BU ÖLKƏDƏ OLAN ÖZBAŞINALIQ YER KÜRƏSİNDƏ
HEÇ BİR ÖLKƏDƏ YOXDUR VƏ OLA DA BİLMƏZ
Bu barədə nə vaxtdır ki, yazmaq istəyirdim, lakin yazmağa cəsarət edə bilmirdim. Əslində cəzarət də deyil, sadəcə olaraq ağlımdan keçənləri və ya rastlaşdığım haqsızlıqları lazımı səviyyədə oxuculara çatdıra bilməməkdən qorxurdum.
Qorxu demişkən, görəsən bu dünyada elə bir insan varmı ki, nədənsə qorxmasın? Bax mən hər şeydən qorxuram, uşağımın gələcəyindən, oxuduğu və ya aldığı təhsildən, yediyim yeməklərdən, gəzdiyim küçələrdən, yazdığım yazıdan, oxuduğum kitabdan və ən nəhayət də uca Tanrıdan, Yaradandan, Allahdan qorxuram. Qorxu hissini yaşamayan elə bir insan yoxdur və ola da bilməz. Bu gün Azərbaycan vətəndaşlarının hamısı qorxur, haqqını tələb etməkdən, dərdini deməkdən, dilinə gətirmək istədiyi sözləri ürəyinə deməkdən qorxur. Mənim də qorxum heç kəsi deyil, elə özümü qorxudur. Belə ki, dərdimi, qorxumu dilə gətirməkdən qorxduğuma üçün, yazmaq qərarına gəldim.
Mən hardan baxsaq 30 ildir ki, mətbuat sahəsində çalışıram. Onlarla kitabım, redaktorluq etdiyim kitablar, ön söz yazdığım katabların, korrektorluq etdiyim kitabların sayını belə bilmirəm. Özümün təsis etdiyim qəzeti hər həftə olmasa da, ayda bir dəfə, ya da yeddi aydan bir çıxardıram, öz xərcimə, maliyyə dəstəyim də yoxdur. Nə isə... Bu ayrı bir mövzunun yazısıdır. Mənim dərdim isə bu günkü mətbuat azadlığının olmasındandır. Yeganə ölkəyik ki, bir yazının altına yüz dəfə imzanı dəyişərək idarə rəhbərlərinə satırıq. Müəllif hüquqları pozulur, tərcümeyi halını səhvsiz yazmağı bacarmayanlar jurnalist kimi məmurların, idarə rəhbərlərinin canına daraşıblar.
Sovetlər Birliyi dağılmamışdan əvvəl Bakıda və ya hansısa rayonların birində mətbəə vardı və o mətbəənin də özünün işçiləri, senzurası vardı. Bu senzuradan da hər yazıçının, şairin keçməsi mümkün deyildi. İndi hərə bir mətbəə açıb, qoyub ora kompüterini və orda çapa yararlı, yararsız nə varsa çap edir verir “jurnalist”in qoltuğuna. Həmin özünü jurnalist adlandıran şəxs də düşür idarələrin canına, əlində də heç bir işə yaramayan jurnal, üzərində də ya Ulu Öndərin şəklidir, ya Cənab Prezidentimizin, ya da Birinci xanımımız Mehriban xanım Əliyevanın. İndi hansı kresloda oturan şəxs bu jurnalları geri qaytara bilər ki?! Heç cəsarəti də catmaz və beləcə də jurnalı gətirən şəxsə jurnalın pulunu verib yola salır. Sonra da baxır ki, dünən başqa bir jurnalistin gətirdiyi jurnalda həmin yazı başqa bir idarə rəhbərinin adına yazılıb. Belə rəzillik dediyim kimi, hələ heç bir ölkədə mövcud deyildir.
Bəli, bu mətbuatda olan rəzillikdir. İndi keçək internet saytlarına. Azərbaycanda yüzlərlə yox, minlərlə sayt var və bu saytların da bəzilərinin adı var, özü isə yoxdur. Lakin di gəl ki, həmin saytın adından at oynadanlar nə qədər desən çoxdur. Elə saytlar var ki, şəxsən mən onların adını belə eşitməmişəm. Lakin həmin saytın rəhbəri beş, üç nəfər jurnalistikadan xəbərsiz işsiz-gücsüz adamları bu işə cəlb ediblər. O başına döndüklərim də, idarə rəhbərlərinə, dövlət məmurlarına hədə-qorxu gələrək onlardan müəyyən miqdarda rüşvət tələb edirlər. Belə üzdəniraq jurnalistlərin hazırda hansı cəza çəkmə müəssisində məskunladıqları göz qabağındadır. Maraqlı burasıdır ki, bunlardan dərs çıxarmayanlar yenə də bu gün ölkədə at oynadırlar.
Bu günlərdə yolum bir idarəyə düşmüşdü. Balaca bir söhbətdən sonra dünən həbs edilən bir “jurnalistin” dünən bu idarədə necə hoqqa çıxardığından danışdı və gülə-gülə də qeyd etdi ki, həmin şəxs çox çalışırdı özünü "içəri"yə saldırsın, bacardı da. İndi get hədə-qorxuyla aldığın pulları orda ye.
Doğrusu deməyə söz tapa bilmədim, heç bilmədim burda günahkar kimdir? İdarə rəhbərimi, yoxsa “içəridə” olan şəxsmi, onu işə qəbul edən redaktormu, yoxsa bu söhbətə qulaq asan mənmi? Dəqiq bilmədim...
İndi gələk necə deyərlər gündəmi zəbt edən Fəxri fərman, Diplom, Təşəkkürnamə satanlara. Doğrusu mən belə bir rəzilliyi hələ heç bir yerdə görməmişdim, ancaq gördüm. Şəhid məclislərinin birində idim, hansısa bir sayt rəhbəri çıxıb şəhid anasına bir təşəkkürnamə yazdığını və almaq üçün onu yanına dəvət etdi. Mat-məəttəl bu səhnəni seyr edirdim. Mənə çox maraqlıydı, bu təşəkkürnamədə nə yazılıb? Yazılıb ki, nə yaxşı ki, oğlun şəhid oldu və bu münasibətlə sənə təşəkkürnamə verirəm?! Nə qədər düşünürdümsə, normal bir söz ağlıma gətirə bilmirdim. Nəsə təqdim etmə mərasimi bitəndən sonra yaxınlaşıb həmin şəxsdən soruşuram:
-Sizin o anaya təqdim etdiyiniz nə idi?
Həmin şəxs cavab verir:
-Təşəkkürnamə.
Mən:
-Maraqlıdı, o Təşəkkürnaməyə nə yazmışdınız? Baxa bilərəmmi?
O:
-Qəhrəman anadır, ona görə yazılıb.
Doğrusu söhbəti daha uzatmaq istəmədim və bu söhbətin sonu məni qorxutdu, sakitcə oradan uzalaşıram.
Maraqlıdır, bu ana övladını vətənə qurban edib, cavan yaşda övladını torpağa qoyub, bu nəyin təşəkkürüdür? Təşəkkür edirlər ki, nə yaxşı ki, oğlun şəhid oldu? Bu yerdə bir şəhid məclisində çıxış edən bir Qeyri Hökümət Təşkilatının rəhbərinin sözləri yadıma düşdü: “Ay ana, sən sevin ki, oğlun şəhid olub, vətənə qurban gedib?” Doğrusu o vaxtlar həmin çıxış əməlli-başlı müzakirə edilsə də, ananın göz yaşlarını saxlamaq mümkün olmadı. Gör anaya nə deyir e, gözün aydın, belə yerdə adam az qalır ki, desin kaş sənin də oğlun şəhid olardə və sənin də gözün aydın olardı. Adam o qədər savadsız, o qədər danışığını bilmir ki, şəhid anasına gözün aydın deyirdi? Allah sizin hamınızın bəlasını versin! Belə halların sayını artırmaq da olar. Lakin belə bir ölkədə belə bir rəzillik, deməyə söz də tapa bilmirəm.
Mən çox istəyərdim ki, heç bir fəaliyyəti olmayan saytlar bağlanılsın, belə öz başına qəzet, jurnal çap edən müəssisələr yoxlanılsın, onların fəaliyyətinə son qoyulsun. Qəzet və jurnalları mətbəələr çap eləsin. Bu Təşəkkürnamə yazanları, Fərxri Fərman, Diplom paylayanlar barədə də bir ölçü götürülsün.
Tahirə Həbliyeva,
365 GÜN QƏZETİNİN TƏSİSÇİSİ
VƏ BAŞ REDAKTORU
Bölməyə aid digər xəbərlər