşaqların təlim-tərbiyəsi ilə məşğul olurdu.Valideynlər, dolanışıq nə qədər ağır da olsa, övladlarını tərbiyəli, əxlaqlı, vicdanlı, vətənpərvər böyütməyə nail olurlar...
  Cavid uşaq yaşlarından sakit təbiətli, az danışan, təlim-tərbiyəsi, davranışı ilə seçilən, nur simalı bir uşaq olub. Məktəb illərində nizam-intizamı, dərsləri yüksək səviyyədə mənimsəməsi, iti yaddaşı ilə sinif yoldaşları arasında fərqlənərək müəlimlərin rəğbətini qazanmışdı.
Vətənpərvər ruhda böyüyən Cavid mütaliə etməyi çox sevib, Tarix və İngilis dili fənnlərinə daha çox maraq göstərib. Asudə zamanlarında tarixi kitabları oxuyar, döyüş filmlərini izləyərdi. Bəlkə də, həmin anlarda yeniyetmə oğlan özünü qəhrəmanların yerində hiss edər, özü də bir qəhrəman olmaq arzusu ilə yaşayardı. Kim bilir... Lakin məktəbli oğlanın ağlına da gəlməzdi ki, məhz bir gün hər kəsin məhəbbətini qazanacaq, adı dillər əzbəri olacaq bir Qəhrəmana çevriləcək...
Hələ məktəb illərində dinə meyli olan Cavid namaz qılmağa başlamışdı. Dini kitabları oxuyar, peyğəmbərlərin həyatı iləmaraqlanardı. Bacılarından biri də namaz qıldığına görə, onunla dini mövzuda fikir mübadiləsində olardı. Lakin hərbiyə gedəndən sonra, o, vaxt məhdudiyyətinə görə, namaz qılmağı saxamalı olur.
Hər kəs kimi, onun da öz dünyası vardı. Lakin bir kimsəyə fikirlərini deməz, qapalı olaraq düşüncələri ilə təkbətək qalmağa üstünlük verərdi. Ailəsinin çətin şəraitdə yaşamasına, valideynlərinin fikir çəkməsinə nə qədər üzülsə də, bir gün onların da ailə ocağına Gün işığının düşəcəyinə ümidini itirmirdi. O, atasının qayğılı gözlərinə baxar, ona dəstək, həyan olmağa çalışardı. Anasının boynunu qucaqlayar, üz-gözündən öpər, təskinlik verərək sabaha xoş arzularla boylanardı. Cavid bilirdi ki, bir oğul kimi, onun çiyinlərinə böyük bir məsuliyyət yükü düşür və o, nə olursa-olsun ailəsinin xoş güzəranını təmin etməlidir.
  "Sovet dönəmində çalışdığım zaman mənə Yaşma bağları yaşayış massivindəverilən torpaq sahəsi eləcə əl dəyilməmiş qalmışdı. Ailə böyümüşdü, sığınacağın darlığından, fikirləşdik ki, o torpaqda bir ev tikək. Evin fundamentini də elə o, özü qazdı, dostları ilə birlikdə.
Zəhmətkeş, işgüzar idi. Tikinti sahəsindən də başı çıxırdı. 2016-cı ildə Cavid əsgərliyə gedəndə bu torpaq sahəsində yavaş-yavaş tikinti işlərini aparırdıq. Özü gələndən sonra da köməklik etməyə başladı”.
Cavid məktəb illərindən, ailəyə dəstək olmaq üçün, kiçik kafe və restoranlarda işəmuzd işlərdə çalışır. Onun qazancı ailə təlabatlarının ödənilməsinə qismən yarasa da, problemlər olduğu kimi qalmaqda idi. Cavidin bütün fikri-zikri ailəni ağır vəziyyətdən çıxarmaq, bir oğul kimi, valideynlərin yükünü azaltmağa çalışmaq idi...
Ata: "Cavid həddən artıq ailəcənlı, diqqətcil idi. Mənim həyatım necə ağır keçibsə, onun da həyatında çətinliklər, əzab-əziyyət çox olub. Hər zaman çalışıb ki, bizə kömək eləsin. Həyatında bir dəfə də olsun bizdən heç nə istəməyib. Həmişə təsəlli verməyə çalışaraq deyib ki, "darxma, ata, hər şey yaxşı olacaq, köməkliyim olacaq sizə”. Bizə toxtahlıq verib. İki dəqiqə bir yerdə dayanmazdı, işgüzar, qoçaq idi, çalışırdı nəsə bir iş görsün. Harada çalışır-çalışsın, onun haqqında ancaq razılıq eşidərdik”.
Gənc oğlan işinə sevgi və məsuliyyətlə yanaşmasına, tapşırığın öhdəsindən layiqincə gəlməsinə görə, hətta çalışdığı sahədə müdiriyyət tərəfindən valideynlərə "Təşəkkür məktubu” da gəlmişdi. Məktubda yazılır:
"Hörmətli Valideyn! Sizi fərəhli bir hadisə münasibətilə təbrik etmək istəyirəm. Aprel ayında bizim restoranın ən yaxşı işçisi oğlunuz Cavid olmuşdur. Bu mükafat işində uğurlu nəticələr əldə edən, restoranın rəhbərliyindən təşəkkür alan və kollektivin işində fəal iştirak edən əməkdaşlara verilir.
Cavidin təşəbbüskarlığı və qətiyyəti bizim komandamız üçün dəyərli nümunədir. Biz sizin oğlunuzla fəxr edirik və ona bundan sonra da uğurlar qazanmağı arzulayırıq!


Məktubun mətnindən Cavid haqqında insanda müəyyən fikir formalaşır: əməksevər, qoçaq, təşəbbüskar, qətiyyətli, məqsədli... Bu idi bizim qayğıkeş, ailəcanlı Cavidimiz!
Atasının dediklərindən: "Uşaqlıqdan bu günə kimə, bir dəfə də olsun eşitmədim ki, onun dalınca kimsə nəsə desin, yaxud kiminləsə mübahisə etsin, dalaşsın. Heç vaxt heç kəslə işi olmazdı. Sakit təbiətli olsa da, çox mehriban, qayğıkeş olub. Elə buna görə də, əhatə dairəsi geniş olub, hər kəsin sevgisini qazanıb”.
Cavidin həddən çox dostları olub. Lakin bir dostu ona əsl qardaş olub. Ülfətlə Cavidin qadaşlığına hətta, yaxşı mənada, qibtə edənlər də olub. Bu iki gənci bir-birinə bağlayan, əsasən, həyata baxışları, oxşar xatakterləri və yaşam tərzləri idi. Cavid dostluqda, yoldaşlıqda etibarlı, sədaqətli idi. Ona güvənmək olardı!
Qəlbiyumşaq, mərd, səxavətli olan Cavid hər zaman böyüklərin hörmətini saxlayar, ağsaqqal və ağbirçəklərə qayğı ilə yanaşardı. Hərbidə çalışanda evə gələn kimi, ilk növbədə qonşuluqda yaşayan tənha, yaşlı qadına gedib baş çəkərdi. Sanki bununla o, mənəvi rahatlıq tapardı. Bəlkə də, elə bu, gözəl keyfiyyətlərinə görə idi ki, Cavid hər kəsin qəlbində silinməz iz qoydu...
Hər zaman səbirli və təmkinli olan Cavidin çox zaman işlətdiyi müraciət forması belə olub: "Ən gözəl insan”. Hətta ailədə ən yaxın dostu, sirdaşı olan anasına belə, "ən gözəl insan, gəl otur bir yanımda” deyəndə, ananın üzünə təbəssüm qonar, şax qamətli, yaraşıqlı oğlu ilə qürur duyardı.
Boy-buxunlu, cüssəli, güclü olan Cavid xoşxasiyyət, həyata nikbin baxışlı, pozitiv enerjili gənc idi. Ağıllı, savadlı, işgüzar, bacarıqlı olması ilə hər kəsin diqqətini cəlb edərdi. Çöhrəsindəki təbəssüm insanda həyat eşqini artırardı.
Cavidin təlbəlik həyatı da çox maraqlı keçib. O, yaxşı oxumaqla yanaşı, universitetin ictimai həyatında aktiv olub, tədbirlərin və layihələrin həyata keçməsində fəal iştirak edib. Fərdi olaraq da, QHT-lərin bir çox layihələrinin iştirakçısı, seminarların dinləyicisi olub. Qazandığı mükafatlar, təltiflər Cavaidin sağlam həyat tərzindən, gələcək perspektivlərindən xəbər erirdi.
Uşaqlıqdan idmana həvəsi olan Cavid, məktəb illərində "Sayokan” döyüş sənətinin sirrlərinə yiyələnməyə çalışıb. O, müxtəlif çəki dərəcələri üzrə keçirilən bir çox turnirlərdə, yarışlarda iştirak etmiş, yüksək yerləri tutaraq müxtəlif təltiflərə layiq görülmüşdü.
Qəlbi Vətən sevgisi ilə çırpınan Cavid, vaxtı çatanda Vətən qarşısındakı borcunu ödəmək üçün həqiqi hərbi xidmətə gedir. Xidməti dövründə nizam-intizamına, yüksək döyüş hazırlığına, verilmiş tapşırıqların icrası zamanı yüksək nəticələrə görə, gənc əsgər dəfələrlə Fəxri Fərman və Diplomlarla təltif olunur.
Xidməti dövründa baş verən Şanlı Aprel döyüşlərindən təsirlənən C.Mirzəyev, sonrakı həyat yolu üçün artıq öz qərarını verir. Xidmətini ləyaqətlə başa vurandan sonra, hərbiçi olmaq arzunu gerçəkləşdirmək üçün, Azərbaycan Silahlı Qüvvələrinin "Təlim və Tədris Mərkəzin”ndə zabitlik kursunu keçir. Milli Ordu sıralarında xidmət göstərən zabit, özünü həyatın ən xoşbəxti sanır.
2020-ci ilin iyul ayında baş verən Tovuz hadisələri zamanı general-mayor Polad Həşimovla bərabər həlak olan zabitlərimizin itkisi gənc hərbiçini çox sarsıdır. O, qəhrəman oğulların qisası hissi ilə yaşayaraq, bir gün Haqq savaşının baş verəcəyi, o zaman öz sözünü deyə biləcəyi günü səbirsizliklə gözləyir. Nəhayət, II Qarabağ savaşının başlanması, hər bir azərbaycanlı kimi, onu da sevindirir. O, bu mübarizəyə tam hazır idi.
Vətən sevdalı Cavid Mirzəyev Vətən müharibəsində Füzulidən Şuşayacan şərəfli döyüş yolu keçir. Onun da Zəfər tarixində öz imzası olur. Mətin zabit şücaətinə görə, Ölkə Rəhbərinin müvafiq Sərəncamlarına əsasən, müxtəlif medallarla təltif olunur.
Ailə həyatı: Hər bir valideynin arzusu övlad toyu görmək, nəvə-nəticə sahibi olmaqdır. Azər bəylə Arzu xanım da bu arzularla yaşayırdı. Onlar tezliklə müharibənin bitməsini, Cavid üçün xeyir iş etməyi planlaşdırırdılar. Nəhayət, müharibə qələbəmizlə başa çatdı. Artıq el-obada sevinc və qürur hissi ilə toy-büsatlar qurulurdu. Cavid də illərlə sevib-bəyəndiyi, xoş arzularla xəyallar qurduğu xanımla ailə həyatı qurmağa qərar verir. O, Səbinə xanımla bir universitetdə oxumuş, lakin ayrı-ayrı fakültələrdə təhsil almışdılar. Gənclərin saf sevgilərinin 11 illik tarixi vardı. Onların ailə qurmasının gecikmə səbəbi isə evin olmaması idi.
Nəhayət, 2021-ci ilin 18 fevral tarixində nişanlanan gənclər 2022-ci ilin 22 iyul tarixində ailə həyatı qururlar. Xırdalan şəhərində Səbinə xanımın adına olan evdə gənc ailə gələcək üçün gözəl planlar qurur, xoş arzularla yaşayırdı...
Həyat öz axarı ilə davam edirdi. Lakin mənfur düşmən yenə də bəd əməllərindən əl çəkmir, 2022-ci ilin sentyabr ayında olduğu kimi, 2023-cü ilin sentyabr ayında da təxribata əl atır. Düşmənə qarşı Azərbayan Ordusunun anti-terror əməliyyatına gənc zabit də cəlb olunur...
 "Sonuncu dəfə evə gələndə bircə kəlmə demişdi ki, "gedirəm, tezliklə hər şey dəyişəcək, daha gözəl olacaq”. Cavid işi ilə bağlı heç vaxt danışmazdı. Amma hər zaman qələbə qazanacağımıza inanıb”.
Anasının dediklərindən: "Hərbidə olandan heç bir məlumat verməzdi. Deyərdim, "ay Cavid, artıq gəl, üzünə həsrətik...”. Cavab verərdi ki, "ay ana, bir az da səbr elə, hər şey yaxşı olacaq, inşallah, dekabrda gələcəm”. Tale yazısı...”.
Son zamanlar şəhidlik haqqında çox danışırdı. Bəlkə də, qəlbinin dərinliyində nəsə hiss edirdi... Kim bilir... Son anda qapıdan çıxanda da anasına son sözü bu olur: "Ana, mən Şəhid olub gələcəm!”.
Vətənin igid oğlu arzuladığı kimi, ŞƏHİD olaraq, Allah tərəfindən ən uca Zirvəyə layiq görüldü, Cənnətin qapıları gənc qəhrəmanın üzünə taybatay açıldı. Şəhidliyindən öncə yoldaşından ata olacağı xəbərini alan cəsur hərbiçi nələr yaşadı o anlarda, görəsən? Ən ağır müharibədə belə əsgərlərini qoruyan, "siz hələ cavansız” deyərək özünü odun-alovun içərisinə atan cəngavər oğul nələr düşündü, nələr keçdi qəlbindən həmin dəqiqələrdə? Ancaq onu bilirik ki, hər kəs bu fani dünyadan ŞƏHİD kimi köç etməyə layiq olmur. Yalnız Allahın SEÇİLMİŞləri Cənnətməkanlıq olurlar!
Anası söhbətimizə qoşulur,- "Qonşuluqda yaşayan, Cavidin sinif yoldaşı Aytac gəlmişdi bizə, onun haqqında danışanda dedi ki, "aşağı sinifdə oxuyurduq, haradasa 3-4-cü sinifdə olardı. Cavidlə həyətdə oynayanda dedi ki, "mən gedib Qarabağı, torpaqlarımızı alacam, amma orada şəhid olacam””. Canım oğlum hələ uşaq vaxtlarından Şəhidlik arzusu ilə yaşayıb... Yoldaşına da deyirdi, "mənə necə şəhidlik yaraşır?! Mən şəhid olacam”.
Bir insanın xətrinə dəyməyən, bir qarışqanı belə tapdalamayan balam çox tərbiyəli, savadlı, abırlı, həyalı, təmkinli idi. Bir neçə dil bilirdi... Nə deyim... Ağırdır... cox ağır... Övlad itkisini heç nə əvəz edə bilməz, o da ola Cavid kimi oğulun... Çətin də olsa, oğlumla qürur duyuram! Vətənini sevdi, hərbini seçdi, sevdiyi Vətən yolunda da ŞƏHİD oldu... Ruhu şad olsun balamın...”.
Ülfət ( Şəhidimizin dostu):"Cavidlə 1 nömrəli məktəbdə bir sinifdə oxumuşuq. Məktəbi bitirsək də, dostluğumuz davam edirdi. Çox saf qəlbli, açıq fikirli, xeyirxah, ailəcanlı, qayğıkeş, diqqətcil idi. Təbiətcə sakit, azdanışan olsa da, oxşar, uyğun xasiyyətlərimizə görə, hər bir mövzuda rahat danışardıq. Əsasən də, gələcək planlardan söz açardıq. Bizim yaşayış tərzimiz, ailədəki çətinliklərimiz oxşar olduğundan bir-birimizi yaxşı anlayırdıq.
Ən çox onu narahan edən ailə vəziyyəi, çətinliklər, yaşayış səviyyəsi idi. Rahat, xoşbəxt həyat yaşamaq arzusunda idi. Valideynlərinin necə əziyyət çəkmələri, şəraitsizlik onu çox üzürdü. O, ailəsinin dolanışığına kömək etmək üçün sanki çırpınırdı. Əlindən gələni etməyə çalışırdı ki, gün-güzəranları yaxşılaşsın.
Cavid həm də həddən çox vətənpərvər, qeyrətli idi. Demək olar ki, şəhidliyinəcən bir çox döyüşlərdə iştirak etmiş, rəşadətli döyüş yolu keçmişdi. Son zamanlar yaman şəhidlikdən danışırdı. Keçən il evlərində mebelləri yığanda güzgüyə baxıb dedi: "Məndən əsl Şəhid qoxusu gəlir. Mən Şəhid olacam!”. Sanki ürəyinə nəsə dammışdı...
Bu gün dostumun, sirdaşımın itkisinə hələ də inana bilmirəm... İnanıram ki, Cavid kimi oğullar heç zaman unudulmayacaqlar!”.
Arxa-dayağını, ümid çırağını, qol-qanadını itirmiş Azər bəy özündə güc taparaq yalnız bu sözləri deyə bildi: "Vətən vətəni sevib qorumağı bacaran oğulların sayəsində Vətəndir! Təki Vətən sağ olsun!”.
Cavidin bacılarına baxıram və yadıma şairin sözləri düşür:
"Qardaşlar gələn yola bacılar qurban gedər,
Qardaş doysa bacıdan, bacı doymaz qardaşdan!”.
Qardaş itkisi ilə barışa bilməyən və gözləri yol çəkən bacılara təskinlik verməkdə söz də acizdir... Lakin əminliklə deyə bilərik ki, Cavidin bacısı uşaqları olan 3 oğlan dayıları kimi vətənpərvər olaraq, Vətənə layiq övladlar olacaq, Vətənin keşiyində ləyaqətlə duracaqlar! Cavid kimi oğullar məhz məsum körpələrin, fidan balaların, bugünkü gəncliyin parlaq, xoşbəxt gələcəyi naminə canlarından keçməyə hər an hazır oldular!
Cavid hələ uşaqlıq illərində tez-tez anasına deyərdi: "ana, babam mənim adımı niyə "Cavid” yazdırıb? Mənim adım Cavidandır, mən Babək nəslindənəm”. Ana oğlunun sözlərinə gülər və deyərdi: "Bala, bu nə sözdür?”. O da cavab verərdi ki, "ana, siz bilmirsiz, insanlar ölür, sonra bir neçə dəfə dünyaya gəlir. Mən Bəbəkin cildində dünyaya gəlmişəm”. Bəli, Cavidin hissləri onu aldatmamışdı. Bu, qeyrətli Vətən oğlu, Azərbaycanın azadlıq carçısı olan xalq qəhrəmanı Babək tək, Vətənə göz dikən yağı düşmənin layiqli cavabını verərək xalqın qəlbində daim yaşayacaq qəhrəmana çevrilir...
Cəmi 28 il ömür yaşasa da, bu ömrü ləyaqətlə, şərəflə yaşadı Qəhrəmanımız! Arzularının üstündən xətt çəkdi, təki Vətən VAR olsun deyə! İllər, əsrlər keçəcək, hər kəs unudulacaq, lakin rəşadətli döyüş yolları ilə Şəhidlik Zirvəsinə ucalan Cavid Mirzəyev kimi vətənpərvər oğullar yaddaşlardan heç vaxt silinməyəcək!
Başınızı uca tutun Azər bəy, Arzu xanım! İgidimizlə təkcə siz yox, bütün Azərbaycan xalqı, Azərbaycan milləti qürur duyur, fəxr edir!
Ruhun şad olsun, Cənnətməkan Şəhidimiz!

Tarix: 21-09-2024, 08:17 Oxunub: 796


Bölməyə aid digər xəbərlər