QORXURAM
Allahsızdan çəkinmirəm zərrədək,
Saxta namaz qılanlardan qorxuram.
Qorxum yoxdur o sürünən ilandan,
Adam olan ilanlardan qorxuram.
Sevinc yaşı ağrı kimi sırınan,
Düzü, safı əyri kimi sırınan.
Əl əyrisi doğru kimi sırınan,
Bəxt qaraldan yalanlardan qorxuram.
Hər bir adam bilməlidir hədəfin,
Dolaşmağa qoymuyasan kələfin.
Hörmətim var kim seçirsə tərəfin,
O ortada qalanlardan qorxuram.
Hər qazanda qaynayanlar bir yana,
Böyük, kiçik saymayanlar bir yana.
Hər havaya oynuyanlar bir yana,
Hər havanı çalanlardan qorxuram.
Qəhrəman etdilər yalan ömrünü,
Daş-qalaq etdilər qalan ömrünü.
Xəzan yarpağı tək solan ömrünü,
O yalandan üzə duranlardan qorxuram.
22.07.2024
BILMƏDIM
Öz ömrümə qənim oldum çox heyif,
Gündüzünü, gecəsini bilmədim.
Yaxşı günü yamanlara pay edib,
Özüm üçün seçməyini blmədim.
Göz yaşımı yanağıma içirdim,
Avam oldum pisi başa keçirdim.
Dəftərimi varaqlara köçürdüm,
Qafiyəsin, hecasını bilmədim.
Gəlib çatdım yaz ömrümün qışına,
Yelə verdim gözəl ömrü boşuna.
Söz demədim gözüm üstə qaşına,
Dərdin çəkib neçəsini bilmədim.
Mən ömrümü dara çəkib soymuşam,
Hər əzabı çəkmək üçün qıymışam.
Çox heyifki, gec anlayıb duymuşam,
Bildiyimin hissəsini bilmədim.
Qəhrəman həsrətdən yanan ürəyim,
Haqqı, ədaləti sevən ürəyim,
Hər insana aycan deyən ürəyim,
Yaxşısını, pisini seçə bilmədim.
YAŞAMAQ OLMUR
Dünya, aç qapını qoy çıxıb gedim,
Daha bu dünyada yaşamaq olmur.
O qədər ağırdır yükün belimdə,
Nəfəsim kəsilir daşımaq olmur.
Dünya, aç qapını qoy çıxıb gedim,
Ömrümü boş yerə illərə satdım.
Məndən oğurlanan xoşbəxtliyimi,
Bəlkə o dünya da axtarıb tapdım.
Dünya, aç qapını qoy çıxıb gedim,
Qəmin dəryasında batıb boğuldum.
Nə olar izn ver son dəfə mənə,
Gedim ki, yenidən bəlkə doğuldum.
Qəhrəman uçubdur səadət sarayım,
Haqqa ədalətə çatmır harayım.
Yəqin qazılıbdır mənim məzarım,
Dünya, aç qapını qoy çıxıb gedim.
QABAĞINDAYAM
Mənə kömək eylə məni Yaradan,
Həyatın ən çətin sınağındayam.
Sənsən xoşbəxtliyi, qəmi yaradan,
Görürsən uçurumun qırağındayam.
Yusifi quyudan qutaran sənsən,
Külək fırtınası qutaran sənsən.
Qaranlıq zindandan çıxaran sənsən,
Dərdimə bir dərman sorağındayam.
Möhtac etmə məni səndən özgəyə,
Yalvardım dərdimə dərman ver deyə.
Əl açıb səmaya baxıram göyə,
Bir aciz qulunun qabağındayam.
Qəhrəman həyatdan etmə gileyi,
Yaradana et həmişə diləyi.
Onsuzda Yaradan edir köməyi,
Əbədi itaət duasındayam.
AY ALLAHA
Nə dövlət istərəm, nə var istərəm,
Sən mənim canımı sağ eylə Allah.
Ağrısız, acısız məzar istərəm,
Yanında üzümü ağ eylə Allah.
Qoyma ki, harama uzansın əlim,
Nə yalanım olsun, nə fitnə, felim.
Alnımın təri ilə bükülsün belim,
Halalı qəlbimdə tağ eylə Allah.
Özün kömək eylə mənə çətində,
Sənin əlindədir bəxt qismətimdə.
Heç vaxt olmamışam yar həsrətində,
Haqq yolun mənim üçün bağ eylə Allah.
Bu dünyada nadanlardan bezmişəm,
Haqq, ədaləti səf-səf dözmüşəm.
Hər cəfaya, hər ağrıya dözmüşəm,
Qəhrəman canını sağ eylə Allah.
Danışır
Sahibsiz qalıbdır hünər meydanı,
Qotur dana nər adından danışır.
Briliyantı misdən seçə bilməyən,
Zərgər olub zər adından danışır.
Qarışıq salıbdır muğamla cazı,
Qarğaya xoş gəlmir bülbül avazı.
Dayaz göllər bəyənməyib Arazı,
Quru çaylar Kür adından danışır.
Köhlən atlar möhtac olub samana,
İndi dövran dost olubdur yamana.
Səni virana qal belə zamana,
Arvad evdə ər adından danışır.
Talanmış ömürdür, gündür neyniyim,
Bəxtimin çırağı söndü neyniyim.
Qəhrəman haqq işi öldü neyniyim,
Namərdlərdə mərd adından danışır.
Dünya
Gah başıma tumar çəkən,
Gah ilan tək çalan dünya.
Gah sinəmə dağlar çəkən,
Gah könlümü alan dünya.
Gah dağılan, gah qurulan,
Bəzən açan, bəzən solan.
Gələnləri yola salan,
Özü bağlı qalan dünya.
Min rəngi min donu var,
Neçə-neçə oyunu var.
Nə əvvəli, nə sonu var,
Yalan dünya, yalan dünya.
Qəhrəmanı həmən unut,
Solu günəş, sağı bulud.
Dovşana qaç, tazıya tut,
Deyən köhnə filan dünya.
Oldu
Kimə ki, can deyib yandım ürəkdən,
Canım oda yandı neyniyim.
Kimə ki, yaxın dost sandım ürəkdən,
Sonunda düşmənə döndü neyniyim.
Aldı qucağına məni qəm-kədər,
Həyat hər addımda sınadı məni.
Bəzən ürəyimi diddi şübhələr,
Qismətim, talehim qınadı məni.
Şeytanlar görmüşəm mələk donunda,
Hamısı xoş günün mələyi oldu.
Qəhrəman kimsəsiz qaldığım anda,
Tək Allah duası köməyim oldu.
DÜNYADA
Allah adamlara görən nə olub,
Arzular, istəklər zamansız solub.
Qəlblərə iblislər, şeytanlar dolub,
Kimə inanasan, kimə dünyada.
Ehtiyat edirsən danışmağada,
Sözü ucuz olub satırlar baha.
And içmək dəyərin itirib daha,
Kimə inanasan, kimə dünyada.
Tanımaq istəsən tələsmə yavaş,
Çətində tanınar yaxşı dost, sirdaş.
Adamın saxtası çoxalıb qardaş,
Kimə inanasan, kimə dünyada.
İşbazlar bürüyüb tutub hər yeri,
Tük gəzən gözünlə görmüyür tiri.
Əlinlə verdiyin qayıtmır geri,
Kimə inanasan, kimə dünyada.
DƏYSİN
Atanı, ananı saymayan övlad,
Öləndə hörmətin başına dəysin.
Cənazəsi üstdə qoparsan fəryad,
Həşri qiyamətin başına dəysin.
Atanı, ananı sağikən ara,
Onlar ağ deyəndə sən demə qara.
Onlar bu dünyadan köçəndən sonra,
Verdiyin xeyratın başına dəysin.
Atanı, ananı sağikən istə,
Qoy adın deyilsin eldə məclisdə.
Öləndə gül töksən qəbrinin üstə,
Xərcin, xəsarətin başına dəysin.
Atadır, anadır həyatın canı,
Onlarsız törəyib yaşayan hanı.
Şah olsan ziyarət etməsən onu,
Taxtın, səltənətin başına dəysin.
Atadır, anadır ömrünün yazı,
Onlara çox gördün şirin avazı.
Qəhrəman deyərki, ay naxələf, ay tazı,
Etdiyin mərhəmət başına dəysin.
VALLAH
Biraz büdrədinmi, qohum da, dost da,
Səni kürəyindən oxlayır vallah.
İmkanın yoxdursa yad oğlu yad da,
Nə qardaş, nə bacı yoxlayır vallah.
Kasıbı taleh də, bəxt də saxlamır,
Zaman üz döndərir, vaxt da saxlamır.
Üstündə yatdığın taxtda saxlamır,
Altında büdrəyir, laxlıyır vallah.
Çırpınır boğulur dərdin içində,
Vəfasız qalmışıq yurdun içində.
Ay Qəhrəman bu qədər qurdun içində,
Adamı bir Allah saxlayır vallah.
QALMASIN
İlahidən bir diləyim var mənim,
Sağlığı əlimizdən almasın.
Dərd verəndə dərmanı yetirsin,
Heç bir kəsə ehtiyacı qalmasın.
Yaradan yaşayır, yaşayır ömür,
Atalar, analar heç vaxt ölməsin.
Heç kəsin balası çörəkdən ötrü,
Özgə süfrəsində gözü qalmasın.
Həyatın çox çətin yolları varmış,
Qəhrəman yolunda duman olmasın.
Allah bir dil\əyim vardır həyatda,
Heç kimin balası yetim qalmasın.
NECƏSƏN?
Baxmadın ahıma, amanıma sən,
Döndün yaxınkən, yamanıma sən.
Nə qəsddir eylədin bu canıma sən,
Ağlımı başımdan alan necəsən?
Hanı qəlbindəki eşqin dənizi,
Mənə çoxmu gördün o gül bənizi.
Deyirdin ölümdə ayırmaz bizi,
Eşqi, məhəbbəti yalan necəsən?
Gözünün sevinci yaşdımı indi,
Yerim ürəyində boşdumu indi.
Günün güzaranın xoşdurmu indi,
Tənhalıq fəryadı çalan necəsən?
Qəhrəmanı saldın qəm dəryasına,
Baxmadın titrəkli yanıq ahına.
Başqaların saldın güllü yazına,
Ömrünün baharı solan necəsən?
Bölməyə aid digər xəbərlər