61 yaşın ziyası: Bu gün, elə həmin gündür MAHİR HÜMBƏTOV-61
61 yaşın üzərindəki illər adətən müdrikliyin başlanğıc dövrü adlandırırlar. Yaşanmış bu illər bir tərəfdən ömrün çox, digər tərəfdən az hissəsi hesab edilir.
Bununla belə, insanın mənəvi yetkinlik dövrünə qədəm qoyduğu, özü qarşısında hesabat verdiyi 61 il həm də böyük zaman kəsiyidir. Həmçinin, şərəflə yaşanan ömür yolundan asılı olmayaraq, insan həyatında iz qoyan əbədi keyfiyyət möhürüdür. Bu mənada tərcümeyi-halına nəzər salanda görürsən ki, ömrünün 61 ilini geridə qoyan Mahir Hümbətov üçün də bu illər kifayət qədər dolğun, mənalı yaşanmış bir həyatdır.
Mahir Hümbətov 1960-cı il Qərbi Azərbaycanın Qafan şəhərinin Gığı kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini dogma kəndlərində alıb. Ali təhsilini isə Bakı şəhərində alıb. Universiteti bitirdikdən sonra öz doğma elinə qayıdıb. Məlum hadisələrdən sonra 1988-ci ildə Sumqayıt şəhərinə pənah gətirib, elə o vaxtdan da Sumqayıtda işləyir və yaşayır. Özünə Sumqayıtı ikinci dogma vətən sayan Mahur müəllim doğulduğu kəndin yarasını bu gün də ürəyində yaşadır. Bütün o torpaqdan qovulanlar kimi, o da o torpağa qayıdacağı günü səbirsizliklə gözləyir:
Qafan, adını deməkdən qabardı dilim,
Günlərim boş keçir, boş keçir ilim,
Bilmirəm o yurda mən neçə gedim,
Doğma Gığı kəndim, həsrətəm sənə.
30 ildən artıq bir vaxtda doğma Gığı kəndini görmək, doğma vətənə qovuşmaq həsrətini içində yaşadan Mahir müəllim özü bu barədə belə deyir:
- Bu nisgili hərdən olur ki, ovutmağa çalışıram, bəzən özümə ümid verirəm, təsəlli edirəm. Elini, obasını, yurd yerini itirən insanlar mənim acımı, həsrətimi çox gözəl anlayar. Bu elə bir acıdır ki, sözlə təsəvvür etmək çox çətindir. Əllərimi qoynuma qoyub, gözlərimi yumub o yerlərin bu günkü görkəmini xəyalımda canlandırmağa çalışıram. İlahi, o yurdu necə görmək istəyirəm, doğulduğum kəndi, gəzdiyim yerləri, oynadığım yamacların həsrətini elə çəkirəm ki… sözlə ifadə edə bilmirəm. Onu anca şeirlə ifadə edə bilərəm:
Mən elə həsrətəm o dogma yurda,
Əlimi qoynumdan sala bilmirəm.
Gör neçə vaxtdır ki, qalıbdı darda,
Mən artıq o yurdsuz qala bilmirəm.
Mahir müəllim deyir ki, insan qəriblikdə yaşayıb yaşa dolduqca doğulub boya-başa çatdığı ata-baba yurdu, gəzdiyi dağlar, dərələr, meşələr, suyundan içdiyi buz bulaqlar, həmyerliləri tez-tez gözünün önündə canlanır: O torpaqdan çıxandan sonra qafanlılar ölkənin 50-dən artıq rayonunda məskunlaşıblar. Mən demək olar ki, bir çox ölkələr gəzmişəm, Azərbaycanı qarış-qarış gəzmişəm, ancaq dogma kəndimin havasını heç yerdə uda bilməmişəm, heç bir yerdə rahatlıq tapmıram. Çünki heç bir yer doğma obamı əvəz etmir.
Gözümü dikmişəm Qafan yoluna,
O yoldan gələnin gözündədir yaş.
Qəlbimə silinməz bir yol salına,
O yolla gedəydim Qafana qardaş.
Qafan dərdi bir günnü dərdi deyil, 33 ilin dərdidir, 35 ilin dərdidir. Bu dərd o zaman dərmanını tapacaq ki, biz yenidən o torpaqlara, o dogma kəndə qayıdacağıq. Və mən o günü səbirsizliklə gözləyirəm,-deyir Mahir müəllim.
Mahir Hümbətov Sumqayıt ziyalıları, şairləri və yazıçıları içində öz dəst xətti olan bir jurnalistdir. Onun qələmindən çıxan hər bir kəlimənin bəlkə də 101 mənası var. Mahir müəllimin dilindən Qafan kəliməsini hər kəlmə başı eşitmək mümkündür.
Bu gün təsadüfən eşitdim ki, Mahir müəllimin doğum günüdür.
Bəli, insanın dünyaya gəlişi çox gözəl bir hadisəyə çevrilir, bayram kimi qeyd olunur. İnsan arzularla yaşaya-yaşaya böyüyür, peşə qazanır, cəmiyyətdə öz yerini tutur, nəsillərin varisliyini davam etdirir. Hər bir insanın həyatı və taleyi obrazlı şəkildə desək oxunmamış kitaba, seyr edilməyən maraqlı bir filmə bənzəyir. Insanın var olduğu dönəmdən sonra yaddaşlarda qalması üçün ZAMAN yetərli olmur. Əsas odur ki, sən yaşadığın zaman kəsimində cəmiyyət üçün xeyirli bir şəxs olasan. Necə deyərlər əsl şəxsiyyət olmağı bacarasan ki, qısa ömür yaşasan belə yaddaşlarda bir insan kimi qala biləsən…
Bəli, əsl şəxsiyyət olmaq çox çətindir. Bunun üçün mənəvi və bioloji varlığı ilə insan yaşadığı cəmiyyətə böyük səmərə verməli, onlara daim düzgün yol təlqin etməyi bacarmalıdır. Mənim bu günkü QƏHRƏMANIM MAHİR MÜƏLLİM kimi. Mahir müəllimin bütün ad günlərində tək bir şey arzulamışıq: Gələn ad gününü dogma Qafanda keçirək. Düzdür, bu arzumuza hələ çatmamışıq, ancaq çoz az qalıb və bir gün biz o dogma yurdda qeyd etmədiyimiz ad günlərini qeyd edəcəyik.
Mahir müəllimin yubileyində onun haqqında çox xoş söz demək olar, o həqiqətən də zəhmətkeş, istedadlı qələm sahibi, dost, yoldaş, səmimi ailə başçısı, babadır. 61 yaş əslində insan ömrünün müdriklik, ikinci gənclik, yaşın üstünə yaş gəldikcə onun yeni zirvələrin fəthinə doğru addımladığı bir dövrdür. Bu yaşdan sonra insan həyatı əvvəlcə kükrəyərək sonsuz dənizlərə can atan, sonra isə sakit axan bir çaya bənzəyir. Mən Mahir müəllimə 61 yaşın işığında sözün əsl mənasında ikinci bir gənclik dövrü, nəvələrinin toyunda fəxrlə ağsaqqal sözü deməsini arzulayıram. Ad gününüz mübarək Mahir müəllim!
Xəlil müəllim
Bölməyə aid digər xəbərlər