Son vaxtlar xoş söz eşitməyə, xoş münasibət görməyə o qədər ehtiyacımız var ki! Belə xoş sözlər eşidəndə, xoş münasibət görəndə adamın ürəyi də açılır, sevinir. Düşünürsən ki, nə yaxşı ki, dünyada yaxşı insanlar var və yenə də nə yaxşı ki, dünya yaxşı insanlardan xali deyildir.
Təsadüfən rastlaşdığım bu elan diqqətimi cəlb etdi. Şəhid ailələrinə və qazi ailələrinə, eyni zamanda Sumqayıt Dövlət Universitetinin tələbələrinə dönər pulsuzdu. Belə bir zamanda, özü də balaca bir obyektdə bu şəkildə səxavətlik etmək həqiqətən də ürəyimi qürurlandırdı. İçəri daxil olanda obyekti işlədən cavan oğlanla balaca bir ayaqüstü söhbət edirəm. Və nəyə görə belə bir xeyirxah addım atdığının səbəbini soruşuram. Təbriz müəllim bu barədə fikirlərini belə dilə gətirdi:
-Mən Sumqayıt Dövlət Universitetinin tələbəsi olmuşam və belə bir dövlət Univeristetini bitirdiyim üçün çox şanslıyam. Tələbə vaxtı bilirsiz rayonlardan gələnlər üçün işləmək çətin olurdu və həm də oxuya-oxuya işləmək də çətinlik yaradırdı. Bunun üçün də bəzən dönər almağa danmıram, pulum olmurdu. Dönərxanaların yanından baxa-baxa gedirdim. Düzdür, indi həmin günlər arxada qalıb, lakin mən o günləri heç vaxt unuda bilmərəm. Düşünürəm ki, mənim kimi bu universitetdə oxuyan tələbələr çoxdur və onlar nəyə görə bu dönərxananın yanından baxa-baxa keçsinlər?! Elə ona görə də belə bir qərara gəldim ki, Sumqayıt Dövlət Universitetində oxuyan tələbələrə dönəri pulsuz verim. Belə bir iş gördüyümə görə də çox şadam. Düşünürəm ki, ruzini verən Allahdır, mən beş manat burdan xərcləyirəmsə, uca Tanrı onun 55 qatını mənə qaytaracaqdır.
Bəli, mənim Qazi və Şahid ailələrinin balalarına börcümu nə dönərlə, nə da başqa bir şeylə ödənə bilmərəm. Təkcə mən yox, bütün Azərbaycan xalqı onlara borcluyuq, onlara borcumuz ödənməz. Elə düşünməyin ki, mən bu borcu bir dönər, bir ayranla ödəmək fikrindəyəm, qəti şəkildə belə bir fikrim yoxdur. Mən şəhid ailələrinin balalarına, qazi olan övladlarımızın balalarına canımı da versəm, azdır. Onların haqqı heç nəylə ödənməz. Mən indi utanıram deyəm ki, elə ailələrə bir dönər və ya bir ayran verirəm. Vallah mən utanıram, ancaq yenə deyirəm, mən elə övladlarımızın balalarına canımı da versəm azdır. Onların sayəsində biz Qarabağa üç rəngli bayrağımızı sancdıq, onların sayəsində Zəfər qazandıq. Onlar bizə bu sevinci yaşatdılar, mən burda oxuyanda, təhsil alanda onlar soyuq səngərlərdə düşmənə qarşı vuruşdular. Onların haqqı ödənməz. Düzdür, hər gün eşitdiyimiz sözlərdi bu sözlər, Şəhidlərin haqqı ödənməz, qazilərin yaşadağı həyata, onların sağlamlığına vurulan hər hansı bir izə görə biz onlara sonsuzadək borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Yenə deyirəm, mən bunu dilimə gətirməkdən utanıram, deyəm ki, şəhid ailələrinə dönər pulsuzdur, qazi ailələrinə dönər pulsuzdur. Ancaq mənim də gücüm buna çatır, bunu etməyi özümə borc bilirəm. Mən ancaq ürəklə deyə bilərəm ki, Sumqayıt Dövlət Universitetində təhsil alan tələbələrə dönər və ayran pulsuzdur, bax bunu ürəklə deyə bilərəm. Çünki bu mənim ürəyimdən gələn bir istək idi və onu da həyata keçirdim. Gecə-gündüz işləyib mən bu arzuma çatdım. Bunun üçün mən uca Tanrıya minnətdaram.
Əvvəlcə balaca bir yer açıb orda sənədlərin surətini çıxarmaqla məşğul idim. Orda da mən tələbələr o qədər güzəştlər etmişəm ki, saymaqla bitən deyil. A4 formatında kağızların sürətini mən 2 qəpiyə çıxarırdım. Bu qiymət heç mənim kağız pulumu belə ödəmirdi. Lakin mən yenə də tələbələr üçün əlimdən gələni etdim və bu gün də edirəm. Nə qədər ki, burda işləyirəm, onlara əlimdən gələn köməkliyi edəcəyəm.
Kasıb mərd olar, bu sözü kim deyibsə, yerində və zamanında deyib. balaca bir obyekt işlədərək tələbələrə öz köməkliyini etməyə çalışan Təbriz müəllimə ürəkdən Sağ ol deyirəm. Onun atdığı bu addım hər bir sahibkar üçün nümunəvi bir addımdır. Çox istəyərdik ki, böyük, böyük iş görən sahibkarlar Təbriz müəllimdən nümunə götürsünlər. Xeyirxahlıq deyilən sözün mənasını gəlib Təbriz müəllimdən öyrənsinlər. Böyük iş adamlarına, milyonlar qazanan sahibkarların Təbriz müəllimdən öyrənməli çox şeyləri var. Bir daha bu gözəl və nümunəvi addım üçün Təbriz müəllimə dərin minnətdarlığımızı bildirirk. Sizinlə qürur duyuruq.
365 gün qəzetinin baş redaktoru
Bölməyə aid digər xəbərlər