12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
​Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və Dövlət Ekoloji Eksperizası


 Respublikamız müstəqillik əldə etdikdən sonra ətraf mühitin mühafizəsi sahəsində “Ətraf mühitin mühafizəsi haqqında”, Ekoloji təhlükəsizlik haqqında” qanunlar və digər  çoxlu sayda normativ–hüquqi aktlar qəbul edilmiş, beynəlxalq konvensiyalara qoşulmuşdur. “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il fevralın 25-də Espo şəhərində imzalanmış Birləşmiş Millətlər Təşkilatının Konvensiyası və onun əlavələri Azərbaycan Respublikası Prezidenti tərəfindən 01 fevral 1999-cu il tarixdə təsdiq edilmişdir.
“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu  2018-ci il 12 iyun tarixdə qəbul olunmuşdur. Bundan sonra Azərbaycan  Respublikasının  NK-nin  425 saylı 02 oktyabr 2019-cu il tarixli Qərarı ilə  “Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”  və  NK-nin 362 saylı  2022-ci il 21 sentyabr tarixli “Ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması Qaydası” təsdiq edilmişdir
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinin (ƏMTQ) əsas məqsədi  fəaliyyətin həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsidir.
      Ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində əsas prinsiplər aşağıdakılardır:
- nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına təsirinin kompleks ekoloji, sosial və iqtisadi qiymətləndirilməsi;
- nəzərdə tutulan fəaliyyətin ekoloji təhlükəsizliyinə dair məlumatların düzgünlüyü, şəffaflığı və etibarlılığı;
 -  ekoloji tarazlığın və bioloji müxtəlifliyin qorunub saxlanması;
-   nəzərdə tutulan fəaliyyətin ətraf mühitə təsirinin yol verilən normaları aşmaması;
-  mümkün ekoloji nəticələrin elmi proqnozlaşdırılması və ekoloji risk səviyyəsinin qiymətləndirilməsi;
- ƏMTQ-nin aparılmasında aşkarlıq, əhalinin məlumatlandırılması və ictimai rəyin nəzərə alınması;
- ƏMTQ və SEQ sahəsində beynəlxalq əməkdaşlıq;
- ƏMTQ və SEQ-in həyata keçirilməsində dövlət və bələdiyyə orqanlarının, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması;
- ƏMTQ və SEQ sahəsində dövlət nəzarəti və ictimai nəzarət.
Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri aşağıdakılrdır:
  - Karbohidrogen ehtiyatlarının axtarışı, kəşfiyyatı, işlənməsi, hasilatı və nəqlinə dair layihələr;
   - Neft və qaz emalı zavodlarının layihələndirilməsi;
   - Neft, qaz və ya kimyəvi məhlulların nəqli üçün uzunluğu 20 km və daha çox, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi;
    - Neft, neft-kimya və kimyəvi məhsullar üçün əsas anbar obyektlərinin layihələndirilməsi;
   -Gücü 300 MVt və daha çox olan istilik elektrik stansiyalarının, eləcə də gücü 220 kilovoltdan, uzunluğu 15 km-dən çox olan yüksək gərginlikli elektrik xətlərinin layihələndirilməsi;
   -Atom elektrik stansiyalarının və nüvə reaktorları olan digər obyektlərin layihələndirilməsi;
   -Gücü 10 MVt-dan çox olan su, günəş, bioqaz, geotermal və digər elektrik stansiyalarının layihələndirilməsi;
   -  Metallurgiya müəssisələrinin (zavodlarının) layihələndirilməsi.
   - Kimyəvi məhsulların istehsalı sahələrinin layihələndirilməsi.
   - Tikinti materiallarının (o cümlədən sement) istehsalı sahələrinin 
        layihələndirilməsi.
   -Magistral avtomobil yollarının, dəmiryol xətlərinin (vaqonların yuyulması və təmizlənməsi stansiyaları da daxil olmaqla) layihələndirilməsi.  - Hava limanlarının layihələndirilməsi.
  - Dəniz ticarət limanlarının, eləcə də sahil limanları ilə əlaqəli boşaltma və yükləmə məqsədli və ağırlığı 1350 tondan yuxarı gəmilərin yanalma körpülərinin (bərələr istisna olmaqla) layihələndirilməsi;
 -Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələndirilməsi;
 -İstehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə layihələr;
  - Hündürlüyü 15 metr və daha yüksək olan su bəndlərinin, su anbarlarının və başqa  su tutumlarının (rezervuarların) layihələndirilməsi;
  - Çay hövzələri arasında su resurslarının bölüşdürülməsi üzrə layihələr.- Ərazi planlaşdırılması sənədlərinin layihələndirilməsi;
- Şəhərlərin su təchizatı və kanalizasiya sistemləri kompleksinin layihələndirilməsi;
- Su mənbələrindən istifadə (il ərzində istifadənin həcmi 10 mln. kubmetrdən artıq olduqda), eləcə də uzunluğu 20 km-dən, diametri 500 mm və daha çox olan su  boru kəmərlərinin layihələndirilməsi;
 -Əhatə etdiyi sahə 1000 ha-dan çox olan irriqasiya və meliorasiya sistemləri, eləcə 
də magistral suvarma kanalları və kollektorların layihələndirilməsi;
-  Kağız və sellüloz istehsalı müəssisələrinin layihələndirilməsi;
-  Tikinti materialları yataqlarının mənimsənilməsi və istismarı layihələri.
- Dağ-mədən fəaliyyəti üzrə metal (o cümlədən əlvan metal) filizlərinin yataqlardan  çıxarılması, hasilatı, işlənilməsi və emalı layihələri;
-  Emal istiqamətli istehsal sahələrinin layihələndirilməsi;
- 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələndirilməsi;
-  Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin layihələndirilməsi;
-  İri istehsal təyinatlı sənaye müəssisələrinin (texnoparkların) layihələndirilməsi;
-  Texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin layihələndirilməsi.
- Su fonduna aid zonalarda irimiqyaslı tikinti layihələri (süni adaların, qurğuların   yaradılması və s.);
-Böyük ərazilərdə (5 ha-dan çox olan) meşələrin irimiqyaslı qırılması və ya irimiqyaslı (10 ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə layihələr.
-Gücü 1 MVt-dan çox olan külək elektrik stansiyalarının (külək generatorları parkları)  layihələndirilməsi;
-Yeni metro stansiyalarının, körpülərin, tunellərin layihələndirilməsi.
- İrimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələr;
Ekoloji ekspertiza- ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısilə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.  Ekoloji ekspertiza dövlət və ictimai ekoloji ekspertiza formalarında həyata keçirilir. Azərbaycan Respublikası NK-nin   21 may 2020-ci il tarixli 184  saylı Qərarı ilə “Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası” təsdiq edilmişdir. 
Dövlət ekoloji ekspertiza rəyinin verilməsi  Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Ekoloji Ekspertiza Agentliyi  tərəfindən həyata keçirilir: 
 Dövlət ekoloji ekspertizasının obyektləri aşağıdakılardır:
- ölkə və iqtisadiyyat sahələri üzrə məhsuldar qüvvələrin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri, strateji sənədlərin layihələrinə dair strateji ekoloji qiymətləndirmə (bundan sonra – SEQ) sənədləri; 
- istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchizatı və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra – ƏMTQ) və transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri; 
- yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən idxalına və ixracına dair sənədlər; 
- ətraf mühitin mühafizəsi sahəsində metodiki təlimatların və texniki normativ hüquqi aktların layihələri; 
- ərazilərin kompleks ekoloji tədqiqat materialları, ərazilərə xüsusi mühafizə statusunun verilməsi, ekoloji fəlakət zonalarının və fövqəladə ekoloji vəziyyətin elan olunmasının əsaslandırılması sənədləri, habelə həmin ərazilərin bərpası proqramları; 
- regionların, ayrı-ayrı ərazilərin və təbiət komplekslərinin ekoloji vəziyyətinə dair sənədlər; 
- aidiyyəti dövlət orqanlarının (qurumlarının) qərarlarına əsasən təbiətdən (təbii ehtiyatlardan) istifadəni nəzərdə tutan müqavilə (kontrakt) və razılaşmaların layihələri; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda tikinti layihələrinin ekologiya bölməsi. 
 Dövlət ekoloji ekspertizasının nəticələrinə dair rəsmi sənəd dövlət ekoloji ekspertizasının rəyidir və dövlət ekoloji ekspertizasının obyektləri barədə ekoloji ekspertiza rəyi olmadan sənaye və ərzaq məhsullarının istehsalı, müvafiq işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır. Dövlət ekoloji ekspertizası həyata keçirilərkən aşağıdakılar rəhbər tutulur: 
 Sifarişçi dövlət ekoloji ekspertizasının keçirilməsi üçün qanunvericilikdə göstərilən sənədləri və məlumatları daxil etməklə ərizə  təqdim edir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.
 “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə əsasən dövlət ekoloji ekspertizasının həyata keçirilməsi ilə bağlı sifarişçinin və planlaşdırıcı orqanın vəzifələri aşağıdakılardır:
-dövlət ekoloji ekspertizasının obyektlərinə dair sənədləri “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tərtib etmək və vaxtında dövlət ekoloji ekspertizasına təqdim etmək; 
-dövlət ekoloji ekspertizasının həyata keçirilməsi üçün zəruri olan əlavə məlumatları   təqdim etmək; 
- dövlət ekoloji ekspertizasının həyata keçirilməsini “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən qaydada maliyyələşdirmək;  
- dövlət ekoloji ekspertizasının həyata keçirilməsi zamanı elmi tədqiqat və axtarış işlərinin (əlavə axtarışlar, nəzarət ölçmələri, sınaq nümunələrinin götürülməsi, analizi və s.) aparılması tələb olunduqda, həmin işləri maliyyələşdirmək və onların həyata keçirilməsini təmin etmək. 
Dövlət ekoloji ekspertizası obyektlərinin ekoloji ekspertizası 30 (otuz) gün müddətində (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla) həyata keçirilir.  Dövlət ekoloji ekspertizasının obyektləri üzrə layihənin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd (müqavilə) dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi üçün əsasdır. Dövlət ekoloji ekspertizası rəyinin verilməsinə görə  müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.
 Dövlət ekoloji ekspertizasının rəyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada 5 (beş) il müddətinə verilir;
Dövlət ekoloji ekspertizasının rəyi aşağıdakı hallarda  yenidən   rəsmiləşdirilir: 
- dövlət ekoloji ekspertizasının rəyini almış sifarişçi olan hüquqi şəxs yenidən təşkil edildikdə; 
-dövlət ekoloji ekspertizasının rəyini almış sifarişçi olan hüquqi şəxsin, xarici hüquqi şəxsin filialının, nümayəndəliyinin adı və ya hüquqi ünvanı dəyişdikdə; 
- şəxsin soyadı, adı, atasının adı dəyişdikdə; 
-ekoloji ekspertiza sənədlərində dəyişikliklər edildikdə;
-ətraf mühitin mühafizəsi sahəsində normativ və texniki normativ hüquqi aktlarla müəyyən edilmiş ekoloji tələblər dəyişdikdə; 
- rəyin qüvvədə olma müddəti başa çatdıqda;
İctimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasının həyata keçirilməsindən asılı olmayaraq, ictimai ekoloji ekspertizanın təşkilatçılarının təşəbbüsü ilə təşkil olunur və həyata keçirilir. İctimai ekoloji ekspertiza fiziki şəxslər, qeyri-hökumət təşkilatları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri (bundan sonra – ictimai ekoloji ekspertizanın təşkilatçıları) tərəfindən  aparılır.İ ctimai ekoloji ekspertiza ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının, mütəxəssislərin və ekspertlərin iştirakı ilə aparılır. İctimai ekoloji ekspertiza dövlət ekoloji ekspertizasından əvvəl və ya onunla eyni vaxta keçirilir. İctimai ekoloji ekspertizanın rəyi onun təşkilatçıları tərəfindən ən geci 3 (üç) iş günü müddətində Agentliyə, yerli icra hakimiyyəti orqanına, bələdiyyəyə, planlaşdırıcı orqana və sifarişçiyə təqdim edilir, habelə media ilə ictimaiyyətə çatdırılır. İctimai ekoloji ekspertizanın rəyi tövsiyə xarakteri daşıyır və ictimai ekoloji ekspertizanın nəticələrinə dair sənəddir. 
Xatırlatmaq istərdim ki, “Sumqayıt Kimya Sənaye Parkı” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılıb və 2013-cü il oktyabrın 3-də dövlət başçısının iştirakı ilə Parkın təməl qoyma mərasimi keçirilmişdir.Nəhəng infrastruktura malik parkının ərazisi 613 hektar təşkil edir. Parkda neft-kimya və digər sənaye sahələri üzrə ekoloji tələb və normalara cavab verən 37 rezident  müəssisə vardır. İstehsalat müəssiisələrinin layihə -texniki sənədlərinə ƏMTQ  sənədi hazırlanmış  və dövlət ekoloji ekspertiza rəyi alınmışdır.
 Layihə-texniki sənədlərinə və fəaliyyətə ekoloji ekspertiza rəyi almayan  istehsalat sahələrinin cavabdeh vəzifəli şəxsləri  iqanunvericilikdə inzibati məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1.ci maddəsinə əsasən  “dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə” görə fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tuulmuşdur.
Ölkəmizdə ətraf mühitin mühafizəsi  və ekoloji problemlərin qarşısının alınması üçün hər bir şəxs ekoloji qanunvericiliyin tələblərinə əməl etsə  yaxın gələcəkdə  ekoloji mühit  daha da  sağlamlaşacaqdır. 

Asəf Bayramov     
ekoloq, kimya üzrə fəlsəfə doktoru.



                                                                                                                                  

Tarix: 1-07-2025, 08:00 Oxunub: 258


Bölməyə aid digər xəbərlər
11-11-2024, 11:47 Sumqayıt-75
28-10-2024, 14:13 Sumqayıt-75