Xocalı qətliamı tarixə qara hərflərlə yazılan o gün... O günü yer üzünün harsında olursa olsun, yaşayan azərbaycanlıların heç biri unutmadı və unutmayacaqlar da. Elə bil dünən kimi hər kəsin ürəyində bir yara kimi qalıb, Xocalı yarasının izləri heç bir zaman silinmədi və silinməyəcək də...
Tariximizin qan yaddaşına yazılan Xocalının yanıb kül olmasından 30 il keçir. Erməni barbarlığı bax belə bir tarixi şəhərimizi yer üzündən sildi. Kül olmuş şəhər əfsanəsi yarandı hər bir azərbaycanlının qəlbində. Əslində, məkrli qonşularımız Azərbaycan xalqının sinəsinə Xocalı adlı dağ çəkdi. 29 ildir ki, biz bu dözülməz dərdin acısını yaşayırıq. Bir vaxtlar Azərbaycanda Xocalı adlı hər gün tikilən, hər gün qurulan, cazibədar yaşayış məskəni vardı. İndi isə onun yerində Xocalı boyda xarabalıq durur.
Azərbaycan xalqının başına gətirilən belə qanlı faciələr bir daha onu göstərir ki, erməni cəlladları özlərinin avantürist planlarını həyata keçirməyə daim əlverişli bir məqam axtarıblar.
Xocalı soyqırımına yalnız ümummilli liderimiz Heydər Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verildi.
1994-cü il fevralın 24-də Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edildi, dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərildi.
Erməni millətçilərinin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı yalnız azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəriyyət əleyhinə, insanlıq əleyhinə cinayətdir. Mənim düşüncəmə görə, ermənilərin Xocalıda törətdiyi soyqırımı aktına bir gecənin, bir günün hadisəsi kimi baxılması yanlış olardı. Hadisəyə obyektiv qiymət vermək üçün uzun illər öncədən başlanmış və tarixin müxtəlif dövrlərində dünyada və regionda baş verən hadisələrdən özlərinin məkrli niyyətlərini reallaşdırmaq məqsədilə azərbaycanlıların deportasiya edilməsi hesabına ərazilərin boşaldılmasına nail olmaq və həmin ərazilərdə “böyük Ermənistan” xülyalarını gerçəkləşdirmək planının tərkib hissəsi kimi baxılması daha doğru olardı. Bildiyimiz kimi Qarabağda son hadisələr 1987-ci ilin ikinci yarısından başladı, müxtəlif mərhələlərdən keçərək 1988-ci ilin fevral ayının 13-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi adı altında açıq müstəviyə çıxarıldı və Xankəndidə etiraz mitinqləri təşkil edildi.
Məsələnin açıq müstəviyə çıxarılmasına qədər Ermənistandan və keçmiş SSRİ məkanının müxtəlif bölgələrindən xüsusi hazırlanmış emissarlar göndərilərək millətlərarası ədavətin qızışdırılması istiqamətində məqsədyönlü işlər aparılmış, əvvəlcədən hazırlanmış pozucu təbliğat vasitələri erməni əhalisi arasında yayılaraq Qarabağda yaşayan erməni millətindən olan əhalini etiraz aksiyalarına cəlb etməyə yönəlik “fəal” işlər həyata keçirilmişdi ki, bunu şərti olaraq Qarabağ hadisələrində birinci mərhələ adlandırsaq yanılmarıq. İkinci mərhələ yuxarıda qeyd olunduğu kimi, Qarabağda erməni əhalisinin etiraz mitinqlərinin təşkili, bu etiraz aksiyalarında geniş əhali kütləsinin iştirakının mütəmadi və davamlı xarakter almasının təmin edilməsi idi.
Müharibə itkilər, qurbanlar tələb edir. Lakin Xocalı qətliamının qurbanları yalnız hərbçilər deyil, dinc sakinlər - ahıllar, qadınlar, uşaqlar, döyüş meydanından qaçmağa gücü çatmayan əliyalın soydaşlarımız idi. Uzun sürən hərbi hazırlıqdan sonra 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə irimiqyaslı hücuma başlayan erməni qəsbkarları 613 nəfər dinc sakini qətlə yetirdilər, yüzlərlə soydaşımız əsir düşdü, şikəst oldu, vandallar tərəfindən girov götürüldü. Onlarla Xocalı sakininin taleyi bu günə qədər də bəlli deyil.
Xocalı soyqırımına doğru gedən yolun mürəkkəb siyasi, hərbi səbəbləri vardır. Məlumdur ki, sovetlər ittifaqının süqutundan sonra Xankəndidə 366-cı motoatıcı alayın hərbi texnikası qalırdı. O zaman bunu ermənilər də yaxşı bilirdilər. Erməni siyasətçiləri əvvəlcədən peşəkar rus hərbçilərini müxtəlif hiylələrlə ələ alırdılar. Bundan başqa, ermənilər 1990-1992-ci illərdə Zaqafqaziya Hərbi Dairəsinin silah anbarına bir neçə dəfə hücum edərək çoxlu sayda silah-sursat ələ keçirmişdilər. Erməni hərbçiləri ilə sovet-rus hərbçiləri arasında silah alveri ilə bağlı razılaşmalar da olmuşdu. 1991-ci ilin axırlarında Ermənistan və Rusiya Federasiyası arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə" imzalandı. Müqavilədən sonra ermənilərə silahların verilməsinə beynəlxalq ictimaiyyət göz yumdu və bundan istifadə edən erməni daşnakları daha da azğınlaşdılar. Ermənilərin silahlandırılması Dağlıq Qarabağ bölgəsində qüvvələr nisbətini kəskin şəkildə dəyişdirdi və erməni-rus hərbçilərinin potensialını xeyli artırdı. 1991-ci ilin əvvəllərində Azərbaycanın ayrı-ayrı bölgələrində özünümüdafiə taborlarının yaranmasına baxmayaraq, onların döyüş təcrübəsi yox idi. Orduda vahid komandanlığın olmaması səbəbindən bir-birinin ardınca kəndlərimiz və strateji məntəqələrimiz ermənilər tərəfindən işğal olunurdu. Erməni hərbçiləri Xocalıya hücuma hazırlaşarkən özlərindən əlavə beynəlxalq aləmdə tanınan terrorçu dəstələrindən də geniş istifadə etmişdilər. Fransada, Vyanada, Suriyada, Livanda və başqa yerlərdə fəaliyyət göstərən terrorçu daşnak törəmələri, muzdlu qatillər xocalılara qarşı qanlı cinayətlər törətdilər.
Xankəndidə yerləşən 366-cı alayın məsul zabitlərindən biri Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan Vladimir Savelyev "Məxfi arayış"ında o dəhşətli səhnələrdən birini belə xatırlayır: "...ermənilər ruslara məxsus "02-19-MM" nömrəli "KAMAZ"la ərazidəki meyitləri yığıb Xocalıda tonqal qurdular... İnsanın insana olan nifrəti burada həddini aşmışdı. Kim yaratmışdı bunu, dərk edə bilmirdim... Mən sizə ermənilərə qoşularaq əsir alınmış azərbaycanlıları sıraya düzərək tək-tək məhv edən və bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm." V.Savelyev sonra 19 nəfər rus və erməni millətindən olan zabitlərin rütbə, ad və soyadlarını qeyd edir...
Erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımı bəşər övladına qarşı ağıla gətiriləsi mümkün olmayan ən qanlı cinayətdir. XX əsrin ən dəhşətli facilərindən sayılan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri və kütləvi insan qırğınları sırasına Xocalı soyqırımı da əlavə edildi. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral tarixi "Xocalı soyqırımı və Milli Matəm Günü" elan olunub. 1997-ci ilin 25 fevralından ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən, hər il fevralın 26-da saat 17.00-da Xocalı qurbanlarının əbədi xatirəsi ölkəmizin ərazisində dərin üzüntü və sükut dəqiqəsi ilə qeyd edilir.
Çox təəssüf ki, Xocalı soyqırımı hələ də beynəlxalq aləmdə əsl hüquqi-siyasi qiymətini tapmayıb və günahkarlar cəzalarına çatmayıblar. Qarabağda 44 gün içərisində necə qələbə çaldıqsa, inşallah Xocalı faciəsini bizə yaşadanların da eləcə cəzalandırıldıqlarını görəcəyirk. Yolumuz Xocalıyadır...
YeniAzərbaycanHəyatı.com informasiya
Bölməyə aid digər xəbərlər