10:12 / 12-01-2025
Mülkləri yanğında kül oldu
Qəhrəman Eminoğlu

“MƏN ELƏ SAĞIKƏN ÖLƏN ADAMAM” Qəhrəman Eminoğlunun bu misrası ilə məqaləmə başlamaq istədim.

Dünya xəritəsində Azərbaycan məmləkəti bir bənövşə yarpağı boyda yer tutur. Amma söz ustadlarının, poeziya korifeylərinin sayına və sanbalına görə Azərbaycan dünyanın poeziya xəritəsində çox nəhəng görsənir – Nizamisi, Xaqanisi, Nəsimisi, Füzulisi, Sabiri, Hadisi, S.Vurğunu, R.Rzası, Ədalət Əroğlusu ilə və başqaları ilə...
Qarşımda bir bir neçə vərəqlərə yazılmış şeir parçaları var. Şeirləri bir-bir gözdən keçirirəm, vərəqləyib şeirləri oxuduqca yaradıcılıq yolunda ürək kimi kövrək addımlarını atan, həyat, ölüm, vüsal, hicran, məhəbbət, nifrət haqqında öz mülahizələri olan, gördüklərini, duyduqlarını şeirə çevirən Qəhrəman müəllimin ürək çırpıntılarının şahidi oluram. Qəlbimdə bir istək baş qaldırır: ürəyimi ehtizaza gətirən, məni düşündürən, əlimdən yerə qoya bilmədiyim və oxuduqca zövq aldığım bu şeirlərin müəllifinə fikirlərimi bildirmək ehtiyacı duyuram özümdə. Və bu istəklə qələmi əlimə alıb Qəhrəman müəllimin yaradıcılığının bəhrəsi olan bu şeirlərin məndə oyatdığı təəssüratı onun oxucuları ilə bölüşmək arzusuyla yazmağa başlayıram. Oxuduğum şeirlər məni düşünməyə məcbur edir. Müxtəlif mövzularda yazılmış şeirlər həm fikir tutumu baxımından, həm də sənətkarlıq cəhətdən diqqətimi cəlb edir. Şairin Mir Sədi ocağı kimi tanınan Mir Sədi ağaya həsr etdiyi Qubadlıda şeirinə nəzər salıram.


Nurdan doğularaq nurdan yaranan,
 Mir Sədi ocağı var Qubadlıda.
 Necə min insana şəfalar verən,
 Mir Sədi ocağı var Qubadlıda.
 
 ****** 
 Dədə Süleymanın söz səltənəti,
 İlahi varlıqdan olan sənəti.
 Vasili hünərin, Kərəm qeyrətin,
 Tərlan oylağını gör Qubadlıda.
 
 ***** 
 Həsənin səsindən titrədi dağlar,
 Əliyar nərəsindən düşmən qan ağlar.
 Həkəri, Bərgüşad əbədi çağlar,
 Verər hər ağacı bar Qubadlıda.


Şairin yaradıcılığının başlıca mövzusu Vətənlə, Qarabağla bağlıdır. O, Qarabağ mövzusunda  təbii,  səmimi,  real şeirləri ilə tanınan,  yadda qalan şairlərdən biri kimi bu gün də qələmini bu mövzuda silaha çevirməkdədir.  Hər bir insan üçün, xüsusilə şair üçün ən ağır yük, qurduğun yuvanın, bütövlükdə  bir obanın, elin itirilməsi və uzun müddət qaçqın, köçgün həyatı yaşamasıdır.

 Yenə pərinşansan, ay qara bəxtim,
 Solub saralıbdır gülü dağların.
 Gözüm qan ağlayır soyuq zindanda
 Seyr edə bilmirəm ulu  dağları?
 
 **** 
 Demə mənə tələ quran varmış,
 Demə məzarımı qazan varmış.
 Qanımı zəli tək soran varmış,
 Sürünərək olum qulu dağları?


 Şairin şeirləri  müxtəlif mövzularda olsa da, hər biri oxucuda maraq oyadır.  Qəhrəman Eminoğlunun şeirlərinin dili sadədir, şair bütün şeirlərində səmimidir. Şeirlərdə bədii təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə edilmişdir. Verilmiş maraqlı təşbehlər, təzadlar, mübaliğələr şeirləri daha da oxunaqlı edir. Məsələn, “MƏN ELƏ SAĞIKƏN ÖLƏN ADAMAM”, “ANAM MƏNİM “, “BU ZALIM DÜNYANIN NƏYİNDƏN KÜSÜM”, “DAĞLARIN” şeirlərini oxuduqca şairin necə böyük hisslərlə qələmə aldığının şahidi oluruq. 


 Dünya eşitdiyin dərk eyləsəydi,
 Tökərdi gözündən yaş ağlayardı,
 Suçunu bilsəydi qoca təbuət,
 Bir az işlətsəydi baş ağlayardı.
 
 **** 
 Vay o günə dözəsən dözüm dərdinə,
 Dözmək olarmı ki, sözün dərdinə,
 Kömək eləməyə gözün dərdinə,
 Kiprik qoşalaşıb qaş ağlayardı.


 **** 
 Xoş gündə yanıma gələn dostlarım,
 Yalandan üzümə gülən dostlarım,
 Nələr çəkdiyimi bilən dostlarım,
 İndi də yalandan kaş ağlayardı.


Təbii ki, bu misralar özünə inamdan doğür və yaşı ilə yetmişə doğru addımlayan, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da oxucusu olan bir şairin –bu “əliqabarlı fəhlənin” etirafı xoşdur.

Yalnız bircə örnək-nümunə gətirək.
Bülbül susdurldu qəfəsə düşdü,
Qarğa başa keçib işə girişdi,
Haqq, ədalət işi tora ilişdi,
Mat qalmışam bu dünyanın işinə.
 
 ****
 Nə ağsaqqal qaldı, nə böyük qaldı,
 Biqeyrət, binamus yaman çoxaldı.
 Namərdlər mərdləri quyuya saldı,
 Mat qalmışam bu dünyanın işinə.

Bu şeirdə ifadə olunan məna heç də anlaşılmaz və mücərrəd deyil, onu heca şeiri ilə də ifadə etmək olardı.

Kömək eylə mənə unudum səni,
Məndə rahatlaşım, səndə rahatlaş.
Mən səni yox sanım, səndəki məni,
Mən də rahatlaşım, sən də rahatlaş
 **** 
 Bizi bağlayan ip incəsən incə,
 Qırılıb düşmüşük hərə bir küncə,
 Bu işin çarəsi tək budur məncə,
 Mən ölüm, sən yaşa qəlbin olsun şad,
 Mən də rahatlaşım, sən də rahatlaş.
 
 **** 
 Bilrəm qoymuşam iz ürəyində,
 Dözülməz olsa da, döz ürəyimdə,
 Eşqimi dəfn edib öz ürəyində,
 Altına qoy bir daş, üstünə bir daş,
 Mən də rahatlaşım, sən də rahatlaş.

Kim nə deyir-desin, bu, gözəl bir sevgi şeiridir və şair  bu qısa, yığcam şeirdə heç də “Amerika açmır”, amma hisslərini, duyğularını orijinal poetik deyimlə ifadə edə bilir.
Ustadı və eyni zamanda həmyerlisi olan şair Sevi Sevdimalıyevin vəfat etdiyini eşidəndə qəm hissləri keçirən şair yazır:


Şair Sevi, rahat yat məzarında,
 İndi sənə layla çalır Həkəri,
 Göyyal dağlarında bitən gül-çiçək,
 Məzarın üstünə çəkib çəpəri.
 
 **** 
 Sair Sevi, söz yerinə yetirib,
 Bibimin qəbrini sənlə öpmüşəm,
 Göyyaldan bir ovuc torpaq gətirib,
 Qərib məzarının üstə səpmişəm.
 
 ****
 Ustadım olmusan, canım olmusan,
 Şöhrətim olmusan, şanım olmusan,
 Damarımda axan qanım olmusan,
 Şair Sevi, rahat yat məzarında.


Bəli, Qəhrəman müəllimin şeirlərini təhlil etmək mənim üçün çox rahat və asandır. Şairə sonsuz yaradıcılıq uğurları arzulayıram.


 Tahirə Həbliyeva,
365 qəzetinin redaktoru



Tarix: 29-02-2024, 10:26 Oxunub: 87


Bölməyə aid digər xəbərlər
28-02-2024, 13:21 Şairin yeni şeirləri
29-05-2021, 20:00 Allah rəhmət eyləsin
7-03-2021, 22:45 Təbrik edirəm!