09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Şübhəli ov: Pentaqon Azərbaycanda da yarasaların toplanmasını sifariş edib? - AMEA əməkdaşından iddalara cavab


Pentaqonun sifarişi ilə Ermənistanda yarasaların toplanması proqramı həyata keçirilir.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə zoonoz xəstəliklərə nəzarət veterinat səhiyyənin təşkili üzrə ekspert, “Vahid sağlamlıq” koalisiyasının lideri Qriqor Qriqoryan bildirib: “Pentaqonun Ermənistan ərazisində həyata keçirdiyi layihələrdən biri Qərqi Avrasiyada yaşayan yarasaların toplanması proqramıdır”.

Qriqoryanın sözlərinə görə, proqrama Ermənistanın münaqişədə olduğu Azərbaycan, Türkiyə və Pakistan kimi ölkələr də cəlb olunub. O deyib ki, uçan məməlilər toplanması “Eco Helth Alliance” təşkilatının rəhbərliyi altında həyata keçirilir. Həmin təşkilat isə ABŞ Müdafiə Nazirliyinin təhdidlərin azaldılması üzrə Agentliyinin (DTRA) nəzarəti altındadır.

“Ermənistanın yarasaların toplanması proqramında iştirakını mən yolverilməz hesab edirəm, çünki bu həm Ermənistanın, həm Qarabağın təhlükəsizliyini təhdid edir”,- ekspert deyib.

Onun sözlərinə görə, yarasaların toplanmasının dəqiq məqsədini müəyyən etmək mümkün deyil, çünki layihə məxfiləşdirilib. “Təkcə o məlumdur ki, yarasaları Gürcüstanın, Ermənistanın və Azərbaycanın ərazilərində toplayırlar. Bu yaxınlarda Abxaziyaya keçən adamı həbs ediblər, o deyib ki, yarasa tutub satmaq istəyirdi. Yəni proses gedir. Lakin yarasaları DTRA toplayırsa, o zaman onların həmin heyvanlarla bağlı hansı araşdırmalar apardığına dair informasiyaya malik olmaqla müəyyən təxminlər irəli sürmək olar”,-Qriqoryan belə deyib.

Məlumat rəsmi olmasa da, Pentaqonun yarasaların toplanması ilə bağlı sifarişinin əsasında nəyin dayandığı maraq doğurur.

Həmçinin bu layihə niyə məhz Qərbi Asiyada həyata keçirilir?

Cebhe.info-nun araşdırmasına görə, koronavirusun yayılmasında “günahkar” elan edilən bu məməli heyvanın bir sıra maraqlı xüsusiyyətləri var. Müasir dövrdə insan fəaliyyəti nəticəsində bəzi yarasa növlərinin nəsli kəsilib.

Digərlərinin isə xeyirli heyvanlar kimi mühafizə olunmasına çalışılır. Azərbaycanın yarasa faunası zəngindir. Ölkəmizdə yarasının 60 növü var. Zooloqların bildirdiyinə görə, onun təqribən 30 növü “Qırmızı kitab”a salınıb.

Britaniyada yarasalar qanunvericiliklə qorunur. Yarasaya və ya yarasa yuvasına narahatçılıq yaradanlar cərimələnə bilər. Malayziyanın Saravak ştatında 1998-ci ildə verilən “Canlı Təbiət Qoruması Fərmanı” altında yarasa növlərinin qorunmasına çalışılır. Halbuki, bəzi növlər yerlilər tərəfindən qida kimi istifadə olunur. Eləcə də Asiya və Sakit okeanın ətrafında yaşayan digər bir sıra xalqlar da yarasadan qida kimi istifadə edirlər.

Yarasalardan iqtisadiyyatda da istifadə olunur. Həşərat yeyən yarasalar fermerlər üçün xüsusilə faydalıdılar. Hesab olunur ki, yarasalar ABŞ kənd təsərrüfatına ildə on milyar ddollarla gəlir gətirir. Bu heyvan həmdə ekologiyaya zərər verən həşəratların nəsil artımını əngəlləyən pestisislərin həddən artıq işlənməsinin qarşısını alır.

Beləliklə, yarasaların toplanması hansı məqsəd daşıya bilər, bu, “taclı” virusla əlaqəlidir, yoxsa başqa məqamlar var?

AMEA Zoologiya İnstitunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, yarasalar üzrə ekspert Nicat Həsənov Cebhe.info-ya açıqlamasında, Qriqor Qriqoryanın iddiallarını absurd adlandırıb:

“Qriqoryan iddia edir ki, yarasalarda olan viruslar götürülüb, onlardan bioloji silah hazırlanır. Ümumiyyətlə, istənilən mövzunu şəxsi fantaziyadan istifadə edərək fərqli yozmaq olar. Əslində isə nə baş verir?İstər yarasalar, istər digər məməli heyvanlar müxtəlif, o cümlədən müəyyən virus xəstəliklərinin daşıyıcıları və ya keçiriciləridir. Heyvanlarda, xüsusuilə, gəmiricilərdə infeksion və ya digər zoonoz xətəliklərin tədqiqi bir çox ölkələrdə, o cümlədən Azərbaycanda aparılmaqdadır. Bütün dünyada müəyyən təşkilat, laboratoriya və ya institutlar bu sahədə fəaliyyət göstərməkdədir. O zaman bunların hamısını bioloji silah istehsalında günahlandıra bilərikmi? Sadəcə anlamaq lazımdır ki, yarasalar son 20 ildə bəzi virus xəstəliklərinin (Ebola, MERS, SARS və s.) potensial təbii rezervuarı kimi şübhəli bilindiyindən, elmi tədqiqat obyektlərinə çevriliblər. Belə tədqiqat institutlarından biri olan “Eco Health Alliance” təşkilatı nəzdində Qərbi Asiya Yarasa Tədqiatçıları Şəbəkəsi - WAB-Net, 2017-ci ildən etibarən 20 ölkəni əhatə edən və zoonoz xəstəliklərin coğrafiyası perspektivindən həssas olan Qərbi Asiya regionunda yarasaların xəstəliklərinin tədqiqinə başlayıb. Hesab edirəm ki, bu, çox lazımlı bir məsələdir. Xüsusilə, yarasaların koronoviruslara sahib olduğu halda dözümlülük göstərib xəstələnməməsinin səbəbinin araşdırılması müasir tibbdə və səhiyyədə çox önəmlidir”.

Nicat Həsənov deyir ki, yeni yaranan xəstəlikləri tədqiq etmək, həm də gələcəkdə profilaktik işlərin görülməsi məqsədilə“Eco Health Alliance” təşkilatının Qərbi Asiya Yarasa Tədqiqatçıları Şəbəkəsi 10-dan artıq ölkədə is aparır:

“Bu təşkilat həmin ölkələrin zooloq, baytar, infeksionist, virusoloqlarını bir araya gətirməklə yarasa xəstəliklərinin tədqiqi ətrafında birləşdirir. 2019-cu ildə bu təşkilat Azərbaycanda da yarasaların tədqiqinə başlayıb. Bu məqsədlə AMEA Zoologiya İnstitutu ilə “Eco Health Alliance” arasında üç illik əməkdaşlıq protokolu imzalanıb. Protokola əsasən, Azərbaycanın fərqli ərazilərində yarasaların qan, dəri, ekskrement nümunələri və ağız vərektal yaxmaları götürülməklə, labaratoriya təhlilləri aparılır və virus xəstəliklərinin olub olmaması müəyyənləşdirilir. Azərbaycan 5 illik regional proqramda 3 il iştirak edəcək. Bizim işimiz sırf zooloji iş olub – yarasaların növ tərkibini, sığınacaqlarını müəyyənləşdirmək, heyvanlara zərər vermədən onları əldə edib, nümunələr alındıqdan sonra sərbəst buraxmaqdır. Analoji fəaliyyət Gürcüstan, Türkiyə, Pakistan, İordaniya, Oman və s. ölkələrdə də aparılır və bu iş sırf elmi tədqiqat məqsədi daşıyır. Bu faktdır. “Eco Health Alliance” şirkətinin internet saytında da açıq şəkildə məram və niyyəti bildirilir. Təşkilatın dövlət, korporativ, akademik partnyorları arasında İUCN (Beynəlxal Təbiəti Mühafizə Təşkilatı), Birləşmiş Krallığın, Malayziya, ABŞ və s. ölkələrin tanınmış universitetləri yer alır”.

Nicat Həsənov deyir ki, koronavirusun yayılmasında yarasalar “günahlandırılsa” da, eləcə də digər fikirlər ortaya atılsa da, indiyədək heç bir versiya birmənalı olaraq öz təsdiqini tapmayıb:

“Düşünürəm ki, bu və digər heyvanların xəstəlik və ekoloji xüsusiyyətləri üzrə nə qədər çox tədqiqat işləri aparılarsa, bir sıra mətləblərə bir o qədər çox aydınlıq gələr. Elm şayiə və özünü reklam xarakterli çıxışlardan çox-çox yüksəkdə dayanır. “Eco Health Alliance” təşkılatı Gürcüstan və İordaniyada yerləşən iki böyük regional laboratoriya ilə əməkdaşlıq edir. Bir tədqiqatçı olaraq hesab edirəm ki, Qriqoryan və ya digərlərinin fantaziyaları həqiqətdən tamamilə uzaq, heç bir əsası olmayan və siyasiləşdirilmiş məsələdir”.

“Eco Health Alliance” şirkətinin ABŞ Müdafiə Nazirliyinin bağlılığına gəldikdə isə Nicat Həsənov deyir ki, yazıda adı keçən DTRA ABŞ-ın Müdafiə və Milli Səhiyyə təşkilatı ilə əlaqəli olan bu fondur ki, o, müxtəlif təşkilatları maliyyələşdirə bilər:

“Ola bilsin ki, “Eco Health Alliance”in maliyyələşdirmə şaxələrindən biri də DTRA-ya gedib çıxır. Təşkilatı Asiya İnkişaf Bankı da, Avropa Bankı da maliyyələşdirə bilər. Bu tədqiqat mövzusu bilavasitə milli müdafiə və səhiyyə ilə bağlı bir məsələdir. Ümumiyyətlə, kütləvi virus xəstəliklərinin yer alması (pandemiya) kimi mövzular bilavasitə ölkələrin təhlükəsizlik və səhiyyə sistemlərinin diqqətində olan məsələlərdir. DTRA Azərbaycanda, region və dünyada bir sıra layihələri maliyyələşdirib. Bu, o demək deyil ki, həmin maddi dəstək hesabına infrastruktur yaradan və ya layihə gerçəkləşdirən qurumlar Pentaqona işləyir”.

Biologiya elmləri üzrə fəlsəfə doktoru bir məqama da diqqəti çəkib ki, əksər virus və digər infeksion xəstəliklərin təbii mənbəyi heyvanlara gedib çıxır:

“Hansısa xəstəliklər yarasalara, hansılarsa yırtıcılara gedib çıxır, hətta müalicəsi qeyri-mümkün kimi bilinən QİÇS xəstəliyinin mənbəyi primatlarla əlaqəlidir. Bu baxımdan da hansısa xəstəliklərə görə heyvanları günahlandırmaq lazım deyil. İnsanlar düşünməlidirlər ki, hansı addımda səhvə yol verilir ki, bu xəstəliklər təbiətdən insanlara keçir. Koronavirus yarasa və digər heyvanlarda təkamülün müəyyən zaman kəsiyində meydana gəlib və mövcudluğunu saxlamaqdadır. Həmin heyvanlar virusa çox gözəl tab gətirirlər. Bu cür xəstəliklər insanlara yoluxubsa, deməli insanların özləri bu məsələdə cavabdehdirlər. Və lazımi tədbirlərin alınması üçün mütləq həmin heyvanlar tətqiq edilməlidir. Düşünürəm ki, Qərbi Asiya YarasaTədqiqatçıları Şəbəkəsi də məhz bu missiyanı həyata keçirir. Onu da qeyd edim ki, görmə qabiliyyətini itirən şəxslər üçün aparatlar var ki, onlar vaxtilə yarasalar üzərində aparılmış tədqiqatların məhsuludur. Yarasalar exolakasiya hesabına manevr edir və görməorqanlarına ehtiyac qalmır. Bu faktdan istifadə edərək görmə aparatları ixtira edilib. Hər kəs bilməlidir ki, uğurun yolu elmdən, tədqiqatdan, ixtiradan keçir”.
 


Tarix: 12-08-2020, 16:12 Oxunub: 113


Bölməyə aid digər xəbərlər