"Azəriqazbank"dakı (AGbank) saxta qızıl işi ilə bağlı qalmaqal böyüyür. Milyonlarla dəyəri olan qızılların kim tərəfindən saxtalaşdırıldığı araşdırılır.
Musavat.com xəbər verir ki, söhbət hazırda həbsdə olan və Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham edilən Səmimi Eldar Yunis oğlunun cinayət işindən gedir.
Eldar Səmimi barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir.
Cinayət işinin materiallarında dələduzluq hadisənin bir çox ilginc məqamları üzə çıxıb.
Əvvəlcə qısa olaraq qeyd edək ki, Eldar Səmimi "Azəriqanbank"dan kredit götürmək üçün banka qızıl-zinət əşyalarını girov qoyub. Bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyətini davam etdirib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bu azmış kimi bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb. Eldar Səmimi bu ittihamlarla suçlanır.
Eldar Səmimi kimdir?
63 yaşlı Eldar Səmimi 1985-ci ildə Azərbaycan İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib.
1993-cü ildə "Azəriqazbank" təsis edildikdən sonra 2 ilə yaxın bankın müşahidə şurasının sədri olub. Həmçinin bankın həmtəsisçilərindən biri olub. Daha sonra "Azərbaycan Beynəlxalq Bankı"nda və "Mostbank"da da çalışıb. 1999-cu ildə Moskvaya gedərək orada banklardan birinin idarə heyətinin sədr müavini kimi çalışıb. 2010-cu ildə isə Azərbaycana qayıdıb və bir müddət Dövlət Sosial Müdafiə Fondunda çalışıb.
Eldar Səmimi 2012-ci ildə "Təzə bazar" yaxınlığında icarəyə yer götürərək lombard işlətməyə başlayıb. Lombard üçün Eldar Səmimi "AGbank"dan bir neçə dəfə kredit götürüb.
Yarım milyon manata yaxın kredit götürən Eldar Səmimi borcunu ödəyə bilməyib. Faizlərlə birlikdə onun borcu 700 min manatı ötüb.
Eldar Səmimi borcunu ödəyə bilmədiyi üçün bank tərəfindən məhkəməyə verilib. Məhkəmə qərar verib ki, Eldar Səmiminin banka girov qoyduğu qızıl-zinət əşyaları (brilliant, qızıl sikkələr, antik qızıl əşyalar və.s) müsadirə edilərək onun borcuna yönləndirilsin.
Elə Eldar Səmimiyə qarşı ittihamlar da bundan sonra irəli sürülb. Sonra bank rəhbərliyi dəyişdikdə qızıl-zinət əşyalarının qiymətləndirilməsi aparılan zaman məlum olub ki, banka qoyulan əşyaların bəziləri qızıl deyilmiş.
Müəyyən edilib ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret qızıldan deyilmiş.
"Qiymətləndirmə Xidmət Mərkəzi" MMC-nin əməkdaşları tərəfindən müəyyən edilib ki, yuxarıda adı çəkilən əşyaların sadəcə üz hissəsi qızıl olub.
Eldar Səmimi isə bu işdə özünü təqsirli bilmir. Deyir ki, adı çəkilən əşyaların saxta olduğunu bilməyib. Onun sözlərinə görə, həmin əşyaları tanımadığı qızıl alverçisindən alıb.
Məhkəmə araşdırması davam edən zaman Eldar Səmiminin vəkili Vasif İsrafilov bir çox yeni faktları ortaya çıxarıb.
Vəkil məhkəməyə təqdim etdiyi vəsatətdə göstərib ki, müdafiə etdiyi şəxsə qarşı vahid niyyətlə banka məxsus 630 min manat pulu ələ keçirməklə dələduzluq etməsi barədə ittiham verilib.
“İttihamda yazılır ki, Eldar Səmimi banka həqiqi qızıl-zinnət əşyası kimi təqdim etdiyi 2 milyon 453 min manat dəyərində olan 4938 sayda bağlamanı 2013-cü ilin iyul ayından oktyabr ayına kimi təhvil-təslim aktları əsasında bankın girovundan çıxarıb. Amma iş materiallarında hər hansı bir təhvil-təslim aktı yoxdur. Yəni, qızıllar bankdan çıxarılmayıb.
İbtidai istintaq zamanı müstəntiq ən vacib ekspertiza olan məhkəmə-mühasibatlıq ekspertizasını təyin etməyib. Heç bir sübutu olmayan mütəxəssis rəyi ilə kifayətlənib”- deyə vəkil vəsatətində qeyd edib.
V.İsrafilov bildirib ki, mütəxəssisin rəyi yanlışdır. Çünki o, nə Eldar Səmiminin götürdüyü, nə də ödədiyi pulu düzgün hesablamayıb.
“İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Eldar Səmimi tərəfindən bütün müqavilələr üzrə bankdan 931 min manat pul götürülüb, 523 min manat isə geri ödənilib. Aradakı fərq 408 min manatdır. Eyni zamanda hesabdan çıxarışdan görünür ki, dövlət tərəfindən 205 min manat da kompensasiya kimi pul köçürülüb. Bununla da aydın görünür ki, zərərin miqdarı 203 min manatdır.
Məhkəmənin diqqətinə onu da çatdırmaq istəyirəm ki, Eldar Səmimiyə qarşı qərəzli mövqedə olan Nəsimi rayon Məhkəməsi ona məxsus qızıl-zinət əşyalarını bazar qimyətindən çox-çox aşağı qiymətləndirib. Buna görə də məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməlidir.
Bundan başqa, 4938 sayda bağlamada qızılın bankdan girovdan çıxarılması barədə araşdırma aparılmalı, hansı əşyaların çıxarılması barədə təhvil-təslim aktlarının mövcudluğu müəyyənləşdirilməlidir”- vəkil vəsatətini əsaslandırarkən qeyd edib.
Vəkil bildirib ki, Eldar Səmimi özü bu gün zərərçəkmiş şəxsdir və onun külli miqdarda qızıl-zinnət əşyaları mənimsənilib, bankın əməkdaşları tərəfindən saxtalaşdırılıb:
“Eldar Səmimi tərəfindən banka girova qoyulmuş bütün əşyalar iki dəfə müxtəlif mütəxəssis tərəfindən yoxlanılıb. Heç bir uyğunsuzluq aşkar edilməyib və bankda saxlanca qoyulub. Bundan sonra üzərindən 6-7 il keçdikdən sonra Eldar Səmiminin iştirakı olmadan açılmış saxlancda saxlanılan xüsusi bağlamaların hansısa səbəbdən saxta olması deyilir və buna görə Eldar Səmimi məsuliyyətə cəlb olunur.
Maraqlısı odur ki, qeyd olunan “faktlar” 2016-cı ildən sonra aşkarlanıb və həmin dövrdə bankın “İnşaatçılar” filialında məsul vəzifədə işləmiş, tam məsuliyyət daşıyan hazırki iş üzrə şahid qismində dindirilmiş filialın müdiri Ramil Əsgərov 2015-ci ildə, kredit mütəxəsissi Ceyhun Mehdiyev 2015-ci ildə, zərgər-mütəxəssis Kərim Manafov isə 2015-ci ildə bankdan öz ərizələri ilə işdən çıxıblar.
İş üzrə şahid qismində dindirilmiş zərgər-mütəxəssis Kərim Manafov ifadəsində bildirir ki, o, həmin məhsulları zərgərlikdə istifadə olunun xüsusi daş və reaktiv ilə yoxlayıb və onların üzərində qızıl qatının olmasını müəyyən edib.
İş materiallarında olan və Kərim Manafovun da imzaladığı təhvil-təslim aktından görünür ki, Eldar Səmiminin banka girov qoyduğu əşyalar həqiqətən də qızıldır. Eyni zamanda iş üzrə şahid qismində dindirilən zərgər-mütəxəssis Azad Quliyev girov qoyulan əşyaların əsl qızıl olduğunu təsdiq edib. Bu barədə ibtidai istintaq dövründə dəfələrlə müstəntiqə deyilməsinə baxmayaraq müstəntiq bu faktı araşdırmaqdan yayınıb.
Göründüyü kimi, qeyd etdiyim əşyaları ilkin yoxlama zamanı yuxarda qeyd etdiyim mütəxəsisslərin hər iksi yoxlayaraq üzərindəki qızılın 900 əyyardan yuxarı olmasını göstərib, lakin hazırda müəyyən olunur ki, mövcud əşyaların üzərindəki qızılın əyyarı 500-dür. Bu hal ona dəlalət edir ki, əşyalar sonradan məhz bankda olanda saxtalaşdırılıb”.
Müdafiəçi deyir ki, istintaq orqanı əşyaların bankda olarkən saxtalaşdırılmasının mümkünlüyünü belə araşdırmayıb.
Məhkəmə vəkilin vəsatətini təmin edib və ekspertiza təyin edilib.
Xatırladaq ki, qalmaqalın baş verdiyi bank sabiq MTN rəhbəri Eldar Mahmudovun nəzarətində olub. Eldar Mahmudovun ölkədən çıxardığı 5.5 milyard manatın böyük hissəsi məhz bu bank vasitəsi ilə xarici şirkətlərə köçürülüb.
Musavat.com
Bölməyə aid digər xəbərlər