09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
SUMQAYITIM MƏNİM

SUMQAYIT ELƏ GÖZƏL ŞƏHƏRİDİR Kİ...


Sumqayıt bulvarı və dənizkənarı parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın ərazicə çox böyük olması ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması onu Bakı bulvarından fərqləndirir. Bir çox üstünlükləri olan dənizkənarında müasir bulvarın salınması ehtiyacı duyulurdu.
Prezident İlham Əliyev Sumqayıt şəhərində səfərdə olarkən burada müasir bulvar kompleksinin mütləq yaradılmalı olduğunu vurğulamışdı: "Sumqayıtda bulvarın tikintisi təşəbbüsünü də mən bir müddət əvvəl irəli sürmüşəm. Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Sumqayıtın da bu dənizkənarı sahəsindən biz gərək səmərəli şəkildə istifadə edək. Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır. Beləliklə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl guşə yaradılacaqdır."
Ölkə başçısının bu istəyi 2 Sentyabr 2015-ci ildə Sumqayıt şəhərinə başçı təyin olunan Zakir Fərəcov tərəfindən əsas hədəf kimi qarşıya qoyuldu. Qısa müddət ərzində bulvarın baş planı və eskiz layihəsi hazırlandı və işlərə başlanıldı. Hazırda Sumqayıt bulvarı Sumqayıt sakinlərinin asudə istirahət məkanına çevrilib.
Ümumi sahəsi 109 hektar, uzunluğu 4,2 kilometr olan bulvarda istinad divarı çəkilib və bulvarın 1000 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.
 Gənclər şəhəri üçün böyük əhəmiyyət daşıyan bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınmışdır.
Bununla yanaşı bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa edilmiş, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə verilmişdir. Eyni zamanda yaxın gələcəkdə Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaqdır.
Sumqayıt Bulvarında geniş miqyasda yaşıllıq sahəsi salınıb, müasir işıqlandırma sistemi qurulub. Park boyu 1 kilometr uzunluğunda yeni yol inşa olunub. Kompleksin yeni salınan hissəsində bütün yaş qruplarının istirahəti üçün yüksək şərait yaradılıb.
Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin tərkib hissələrindən biri də yeni istirahət guşələrinin, park və xiyabanların yaradılmasıdır. Son dövrlərdə Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində mühüm layihələr icra edilir. Bu istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıtda Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Bu kompleksdəki şərait sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Xəzərin sahilindəki bu kompleks Sumqayıt şəhərinin simasının daha da gözəlləşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir.
“Sumqayıt Bulvar” MMC-nin əməkdaşı Vasif müəllimlə bulvarda balaca bir gəzinti etdik. Əslində buranı mən cənnət adlandırmaq istəyərdim. Cənnət dedikləri elə bura olmalıdır. Başdan başa yaşıllıqlarla əhatə olunmuş bulvarda gül gülü, bulbul bülbülü çağırırdı. Elə yol boyu da bu cənnətməkan barədə Vasif müəllimlə balaca bir söhbət edirik:
-Bu ərazinin nə halda olduğunu Sumqayıt sakinləri yaxşı bilirlər. Uzun müddət idi ki, bu ərazi demək olar ki, zibilliyi xatırladırdı. Şəhərimizə yeni başçı təyin olunan gündən cənab Zakir Fərəcov demək olar ki, şəhəri yenidən qurmağa başladı. Bu bulvar isə cənab başçımızın şah əsəri adlandırmaq olar. Bu gün ölkəmizə gələn qonaqlar da bu bulvarın gözəlliyinə heyran olmaya bilmir. 
Bu yaşıllıqların, gül çiçəklərin qulluğunda bu gün onlarla işçi var. Hər gün demək olar ki, bu gül çiçəklər, ağaclar iki dəfə suvarılır. Xarici ölkələrdə gətirilən güllərin qorunması üçün hər bir şəraitdən istifadə olunur.
Bu gün bulvar Sumqayıt sakinlərinin əsl istirahət yeridir. Uşaqların əylənməsi, gənclərin asudə istirahəti üçün hər bir şəraitimiz mövcuddur. 
Bulvar MMC-nin rəhbəri Seymur müəllim hər gün bulvarı demək olar ki, başdan başa gəzir. Sökülmüş yerləri, yerindən qopmuş suvaqları yenidən bərpa edirik. Sumqayıt İcra hakimiyyətinə tabe olan bu müəssisə bir başa cənab Zakir Fərəcovun nəzarətindədir. Cənab başçımızın verdiyi hər bir tapşırığı yerində və anındaca həyata keçirik. 
Bəli, Sumqayıt bu qısa müddət ərzində yenidən tikildi, yenidən ad aldı. 
Sumqayıt elə gözəl şəhərdir ki…
Mavi gözlü Xəzərimin sahilində şahə qalxan dalğalara sinə gərən məğrur şəhərim. Bəzən də sakit, həlim dalğaların laylasıyla baş-başa verib uyuyan, dincini alan şəhərim. Geniş və səliqəli küçələr, tıxacsız yollar, ruha rahatlıq gətirən parklar, xiyabanlar, göz oxşayan yaşıllıqlar, gül-çiçəklər…
Sumqayıt elə gözəl şəhərdir ki…
Əlini cibinə qoyub piyada gəzmək istəsən bir də baxarsan ki, bircə saata şəhərin bu başından o biri başına gedib çatmısan. Və gəzməkdən yorulmamısan, əksinə, həm özün dinclik tapmısan, həm də ruhun. Avtobus lazımdırsa saatlarla gözləmirsən, hər marşrut öz intervalında gəlir. Mən hələ hər tərəfə az qala iki-üç alternativin olmasını demirəm. 7 nömrəli marşrut da ki, öz gözəlliyində. Şəhər turuna çıxmaq istəyirsən, buyur min, şəhəri dolan, gözəlliklərdən feyziyab ol, dolanıb gələndən sonra da elə mindiyin yerdəcə düş.
Sumqayıt elə gözəl şəhərdir ki…
Başdan-başa çiçəklənən, gözəlləşən şəhərim mənim. Küçələrdən keçəndə hiss edirsən ki, ətrafa xoş bir ətir yayılıb. O saat bilirsən ki, hansısa dükana yenicə isti zavod çörəyi gətiriblər. Bu həm də şəhərimizin ekoloyi cəhətdən təmizliyindən xəbər verir. Onilliklər öncə şəhərə o qədər yad iy, qoxu buraxılırdı ki, başqa iyləri hiss etmək olmurdu. İndi isə şəhərimiz regionun ən təmiz və ən gözəl şəhərlərindən biridir. Zərərli və zəhərli zavodlar ləğv edilib. Yerində dünya standartlaarına cavab verən yeni müəssələr inşa olunub. Milyonlarca ağac, kol bitkiləri, gül-çiçək əkilib, şəhərim yaşıllıqlar diyarına çevrilib.
Sumqayıt elə gözəl şəhərdir ki…
Yaradılan nümunəvi məhəllələr, abadlaşan küçələr, parklar, dünya gözəli bulvar kompleksi adamı heyran edir. Bulvar demişkən, dənizkənarı bulvarımız çox möhtəşəmdir. Möcüzədir, möcüzə. Uşaqlıq arzularımın gerçəkləşdiyi məkan. Ulu öndər Heydər Əliyevin, qüdrətli sənətkarımız İmadəddin Nəsiminin adlarını daşıyan parklar – gözəllikləri ilə adamı valeh edir. Körpə balaların sevdiyi məkanlardır bu yerlər. Gözəl və mənalı istirahət etmək istəyirsənsə buyur gəl. Gözəllikdən həzz ala-ala xəyallar, duyğular içərisində itirsən. Son illərin töhfələri olan Heydər Əliyev Mərkəzi, Uşaq incəsənət məktəbi, Şahmat məktəbi, əsaslı təmir olunmuş Sumqayıt Dövlət Dram teatrı və “Kimyaçı” Mədəniyyət sarayı, Sumqayıt bulvar kompleksi, digər inzibati və sosial binalar. Hazırda bulvarın davamı kimi bir kilometrlik ərazidə yeni bulvarın salınması, Muğam Mərkəzinin tikintisi, “Nizami” kinoteatrının sökülüb müasir üslubda yenidən tikilməsi və sair və ilaxır. Bu gözəlliklərdən adam doymur ki… Bir dəfə gəzdinmi, hər gün gəzmək istəyəcəksən. Mən səninlə fəxr edirəm taleyimin şəhəri doğma Sumqayıt.
Sumqayıt elə gözəl şəhərdir ki…



Natiq Zabitoğlu 

              

Tarix: 13-06-2023, 18:30 Oxunub: 45


Bölməyə aid digər xəbərlər
8-05-2022, 12:47 SUMQAYITIM MƏNİM
21-04-2021, 09:00 MARAQLIDI
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80