15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
09:49 / 15-11-2024
Rayonlara yağış yağıb
13:49 / 11-11-2024
8 noyabr - Zəfər Günüdür
13:42 / 11-11-2024
8 NOYABR
11:47 / 11-11-2024
Sumqayıt-75
10:29 / 11-11-2024
Sabah leysan yağacaq
Sumqayıt-75


Sumqayıt şəhərinin ekoloji problemləri  və ətraf mühitin sağlamlaşdırılması istiqamətində görülən işlər.
Respublikamız müstəqillik əldə edəndən sonra  ekoloji məsələlərə göstərilən birmənalı prinsipial münasibət uzun illər həllini  tapmayan köklü ekoloji problemlərin həllinə real imkan yaratmışdır. Ölkə rəhbərliyi tərəfindən keçirilən  görüş və müzakirələrdə ekoloji məsələlərin gündəmə gətirilməsi, iri maliyyə tutumlu texniki tədbirlərin maliyyələşdirilməsi problemlərin kompleks həllinə böyük imkanlar  yaratmışdır. Ətraf mühitin mühafizəsinin sağlamlaşdırılması istiqamətində milli proqramlar, kompleks tədbirlər planları təsdiq olunmuş və həyata keçirilmişdir. Sumqayıt şəhərində də məlum səbəblərdən  bir sıra iri həcmli ekoloji və fiziki cəhətdən köhnəlmiş, ətraf mühiti  təhlükəli maddələrlə çirkləndirən  istehsal sahələrinin fəaliyyətinin dayandırması, müasir standartlara cavab verən yeni istehsal sahələrinin yaranması hesabına şəhərin ekoloji vəziyyəti müsbət istiqamətə doğru yaxşılaşmışdır.Fəaliyyəti dayanmış köhnə texnologiyalı müəssisələrin yerində müasir, ekoloji tələblərə cavab verən, müasir avadanlıqlarla təchiz olunmuş “Sumqayıt Elektrik Stansiyası”MMC, “Sumqayıt Texnologiyalar Parkı”, “SOCAR Karbomid” zavodu, “SOCAR Polimer” MMC və “Sumqayıt Kimya Sənayesi Parkı” kimi  yeni istehsal sahələri yaradılmışdır. Xatırlatmaq istərdim ki, “Sumqayıt Kimya Sənaye Parkı” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılıb və 2013-cü il oktyabrın 3-də dövlət başçısının iştirakı ilə Parkın təməlqoyma mərasimi keçirilmişdir. Sumqayıt şəhərində yerləşən və nəhəng infrastruktura malik parkının ərazisi 613 hektar təşkil edir. Parkda neft-kimya və digər sənaye sahələri üzrə  ekoloji tələb və normalara cavab verən 37 rezident  müəssisə vardır.
         Bildiyimiz kimi, Sumqayıtın layihələndirilməsi ötən əsrin 30-cu illərinə təsadüf edir. 1936-cı də Bakının 35-40 km-də yerləşən ərazidə tikinti işlərinə başlanmışdır. Burada kimya və metallurgiya müəssisələrinin, istilik-elektrik stansiyasının və digər obyektlərin tikintisi nəzərdə tutulmuşdur. İlk olaraq, obyektləri elektrik enerjisi ilə qidalandıran 1 nömrəli İEM işə salınmış və 1941-ci ildə elektrik enerjisi hasil edilmişdir. Lakin II Dünya Müharibəsinin başlanması səbəbindən tikinti işləri dayandırılmışdır. 1944-cü ildə isə tikinti işlərinə başlanılmışdır. İlk dəfə olaraq 1945-ci ildə Sumqayıtın  Baş planı işlənmiş və təsdiq olunmuşdur. Həmin dövrdə kənd təsərrüfatı üçün mineral gübrə hazırlayan “Tukzavod” əsasında “OZER” adlanan istehsal sahəsi yaradılmış və burada maye xlor, sürtkü yağları, xlorparafin, heksaxloran, kaustik soda və s.  məhsulların istehsal texnologiyası mənimsənilmişdir. Nəhayət, 1949-cu ilin 22 noyabr tarixində Sumqayıta “şəhər” statusu verildi [1]. Ötən əsrin 50-70-cı illərində şəhərdə nəhəng kimya müəssisələri olan “Səthi Aktiv Maddələr”, “Sumqayıt Sintez Kauçuk”, “Üzvi Sintez”, “Sumqayıt Superfosfat”, “Sumqayıt Aşqarlar”, “Sumqayıt Məişət Kimyası” və “Sumqayıt Alüminium” zavodları tikilib istifadəyə verilmişdir. Bu istehsal sahələri tikilərkən layihələrdə böyük nöqsanlara yol verilmişdir. Həmin kimya sənaye müəssisələrində sintetik etil spirti, sintetik kauçuk, yuyucu vasitələr, sulfat turşusu, superfosfat gübrəsi, müxtəlif markalı aşqarlar, epoksid qətranı, xlor, sulfanol, kaustik soda, qliserin, etilen, polietilen və s. adda məhsullar istehsal olunmağa başlandı. Sumqayıt şəhəri keçmiş Sovet İttifaqının və dünyanın ən gərgin ekoloji rayonlarından biri olmuşdur.  Müəssisələrin yerləşdirilməsi, tikilməsi və istismarı sahəsində yolverilən nöqsanlar nəticəsində bir çox hallarda Sumqayıt kimya kompleksinin zərərli texnologiyalarının təcrübə-sınaq poliqonuna çevrilmişdir. İlkin mərhələdə müəssisələrin layihələrində ətraf mühitin mühafizəsi tədbirləri belə nəzərdə tutulmamışdır. İstehsal prosesində əmələ gələn təhlükəli tullantılar heç bir utilizasiya olunmadan şəhərətrafı ərazilərə daşınırdı. Müəssisələrdə əmələ gələn çirkab suları təmizlənmədən birbaşa dənizə axıdılırdı.Yalnız keçən əsrin 70-ci illərindən, respublika rəhbərliyinə Heydər Əliyev gəldikdən sonra, onun keçmiş ittifaq orqanları qarşısındakı  tələbləri ilə ekoloji tədbirlərin mərkəzləşmiş qaydada maliyyələşdirilməsi aparılmışdır.Həmin dövrdə Sumqayıt şəhərində müəssisələrdə 23 lokal sutəmizləyici, 180-ə qədər qaz-toztutucu qurğular quraşdırılmışdır.  İldə miqdarı 300 min tondan çox olan 60 adda toksiki sənaye tullantılarından 170 min tonuna qədərinin təkrar istifadə texnologiyaları mənimsənildi .
Su mənbələrinin çirklənmədən mühafizəsi : Xatırladaq ki, hələ Sumqayıt şəhər statusu alanda onun baş planında nəinki sutəmizləyici qurğu, heç iri sənaye müəssisələrində təmizləyici qurğuların quraşdırılması belə nəzərdə tutulmamışdır.Həmin dövrlərdə şəhərin yaşayış sahələrində əmələ gələn çirkab suların hamısı birbaşa dənizə axıdılıdı. Yalnız 1972-ci ildə “Üzvi Sintez” zavodunun nəzdində kimya müəssisələrinin çirkab sularını təmizləmək üçün gücü 146 min.m3/gün olan bioloji təmizləmə qurğusu tikilib istifadəyə verilmişdir. Qurğunun layihəsində şəhərin yaşayış zonasında əmələ gələn 40 min.m3 çirkab suyun gün ərzində qəbul edilib təmizlənməsi nəzərdə tutulmuşdur. Lakin sənaye müəssisələrinin və şəhər əhalisinin sayının artması ilə əlaqədar qurğu hər gün öz gücündən 24 min m3 artıq çirkab suları qəbul etmək məcburiyyətində qaldığından, sonradan həmin qurğu qəzalı vəziyyətə düşmüşdür [5].
Kimya müəssisələrində dünyada qadağan olunmuş bir çox maddələr-DDT, heksaxloran, trixloridlər, mono-xlor sulfat turşusundan istifadə edilirdi. Ən təhlükəli istehsal sahəsi, Lindan istehsalatı yaradılmışdır. Sonradan bu istehsal sahələrinin fəaliyyəti  məcburiyyətdən dayandırıldı. Sulfanol istehsalı ən çətin istehsal texnologiyası olan xlor üsulu ilə aparılırdı. Orta hesabla istehsal olunan sulfanolun 20-30 %-i dənizə axıdılırdı. Mütəxəssislərin dediyinə görə, 1 ton propilen istehsalı zamanı 9 ton zərərli maddə, spirt istehsalı zamanı isə tonlarla  sulfat turşusu dənizə axıdılırdı. Mütəxəssislərin məlumatına görə həmin vaxtda Xəzər dənizinin hər 200 m2 sahəsində 2.5-3 kq bərkimiş neft məhsullarının toplanması mümkün olmuşdur [8].
Sumqayıt şəhərində Sovetlər Birliyindən qalan ekoloji gərginlik yaradan “Acı Dərə” kanalı vaxtilə Sumqayıt şəhəri salınan zaman, 1950-ci illərdə yeraltı və yağış sularının dənizə axıdılması üçün çəkilmişdir. Kanal Ceyranbatan, Saray qəsəbələrinin yaxınlığından başlayaraq “Yaşıl Dərə” ərazisindən şəhərin bir heçə mikrorayon və məhəllələrindən keçərək üstü açıq halda dənizə birləşir. Kanalın bir neçə qolu olmaqla uzunluğu 28 km təşkil edir. Kanala yeraltı suları və kanal ərtafında məşkunlaşmış fərdi yaşayış evlərində formalaşan məişət çirkab suları, o cümlədən, istehsal sahələrinin texniki xidmət məntəqələrinin tullantı suları axıdılır. Kanalın suyu çirkli olduğundan, ətrafa iy-qoxu yayılması müşahidə olunur.“AzərSu” ASC tərəfindən “Sumqayıt şəhərinin perspektiv inkişafı və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə “Acı Dərə”kanalı ətrafında formalaşan tullantı sularının qarşısının  alınması tədbirləri” layihəsi ilə əlaqədar 2017-ci il ərzində kanalın Sülh küçəsi hissəsindən “Azərboru” ASC-nin kanalizasiya kollektoruna qədər 1,8 km, dəniz sahili hissədə isə 286 m. olmaqla diametri 2 min millimetr olan beton boruya salınmışdır. 2-ci mərhələdə isə kanalın digər hissələrinin beton boruya salınması nəzərdə tutulmuşdur. Bu da, kanal ətrafında yaşayan 30 min nəfərin kanalizasiya probleminin həll olunması ilə yanaşı, ekoloji vəziyyətin sağlamlaşması ilə nəticələnəcəkdir.
Son illər Sumqayıt şəhərində su təchizatı və kanalizasiya sisteminin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir. SOCAR “Azərkimya” İB-nin layihə gücü - 2500 m3/gün : (məişət çirkli sular-500 m3/gün, kimyəvi çirkab suları – 200 m3/gün olan “Sənaye və məişət tullantı sularının təmizlənməsi qurğusu” tikilib istifadəyə verilmişdir. Qurğuda “Azərkimya” İB-də formalaşan 200 m3, SOCAR “Polimer”də formalaşan 500 m3çirkab su gündəlik qəbul olunaraq təmizlənir. Məişət çirkab sularının təmizlənməsi üçün “AzərSu” ASC tərəfindən gücü 100 min.m3/gün olan sutəmizləyici qurğu tikilib istifadəyə verilmişdir. 2016-cı ildə Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab suların toplanaraq Sumqayıt  şəhərində  tikilən  “Çirkab  Təmizləyici Qurğular Sexi”nə yönəldilməsi layihəsi” üzrə tikinti işləri başa çatdırılmışdır. Kollektorun uzunluğu 14.5 km-dir. Görülmüş işlərə baxmayaraq, bu sahədə də problemlər mövcuddur. Belə ki, rəsmi statistik məlumatlara əsasən, Sumqayıt şəhərində  il ərzində formalaşan tullantı sularının müəyyən hissəsi təmizlənmədən birbaşa dənizə axıdılır. Bu səbəbdən,  dəniz mühiti  və dəniz sahili ərazilər çirklənir. Aparılan analizlər zamanı həmin mənbələrdən dənizə axıdılan çirkab suların tərkibində çirkləndirici maddələrin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə çox olmuşdur [4]. Sumqayıt şəhərində hal-hazırda Xəzər dənizini çirkləndirən axarlar “Kimyaçılar”, H.Z.Tağıyev qəsəbələri, “Xəzər bağları” yaşayış məntəqələrinin kanalizasiya xətləri,“Acı-Dərə” kanalı, “Azərboru” kollektoru və Sumqayıt-çaydır.Həmin axarların boruya götürülməsi və təmizləyici qurğular sexinə yönəldilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Atmosfer havasının mühafizəsi: Sumqayıt şəhəri Sovet İttifaqının kimya, neft-kimya,metallurgiya sahələrinin mərkəzi kimi formalaşmış  şəhərlərdən biri idi. Şəhər ərazisinin, təqribən 34 %-ni sənaye kompleksləri təşkil edirdi. Vaxtilə şəhərdə zavodlar tam gücü ilə işləyəndə atmosferə atılan çirkləndiricilərin miqdarı il ərzində 100 000 ton olmuşdur [2]. Keçən əsrin  60-80-ci illərində şəhərdə atmosfer havasında bütün zərərli maddələrin orta illik fon qatılığı norma həddindən 10-15 dəfə çox olurdu. İstehsal sahələrindən atmosfer havasına xlor, ammonyak, kükürd qazının buraxılması nəticəsində atmosferdə göy rəngli duman əmələ dəlirdi. Bu isə əhalinin sağlamlığına kəskin dərəcədə mənfi təsir edirdi, əhalinin, əsasən də, uşaqların vaxtsız ölümünə səbəb olurdu. Statistik məlumatlara əsasən, 1992-ci ildə şəhərdə atmosfer havasında xlorun, azot, kükürd, karbon oksidlərinin orta illik qatılığı 1,7-2 dəfə, benzopirenin, hidrogen flüoridin 2-2,4 dəfə yol verilən qatılıq həddindən yüksək olmuşdur [3]. Sumqayıtda fəaliyyət göstərən “Azəralüminium” ASC-nin atmosferin çirklənməsində payı 25-30 %  səviyyəsində olmuşdur, flüorlu  birləşmələrlə atmosferin  çirklənməsində isə zavodun payı 90-95 % təşkil edirdi. Alüminium zavodunda 1 ton metallik  alüminiumun istehsalı zamanı atmosferə 100%-li 20 kq ftor qazı atılırdı [8]. Hələ 1989-cu ildə atmosferi çirkləndirdiyi üçün zavodda elektroliz vannalarının fəaliyyəti Ekologiya təşkilatı tərəfindən dayandırılmışdır. Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi 1992-ci ildə Sumqayıt şəhərini “ekoloji fəlakət zonası” elan etmişdir[2].
Hal-hazırda Sumqayıt şəhərində atmosferin çirklənməsinə başlıca səbəb, bəzən poliqon ərazisində  tullantıların yandırılması, köhnə nəqliyyat vasitələrinin istismarı və sahibkarlara məxsus metaləritmə sahələrindən tüstü və natamam yanma məhsullarının atmosferə atılmasıdır. Ümumiyyətlə, şəhər ərazisində 2023-cü il ərzində atmosferdə çirkləndirici inqredientlərin orta illik fon qatılığı sanitar norma həddini aşmamışdır. Statistik məlumatlara əsasən, 2023-cü il ərzində Sumqayıt şəhərində atmosfer havasına stasionar mənbələrdən 3600 ton, avtonəqliyyat vasitələrindən isə 19500 ton  çirkləndirici maddələr atılmışdır [6]. Son illər şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrinin əksəriyyətində və   iri ictimai iaşə obyektlərində atmosferə atılan zərərli maddələrin tutulması üçün təmizləyici quğuların quraşdırılmasına nail olunmuşdur.
Tullantıların idarə olunması: Sumqayıt şəhərində ən ciddi və uzun müddət həllini tapmayan ekoloji problemlərdən biri, “Səthi  aktiv maddələr” zavodu ərazisində xlor istehsalı zamanı əmələ gələn 200 min tondan çox civəli şlamın açıq duz anbarında uzun müddət saxlanılması və bu səbəbdən ətraf ərazilərin civə ilə çirklənməsinə yol verilməsi idi. Bu problem artıq öz həllini tapmışdır. Tullantılar Sumqayıt  şəhərinin yaxınlığındakı ETSN-nə məxsus təhlükəli tullantılar poliqonuna daşınmış və ekoloji təhlükəsizlik şəraitində basdırılması təmin olunmuşdur. Eyni zamanda, kimya müəsssələrinin ərazilərində üzün illər ərzində yığılıb qalan xlorparafinlər, latekslər, plastifikatorlar, poliqliserin məhsulları da yığılaraq təhlükəli tullantılar poliqonuna daşınmışdır.
Sumqayıt şəhərində uzun müddət həllini gözləyən məsələlərdən biri də “Azərboru” ASC-də  marten sobasında əmələ gələn istehsal tullantısı olan şlakın şəhərin 76-cı məhəllə ərazisində yığılaraq qalması idi. Hazırda  “AzPal” MMC tərəfindən marten şlakının utilizasiya işləri aparılır, bu da şəhərdə ekoloji vəziyyətin sağlamlaşmasına xidmət edir.
      Rəsmi məlumatlara əsasən hazırda Sumqayıt məişət tullantıları  poliqonuna zərərsizləşdirilməsi üçün gün ərzində  Sumqayıt şəhərindən, Abşeron rayonu, Xırdalan şəhəri və kəndlərindən təqribən 2000-2200 kub.metr bərk məişət tullantısı daşınır. Poliqon ərazisində tullantıların utilizasiya işləri aparılmır, yalnız tullantıların torpaqla basdırılması işləri görülür.Poliqonda parakəndə halda əl ilə təkrar emala yarayan plastik, metal, taxta, şüşə və digər tullantılar toplanaraq təkrar emal müəssisələrinə verilir.Poliqon “EKOSUM”MMC-yə 10 il müddətinə icarəyə verilmişdir. Poliqonda müxtəlif tip tullantılar olduğundan təbii proses, həmçinin, kənar şəxslərin poliqon ərazisinə müdaxiləsi nəticəsində ərazidə tez-tez yanma hadisələri baş verirdi, atmosfer havasına mənşəyi məlum olmayan müxtəlif növ zərərli qazlar atılır, spesifik iy-qoxu ətrafa yayılırdı. Son illər şəhər rəhbərliyinin gördüyü tədbirlər nəticəsində poliqon ərazisində tullantıların yanması hallarına nadir hallarda rast gəlinir. Bu məsələ də yaxın zamanlarda öz həllini tapacaqdır. Artıq Nazirlər Kabineti tərəfindən Abşeron rayonunda tullantıların emalı üçün regional tullantı poliqonunun tikintisi üçün 65 ha. torpaq sahəsi ayrılmış və hazırda bu istiqamətdə işlər aparılır.
Torpağın  çirklənmədən mühafizəsi : Sumqayıt şəhərində ekoloji problemlərdən biri də, vaxtilə sənaye müəssisələrindən istehsal tullantılarının hal-hazırda fəaliyyət göstərən məişət tullantıları  poliqonunun ərazisinə və ətrafı torpaq sahəsinə qeyri-mütəşəkkil olaraq atılması və ərazinin çirkləndirilməsidir.Sumqayıt bərk məişət tullantıları poliqonu  ərazisinə tullantıların atılması, təkcə qonşu müəssisələr tərəfindən deyil, bütövlükdə şəhərin sənaye kompleksindəki müəssisələr tərəfindən (müəssisədaxili saxlama şəraiti olmadığından) həyata keçirilmişdir. Tullantıların atılmasında kimya, metallurgiya, energetika müəssisələrinin “xüsusi çəkisi” daha çox olmuşdur. Bildiyiniz kimi,son 15 ildən çoxdur ki, köhnə istehsalatlar istismardan çıxarılmış və onların tullantılarının məişət tullantıları poliqonu ətrafına atılmasının qarşısı alınmışdır. “Sumqayıt Kimya Sənaye Parkı” yaradılarkən ərazidəki çirklənmiş torpaqlarda təmizlənmə və bərpa işləri aparılmışdır. Hal-hazırda Sumqayıt şəhərində çirklənmiş torpaqların təmizlənməsi üçün ETSN tərəfindən çirklənmiş ərazilərin inventarizasiyası aparılmış və yaxın müddətdə xarici şirkət tərəfindən torpaqların təmizlənməsi işlərinə başlanılacaqdır.
Yaşıllığın mühafizə olunması :  Sumqayıt şəhərinin ümumi sahəsi 9495 hektardır. Sumqayıt şəhərinin ümumi yaşıllıq sahəsi isə 1003 ha(qəsəbəsiz) təşkil edir. Hal-hazırda Sumqayıt şəhəri üzrə adambaşına düşən yaşıllıq sahəsi 27,4 m2-dir. Sumqayıt şəhəri layihələndirilən zaman yaşıllıq sahələrinin salınması nəzərdə tutulmuş  məhəllədaxili, küçə və prospektlərdə sanitar mühafizə məqsədli yaşıllıqlar,o cümlədən, şəhərin cənubunda və şimalında xüsusi təyinatlı yaşıllıq zolaqları salınmışdır.Respublikada, o cümlədən, Sumqayıt şəhərində son 15-20 il ərzində bəzən tikinti-quraşdırma işləri üçün torpaq sahəsi ayrılarkən, ərazinin  yaşıllıq təyinatlı olması  nəzərə  alınmamış, nəticədə  yaşıllıq  sahələri tikinti altına verilmiş, bu da bir çox  hallarda  ağacların məhv olması ilə nəticələnmişdir. Bunun qarşısının alınması məqsədilə Ölkə Başçısının müvafiq sərəncamı və göstərişi əsasında respublikada yaşıllığın mühafizə olunması məqsədilə qanunvericilik aktları qəbul olunmuşdur. Hal-hazırda mövcud yaşıllıq sahələrinin uçotu, monitorinqi, inventarizasiyası və kadastrı aparılaraq hər il üçün yaşıllıqların mühafizəsinə dair  Tədbirlər Planı hazırlanaraq yerli ekologiya idarələri ilə razılaşdırılır [6].AR Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə şəhər icra hakimiyyəti tərəfindən qısa müddət ərzində Sumqayıt şəhərində Xəzər dənizi sahili boyunca ümumi sahəsi 106 hektar, uzunluğu 5,2 kilometr olan Bulvar Kompleksi tikilib istifadəyə verilmişdir. Bulvar ərazisində 100 minə qədər ağac, 500 mindən çox müxtəlif dekorativ gül kolu əkilib, 60 min kv.metr sahədə çəmənlik salınmışdır. Dənizkənarı Bulvar Kompleksinin tikilib istifadəyə verilməsi Sumqayıt şəhərində ekoloji durumun sağlamlaşdırılmasına böyük töhvədir. 
        Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamı və bununla  əlaqədar Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyanın 20 fevral 2024-cü il  tarixli 20 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında göstərilən tədbirlərin  icrası ilə əlaqədar olaraq Sumqayıt şəhərində də zəruri tədbirlərlər həyata keçirilməkdədir. Görülən işlər çərçivəsində şəhərdə ağacəkmə kampaniyaları da mütəmadi olaraq təşkil edilir. Bu kampaniyalar, şəhərin yaşıllıq örtüyünün artmasına və ekoloji tarazılığın qorunmasına yönəlib. Son illər ərzində şəhər ərazisində yüz minlərlə ağac əkilmişdir. Bunun nəticəsidir ki, bu gün Sumqayıt  Azərbaycanda adambaşına düşən yaşıllıq sahəsinə görə öndədir.
Lakin görülən tədbirlərə baxmayaraq, yaşıllıqlara aqrotexniki xidmət və onların mühafizəsi işlərində nöqsanlar da mövcuddur. Belə ki, Sumqayıt şəhərində texniki su xəttinin olmaması, yaşıllıqların yay mövsümündə suvarılması işlərinin aparılmasında olan çətinliklər səbəbindən, əsasən ağacların bəzi ərazilərdə quruması hallarına rast gəlinir. Bu sahədə olan çətinliklər də aradan qaldırılır. 
       Sumqayıt şəhərində ekoloji tarazılığın qorunması ilə bağlı mühüm işlər görülmüşdür. Bu işlər arasında yaşıllıq zonalarının salınması, yeni parkların və bulvarların yaradılması dayanır. Bu tədbirlər şəhərin ekoloji vəziyyənin yaxşılaşdırılmasına və sakinlərin daha sağlam bir mühitdə yaşamasına xidmət edir.
Ümumiyyətlə, Sumqayıt şəhərində bir sıra ekoloji tədbirlər həyata keçirilmiş və konkret  nəticələr  əldə edilmişdir,  hazırkı ekoloji  durum əvvəlki  dövrlərlə müqayisədə xeyli sağlamlaşmış, şəhərin ekoloji vəziyyətində dönüş yaradılmışdır. AR Prezidenti cənab İlham Əliyev Sumqayıt şəhərinə səfərlərinin birində  demişdir “Sumqayıt şəhəri sovet vaxtında həmişə ekoloji problemlərlə   dolu   şəhər   kimi   təqdim   edilirdi    və   xarici   mətbuatda   da  ekoloji  cəhətdən çətin şəhərlərin sırasına həmişə Sumqayıtı da salırdılar. Amma bu gün Sumqayıt dünya miqyasında ən ekoloji təmiz şəhərlərdən biridir... İndi Sumqayıtın havası çox təmizdir. Sumqayıtda ekoloji problemlər öz həllini tapıb”.  
Ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması və ekoloji problemlərin həlli istiqamətində aparılan işlər, ekoloji məsələlərə olan tələbkar münasibət yaxın gələcəkdə şəhərdə ekoloji mühitin daha da sağlamlaşacağına təminat verir. 
Ad günün mübarək əziz Sumqayıt.
ƏDƏBİYYAT
1. K.Г.Мамедбеков   Сумгаит.Архитектурно-планировочное развитие. Баку: Элм, 1988. с.5-20  
2. Qərib  Məmmədov, Mahmud Xəlilov. Ekologiya və Ətraf mühit, Bakı-2004, s.96-98
3. Məmməd Salmanov. Tətbiqi ekologiyanın əsasları. Bakı: 1993, s.162-163
4. ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin 05 fevral 2020-ci il tarixli Xəzər dənizinin ekoloji vəziyyəti barədə bülleteni.
5. Salman Camalov. Sumqayıtda sutəmizləyici qurğu varmı? “Məslək” qəzeti, 05.03.1993, s. 4 
 6. Dövlət Statistika Komitəsinin məlumatları. 2019-cu il üzrə
 7. “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.05.2018-ci il  217 saylı Qərarı.
 8. Camal Məmmədov “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı, mövcud problem və   perspektivlər” mövzusunda konfrans. Sumqayıt şəhər İcra hakimiyyəti Sumqayıt-2008, səh. 132-134



Asəf Bayramov, ekoloq
Kimya üzrə fəlsəfə doktoru.

Tarix: 11-11-2024, 11:47 Oxunub: 24


Bölməyə aid digər xəbərlər
28-10-2024, 14:13 Sumqayıt-75