Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmuşdur. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edilmiş və bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulmuşdur.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasıdır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə konvensiyasına atmosferdəki istixana effekti yaradan qazların konsentrasiyasının stabilləşdirmək və iqlim sisteminə təhlükə yaratmayan səviyyəyə çatdırılmasına nail olmaq, bioloji müxtəlifliyin mühafizəsi, onun komponentlərindən, genetik resurslardan birgə, bərabər və ədalətli istifadə olunması daxildir. 27 prinsipdən ibarət davamlı inkişaf konsepsiyasında tərtib olunmuş və 5 əsas plan öz əksini tapmışdır. Bura bütün canlıların yaşamaq hüququnun olması, bunun ən yüksək dəyər olması, meşələrin mühafizəsi, meşələrdən səmərəli istifadə, meşələrin artırılması üzrə prinsiplər qəbul edilmişdir. 1997- ci ilin dekabrında Yaponiyanın Kioto şəhərində dünyanın 171 ölkəsinin iştirakı ilə BMT-nin İqlim Dəyişmələri Üçüncü Konfransı keçirilmiş və karbon qazının atılmasının azaldılması üzrə Kioto protokolu imzalanmışdır. Sazişdə inkişaf etmiş 38 ölkənin atmosfer havasına karbon qazının atılmasını əhəmiyyətli dərəcədə azaltmaları göstərilmişdir.
Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasını 1992- ci ildə imzalamış, 1995- ci ildə Milli Məclis tərəfindən ratifikiasiya edilmişdir. Bu konvensiyaya əlavə olan Kioto protokoluda 2000- ci ildə imzalanmışdır. Bu sahədə Respublikamızda parnik qazlarının azaldılması üçün milli fəaliyyət planı hazırlanmış və müvafiq işlər aparılır. Hesablamalara görə istixana qazlarının azaldılması ilə tədbir görülməzsə dünyada orta illik temperatur XXI əsrdə 3-4 dərəcə selsi yüksələ bilər. 2015-ci ilin 25 sentyabrında BMT-nin Dayanıqlı İnkişaf Sammitində Baş Assambleyasının üzvü olan 193 dövlət tərəfindən "2030- cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” qəbul edilmişdir. Davamlı İnkişaf Məqsədlərində yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişafın təmin edilməsi, keyfiyyətli təhsil, gender bərabərliyi, təmiz şirin suyun təmin olunması, sənayenin və innovasiyanın inkişaf etdirilməsi, dəniz ekosisteminin mühafizəsi, torpaq ekosisteminin mühafizəsi, sosial- müdafiənin təmin olunması və bununla yanaşı iqlim dəyişiklikləri ilə mübarizə, ətraf mühitin mühafizəsi və digər hədəflər göstərilmişdir. Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə dayanıqlı inkişaf məqsədlərinin ölkə də icrasının təmin edilməsi üçün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin fevral 2021-ci il tarixli sərəncamı ilə ”Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdıq olunmuşdur. Ölkənin sosial–iqtisadi inkişafına dair 5 Milli Prioritet reallaşdırılması nəzərdə tutulmuşdur. Milli Prioritetlərdən biri "təmiz ətraf mühit və” yaşıl artım” ölkəsi” –nə naıl olmaqdır. Əsas məqsəd qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpası, yaşıllıqların artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən istifadə edilməsi və uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişafa nail olmaqdır. İqlim dəyişikliklərinə təsirin azldılması üçün ölkədə ümumi yaşıllıqların payının artırılması və ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərmək üçün alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehsalatda payının artırılması göstərilmişdir.
Respublikamızda bərpa olunan enerji mənbələrinin yaradılması məqsədilə 2004- cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı "qəbul olunmuşdur,bundan sonra Respublikamızın ayrı-ayrı regionlarında su , günəş, külək, bionerji və hibrid elektrik stansiyaları quraşdırılmışdır. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə hal- hazırda Respublikada ümumi elektrik enerjisi istehsalı gücü 8320,8 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt-dır ki, bu da ümumi gücün 20,3 %-ni təşkil edir. Su elektrik stansiyaları daxil edilmədən bərpa olunan enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi isə ümumi istehsalın 5,8%-i qədərdir. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensialı olan ölkələrdəndir. Respublikamızda bərpa olunan enerji mənbələrinin potensialı (külək, günəş, bioenerji, dağ çayları birlikdə) 27000 MVt həcmində qiymətləndirilir. Bu sahədə ölkəmizdə müəyyən işlər görülmüş və hal-hazırda da davam etdirilir, həm də normativ hüquqi aktlar qəbul edilmişdir. 31 may 2021-ci il tarixdə ”Elektrik enerji istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti 3 may 2021-ci il tarixdə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında "sərəncam imzalamışdır.Bu sahədə Konsepsiya sənədi hazırlanmış və işğaldan azad olunmuş ərazilərdə günəş, külək, biokütlə, termal, geotermal və başqa enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə olunmaqla külək, günəş enerji stansiyalarının, su elektrik stansiyalarının tikilməsi üçün araşdırmaların aparılmasına başlanılmışdır. 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 %-ə çatdırılması əsas hədəf kimi müəyyən edilmişdir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Republikamızda istər dövlət meşə fonduna, istərsə də qeyri-meşə fonduna aid torpaqlarda 100 minlərlə ağac və kol əkilmiş, yeni yaşıllıq sahələri yaradılmışdır.Hazırda ölkə ərazisində “Təmiz ölkəm” devizi altında təmizlik aksiyaları keçirilməkdədir. Təmizlik aksiyasının keçirilməsində məqsəd əhali arasında təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin tullantılar ilə zibillənməsinin qarşısını almaq, ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
Sumqayıtda da ekoloji tarazılığın qorunması ilə bağlı mühüm işlər görülmüşdür. Bu işlərə yaşıllıq zonalarının salınması, yeni parkların və bulvarların yaradılması dayanır. Bu tədbirlər şəhərin ekoloji vəziyyənin yaxşılaşdırılmasına və sakinlərin daha sağlam mühitdə yaşamasına xidmət edir. Görülən işlər çərçivəsində şəhərdə ağacəkmə kampaniyaları da mütəmadi olaraq təşkil edilir. Bu kampaniyalar, şəhərin yaşıllıq örtüyünün artmasına və ekoloji tarazılığın qorunmasına xidmət edir. Son illər ərzində şəhər ərazisində minlərlə ağac və kol əkilmişdir. Bunun nəticəsidir ki, bu gün Sumqayıt şəhərində adambaşına düşən yaşıllıq sahəsi digər şəhərlərlə müqayisədə daha çoxdur.
Prezident cənab İlham Əliyev tədbirlə əlaqədar çıxışlarının birində demişdir “Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP 29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq”.
Hər birimiz belə möhtərəm tədbirin Respublikamızda layiqli şəkildə keçirilməsinə öz işimizlə töhvə verməliyik.
Asəf Bayramov,
Bölməyə aid digər xəbərlər