09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Allah rəhmət eyləsin

 QƏLƏBƏN MÜBARƏK, AZƏRBAYCAN ƏSGƏRİ


Bugün, 08:45dəfə baxılıb


ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!


Vətən məndən, səndən, bizdən başlanır. Vətən doğulduğumuz yuvadan, boy atdığımız torpaqdan, küçədən, döngədən başlanır. Vətən qaçarkən yıxıldığımız, dizlərimizin sıyrıldığı, üz-gözümüzün əzildiyi çınqıl daşından başlanır. Vətən kollarından böyürtkən yığıb yediyimiz, bənövşələri dərib sinəmizə taxdığımız, çaylarında, göllərində uşaq kimi oynadığımız, qarğı atımızı çapdığımız, ağaclarının budaqlarından sallandığımız ormanından başlanır. Bizim üçün də vətən Azərbaycan torpağının hər yerindən başlayır. Yəni Vətən əvvəlcə evimiz, sonra küçəmiz, kəndimiz, şəhərimiz, ən sonda Vətənimiz dediyimiz andan başlanır. O an ki, torpaq qoynunda böyütdüyü övladının qanı ilə - şəhid qanı ilə suvarılır. Vətən şəhidimin qanının töküldüyü, qoynuna sığındığı yerdən başlanır. Vətən şəhid qanının laləliyə çevirdiyi Lələtəpədə üçrəngli bayrağın sancıldığı yerdən başlanır. Vətən şəhidlərimizin geridə qoyduqlarının həsrətli gözlərindən başlanır. Mənim üçün Vətən şəhid xanımının dilindən süzülən "Vətənim sənsən” kəlməsindən başlanır. O kəlmə ki, bir ömür boyu həsrətlə gözləyəcəyi əzizinin yanğısına su kimi səpiləcək. O kəlmə ki, çətin gündə çiynini söykədiyi, sirrini bölüşdüyü əzizinin itkisinə mətanətlə dözərək qəlbindəki ağrıları ovudacaq.
Hər qarışı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən əmanətdir. "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” demişlər babalarımız. Torpağı qoruyarsan, əzizləyərsən, uğrunda fədakarlığa hazır olarsan, Vətən olar.
Bu yurdun uğrunda, bu sevgili məmləkət naminə kimlər fəda olmadı ki... Şah babamızın miras qoyduğu Azərbaycan üçün necə canlar şəhid oldular. Raquflar, Asiflər, Şirinlər, Yaqublar, Pəncəlilər, Rasimlər, Ramizlər, Canpoladlar, Əbdülməcidlər, Müşfiqlər, Ziyalar, Muradlar, Samidlər, Təbrizlər daha kimlər, kimlər... Necə hərbçilər, komandirlər, oğullar, atalar, həyat yoldaşları... Hər biri bir elin, bir obanın arxa-dirəyi olan igidlər... Geridə qoyduqlarını düşünmədən ölümə atılan fədailər... Körpə balalarının gözündəki sevinci əbədi dondurub "Vətən sağ olsun” deyərək torpağın bağrına köçənlər...
Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də ulduzlar kimi parlayıb sönməməkdir.
Ölməzliyi düşünmək boşuna bir əməkdir,
Qəhrəmanlıq, vuruşub, bir daha dönməməkdir!
Onlar vuruşub dönməməyi seçdilər. Onlar bizə Vətəni sevməyi, sözdə yox, əməldə göstərdilər. Şəhidlər bizə azadlığın verilmədiyini, alındığını sübut etdilər.
Bəlkə də, borcundan çıxmadım, Vətən!
Ömür bahar deyil, bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən,
Çürüyüm bir ovuc torpağın artsın.
Şəhidlər tapdaladığımız bu qara torpağın müqəddəs olduğunu bizə anlatdılar. Şəhidlər düşmən əlində inləyən elin, obanın bağrı yaralı Qarabağın harayını bizə çatdırdılar. Şəhid komandir anasının əsirlikdə olan qəbrini ziyarət etməklə ana sevgisinin ucalığını bizə göstərdi. Ana olan yerdə ölümü də gözə almağın mümkün olduğunu bildirdi. Şəhidlər bizə ölümdən sonra da həyatın var olduğunu, yaşamağın mümkünlüyünü göstərdilər. Sanki bizə dedilər:
Basdığın yerləri "torpaq” deyərək keçmə, tanı,
Düşün altındakı minlərcə kəfənsiz yatanı.
Ey vətənimin mərd oğulları! Ey cənnət qoxulu şəhidim! Sizi düşünməmək olarmı? Sizi unutmaq olarmı? Unutsaq, nələri unudaq gərək...
Keçmişimizi - Zəngəzuru, Borçalını, 20 Yanvarı, Qarakənd faciəsini, Xocalını, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Zəngilanı, Qubadlını, Cəbrayılı, Xankəndini, 2016-nın aprelini unudaq gərək.
Haray çəkib gücüm yetdiyi qədər bağırmaq istəyirəm, duymayanlara eşitdirmək istəyirəm: "Axı mənim bütöv Vətənim vardı?! Parçalanmayan, hissə-hissə qoparılmayan məmləkətim vardı?! "Səndən qeyri biz hər şeyi bölə bilirik, səndən qeyri biz hamımız ölə bilirik - dediyimiz Azərbaycanımız, Qarabağımız vardı!”
Həyatına didərginlik yazılmış analarımızın laylası qulaqlarımda cingildəyir, sanki Qarabağa ağı deyir: Bir zamanlar musiqi beşiyi, gözəllər diyarı, mərd igidlər oylağı Qarabağım oy...
Bir vaxtlar haqqında "Külli Qarabağın abi-həyatı, nərmə-nazik bayatıdır, bayatı” deyilən yurdum oy...
Düşmən əlində əsir qalan, nalə çəkən elim oy...
Övladları pərən-pərən, uğuruna canını qurban verən Raqufum, Şirinim, Asifim, Muradım, Qabilim, Vaqifim, Mehmanım oy, oy...
Yox... Yox... Ağlama şəhid anası! Ağlama şəhid yadigarı! Bizə ağlamaq, unutmaq yaraşmaz. Bizim "bu gün gərək hər anımız Vətən desin”. Vətən desin ki, onu qoruyaq, uğrunda fədakarlığa hazır olaq. Düşmən sevinməsin ki, Qarabağımızı əsir alıb. Gec-tez biz Qarabağda üçrəngli bayrağımızı sancacağıq. Məhz bu inam bizi yaşadır, yeni işlər görməyə vadar edir.
Əgər bu gün Qarabağın əlimizdə olan kiçik bir kəndində Şuşanın saflığını, təmizliyini əks etdirən səslər - Qarabağ bülbülləri yetişirsə, demək ki, yol yaxındır. Tezliklə o bülbüllər Cıdır düzündə, Topxana meşəsində cəh-cəh vuracaqlar.
Əgər şəhid anası əlinə silah alıb, "mən də döyüşə hazıram” deyirsə, bu millətin qarşısında kimsə dura bilməz. Aprel döyüşlərində ordumuzun ən adlı-sanlı komandirləri öndə getmişdisə, əsgərlərini qorumaq üçün özünü qurban verən, əsgərini övladı kimi sevən komandirlərimiz vardırsa, düşmən qorxsa yaxşıdır. Əgər bu gün şəhid komandirin kiçik yaşlı oğlu yaralı oyuncaq əsgərini sağaltmaq üçün çalışırsa, deməli, bu millətin qəlbinin sevgisi, mərhəməti tükənməzdir. Əgər bu gün dövlət başçımız siyasi arenada mənfur erməniləri cavabı ilə çıxılmaz duruma salırsa, deməli, biz Varıq, yenilməzik. Biz gənclər dövlətimizlə bir olmalı, "Hər şey Vətən üçün” deməli, gücümüzü göstərməliyik.
Ona görə də:
Sən ey mənim mərd xalqım!
Qalx, qalx, qoy yer titrəsin məhvərindən!

Səbriyyə xanım,
Qədim Quran Araşdırmalar mərkəzinin əməkdaşı

Tarix: 3-11-2021, 14:20 Oxunub: 87


Bölməyə aid digər xəbərlər
4-08-2021, 09:58 Allah rəhmət eləsin
9-07-2021, 21:14 Allah rəhmət eyləsin
29-05-2021, 20:00 Allah rəhmət eyləsin