10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
ŞAİRİN VƏTƏNPƏRVƏR ŞEİRLƏRİ































           XOCALI FACİƏSİ
(Xocalı rayonunun Meşəli kəndində valideyinləri  və iki qardaşı Şəhid olmuş Quliyev İbrahim Qənimət oğluna ithaf edirəm.)

Meşəli kəndinin meşəsi yandı, 
Meşəli kəndində neçəsi yandı,
Meşəli kəndinin çeşməsi qandı,
Halına dözməyir şair ürəyi.

İbrahim, necə də qəmli baxırsan?
Yandırıb özünü oda yaxırsan,
Acı göz yaşıma dönüb axırsan,
Halına dözməyir şair ürəyi.

Xocalı atəşi yanır içimdə,
Neçə arzularım donur içimdə,
Şuşam od içində, alov içində,
Halına dözməyir şair ürəyi.

Vətənin yolunda igidlər getdi,
Gör neçə insanın taleyi bitdi,
Elimi, Obamı, tar-mar etdi,
Halına dözməyir şair ürəyi.

Ay Haray, Qarabağ yanır, amandır,
Bağlıdır yollarım xeyli zamandır,
Düşməni əzməyin vaxtı tamamdır,
Halına dözməyir şair ürəyi.


ƏSİRLƏRİM DARDADIR...

(Vətənimizin ərazi bütövlüyu uğrunda itgin düşmüş və əsirlikdə qalan əsirlərimizə ithaf edirəm)

Yollarım bağlıdır, gözüm yoldadır,
Taqətim hələ var, gücüm qoldadır,
Bu ürək çatlayır, qandal qoldadır,
Azad edək əsirləri, dardadır.

Nə tez də unutduq ötən illəri,
Od-alov içindən keçən günləri,
Əsirlikdə qalmış bağlı dilləri,
Azad edək əsirləri, dardadır.

Vətən param-parça düşmənim ha çox,
Qələmim olubdur əlimdə bir ox,
Düşmənin qəlbinə vuram gərək ox, 
Azad edək əsirləri, dardadır.

Biz keçən günləri salmasaq yada,
O səslər qalarmı daşda, qayada?
Çataq köməyinə, çataq haya da,
Azad edək əsirləri, dardadır.

Güvənək xalqıma, ulu soyada,
Tarixi var, şöhrəti var dünyada, 
Yetər tufan qopa, bizi oyada,
Azad edək əsirləri, dardadır.

Gecələr yatmayır bizim əsirlər,
İncidib nəfəsin, səsin kəsirlər,
Nağıllar danışır “məmmədnəsirlər”,
Azad edək əsirləri, dardadır.

Dözməyir bu ürək, dözməyir vallah, 
Gecələr yatmadım, dinclikdən uzaq,
Kömək ol xalqıma, sən özün Allah,
Azad edək əsirləri, dardadır.

Düşmüşük vətəndə qəfəsə, tora,
Gedə də bilmirəm, mən hələ ora, 
Düşməni göndərək gərək biz gora,
Azad edək əsirləri, dardadır.

Yurdum ola-ola mən yurdsuz gəzim?
Əsirdir yurdlarım, mən rahat gəzim,
Haydı, igidlərim, sizədir sözüm:
Azad edək əsirləri, dardadır.

ANA LAYLASI
(Mərhumə Anam ZEYNƏB İBƏQIZINA
 ithaf edirəm)

Dibçəkdə əkmişik dağ çiçəyini,
Çiçək də dağlardan ayrı qalarmı?
Bülbülü saxladıq biz dar qəfəsdə,
Güllərin ətrini yazdan alarmı?

Analı həyatım təmiz bir nəfəs,
Anasız bu həyat mənə dar qəfəs,
Ana laylasına varmı, de əvəz?
Laylası muğamdır, cazdan alarmı?

Qaynayır bulaqtək gözlərimdə yaş,
Görəydin yurdunu, sağlığında kaş,
O toy qazanında, bişirəydin aş,
Ocaq öz istisin, buzdan alarmı?

Uşaqdım, o zaman, deyərdin lay-lay,
Daim yoxluğuna edirəm ah-vay,
Hey yazıb, pozsam da, yetişməz haray,
Şair də ilhamın yasdan alarmı?

Qənim kəsilmisən hər gün yuxuma,
Nə vaxtdır gəlmirsən şirin yuxuma,
İzzətoğlu kimdən küsə, nə uma?
Ürəyim ruhunu, sazdan alarmı?


DÜNYASIN DƏYİŞMİŞ BÜTÜN ANALARIMIZA 

ALLAH RƏHMƏT ELƏSİN!


XOCALI NALƏSİ

Ah, naləm göylərə qalxıb yenə də,
Xocalı naləsi yandırır məni,
Yeri, göyü oda yaxıb yenə də,
Qəlbimi incidir, sındırır məni.

Neçə soydaşımın qəlbin qopardı.
Ana-bacıları girov saxladı, 
İşgəncə, zülümlə əsir apardı,
Bir böyük millətin səbrin yoxladı.

Dözmək üçün ürək lazım, ay zalım,
Səsinə səs verən tapıla gərək,
Düşməndən qisası mən necə alım?
Onun da ürəyi çapıla gərək.

Gücüm çatır ayaq üstə qalmağa,
Düşmənləri əzib, vayını verək.
Birləşək ki, qalxaq qisas almağa,
Biz onlara gücümüzü göstərək. 


BİLMƏDİM

(Şəhidlərimizin dilindən)


Bağışla, ay Ana, bağışla bacım,
Sizləri təbrikə gələ bilmədim.
Ağlama anacan, başımın tacı,
Dərdini dərdimlə bölə bilmədim.

Danışıb-güldünmü, mənsiz bir gecə?
Bilirsən, soyuqdur yerim, “of!”, necə?
Qıydılar oğluntək gör necə gəncə?
Gözünün yaşını silə bilmədim.

Hər gecəm dönübdür ilə, neyləyim? 
Döndü cavanlığım külə, neyləyim? 
Məzarım qərq oldu, gilə neyləyim? 
Yaram da ağrıyır, ölə bilmədim.

Sizə qurban oldu, ürək, canımız,
Torpağa çiləndi axan qanımız,
Düşəcək dillərə bu dastanımız,
Xalqımı düşmənə kölə bilmədim.

Solub getdi, pöhrə-pöhrə arzular,
Şəhidlikdən daha böyük arzu var?
Övlad üçün bundan da saf yazı var?!
Nərə çəkdiyimi, nalə bilmədim.

İşğaldan qurtardı el, halal olsun,
Bizlər vuruşduq ki, istiqlal olsun,
Qələbə çaldıq ki, düşmən lal olsun,
Əroğluyam, düşdüm dilə, bilmədim?

UCALA BİLMƏZ

(Şəhidlərimizə ithafən)

Sağalmaz yarası Şəhid balanın,
Yüz illər dolanıb keçsə aradan.
Saraylar ucalsa zərli qaladan,
Şəhidin ruhutək ucala bilməz.

Qalxıb qartal təki uca göylərə,
Püskürüb vulkantək, axsa çöllərə,
Özünü ulduztək sayanlar belə,
Şəhidin ruhutək ucala bilməz.

Dünya fəth etsə də kosmosu, ayı,
Nə qədər tikilsə şahlar sarayı,
Deyimlər çoxalıb artsa da sayı,
Şəhidin ruhutək ucala bilməz.

Ədaləti aciz bilib sayanlar,
Özgə torpağına ayaq basanlar,
Şərəf lövhəsində özün asanlar,
Şəhidin ruhutək ucala bilməz.

DƏRDİM OLMASAYDI, ŞEİR YAZMAZDIM

Şeirim, bəhrələnibdir dərdimdən,
Hər bir sətri, bəndi, gəlir qəmimdən.
Ardıcıl düzülür söz, qələmimdən,
Dərdim olmasaydı, şeir yazmazdım.

Dostlar, deməyin ki, halım xarabdı,
Yurdum əsir qalıb, xararabalıqdı.
Qəlbimi, yurd dərdi, qəmi alıbdı,
Dərdim olmasaydı, şeir yazmazdım.

Vətən sevgisi var, məndə anamdan,
Yurdum deyə-deyə, köçdü həyatdan.
Mən necə anamı çıxardım yaddan?
Dərdim olmasaydı, şeir yazmazdım.

Ağlayır yudumun, dağı, meşəsi,
Laləsi, nərgizi, tər bənövşəsi.
Ədalətin qəlbi, Vətən qəfəsi,
Dərdim olmasaydı, şeir yazmazdım.




QAFAROV ƏDALƏT İZZƏTOĞLU 
(ƏROĞLU)
AYB və AJB-nin üzvü



Tarix: 23-04-2024, 09:21 Oxunub: 174


Bölməyə aid digər xəbərlər
28-02-2024, 13:21 Şairin yeni şeirləri
13-12-2023, 13:15 ŞAİRİN YENİ ŞEİRLƏRİ
4-07-2021, 10:00 Şair Aqşin Dadaşoğlu