12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
"Vətən mənə oğul desə..."



10 aprel 2025 -ci il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"çərçivəsində "Uşaqların vətənpərvərlik və milli -mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi "mövzusunda Qubadlı şəhər 4 saylı tam orta məktəbdə "Vətən mənə oğul desə..."adlı  tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan məktəbi direktoru Qənirə xanım əvvəlcə qonaqları salamladı, şəhid övladlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra dedi:
-Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək, qoynunda boya- başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır.
Tarixin hansısa səhifəsini vərəqləyib bir xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti  məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Milli mənsubluğuna görə fərqlənən bu keyfiyyət insanın daxili gücünün, qətiyyətinin, bəzən də barışmazlığın, ədalətsizliyə qarşı mübarizliyin nümunəsi, məkanı isə müqəddəs sayılan şəhidlik zirvəsi olur.

Şəhidlik elə bir mötəbər zirvədir ki, hər kəs o zirvədə olmaq istəsə də, yalnız seçilmiş bəndələrə o məqam qismət olur. Xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş hər bir şəhidimizin xatirəsini daim uca tutur. Bu günə qədər Vətən müdafiəçisi qardaşlarımız bu torpağın hər qarışını göz bəbəyi kimi qoruyub, onun uğrunda canını da qurban etməkdən qorxmayıb. Vətən uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarix… Bu igidlər qısa bir ömür yaşadılar, əsl vətən oğlunun şətin məqamlarda edə biləcəyi son borcu şərəflə yerinə yetirdilər. Onlar şəhid oldular-gözlərini qırpmadan, dizləri titrəmədən, əlləri əsmədən, ürəyində qorxu xofu yaranmadan. Onlar bilirdilər ki, arxada Vətən-Azərbaycan yaşayır. Şəhid qanları ilə suvarılan vətənin hər qarışı müqəddəsdir. 
Minlərlə şəhid vermiş yurdumuzun tarixi də şəhidlərimizin qanıyla yazılıb. Özündən sonra şərəfli adını tarixə həkk edən hər bir oğlumuz qəhrəmanlıq ənənələrimizi qorumaqla öz ata-babalarının tarixi qəhrəmanlıq yolunu getmişdir. O tarixi yol ki, uzun və keşməkeşlidir… Azərbaycan əsgəri istər Horadiz əməliyyatında, istərsə də Aprel döyüşlərində düşmənə layiqli cavab verdi. Ədaləti bərqərar edən son döyüşü Qələbə ilə taclandıran Azərbaycan Ordusu tarixin səhifələrini yenilədi.  44 günlük Vətən müharibəsi zamanı ömrünün çiçəklənən dövründə ən yüksək məqama – şəhidlik zirvəsinə yüksələn oğullarımız haqqında nə qədər danışsaq azdır. Çünki bu gün hər birimiz firavan həyat sürürüksə, bu, şəhidlərimizin, qəhrəman oğullarımızın sayəsindədir. Onların hər birinin adı daim qəlbimizdə yaşayacaq. Allah cəmi şəhidlərimizə rəhmət etsin Məzarları nurla dolsun, ruhları şad olsun. Ruhları şad olsun ki, vətənimiz Azərbaycan azaddır, onların sayəsində Müstəqil azərbaycan olduq.

  Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin müavini Xoşqədəm Alıyeva,YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov ,Qubadlı RİH-nin məsul işçiləri,Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Pərvin Rəsulov,Qubadlı RİH -nin qazilərlə və şəhid ailələri ilə iş şöbəsinin müdiri Sənan Həsənov ,şəhid anaları ,qazilər ,Qubadlı rayon Dəmirçilər kənd tam orta və Hal kənd tam orta məktəbin kollektivləri iştirak etmişdir.

Tarix: 15-05-2025, 14:46 Oxunub: 35


Bölməyə aid digər xəbərlər
12-04-2021, 15:30 Allah rəhmət eyləsin!