BU DA BİR ÖMÜRDÜ YAŞADI, GETDİ
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Balakən rayonundan olan şəhidlərdən biri də tələbə Mahmud Tütünçiyevdir.
Bakı Avrasiya Universitetinin tələbəsi olan Mahmud Tütünçiyev evin tək uşağı olub.
-İstirahət məqsədi ilə getdiyi yad torpaq onun qənimi oldu, özü də bilə-bilə şəhid oldu. Bu sözlərlə Mahmudun atası ilə söhbətimizə başlayırıq,- Elə bil Mahmudun ürəyinə dammışdı ki, bu gediş onun son gedişi olacaq. Deyirlər ki, insan bu dünyanı tərk edəcəyini əvvəlcədən hiss edir. Mahmud da şəhid olacağını əvvəlcədən hiss edibmiş. Hətta dost, tanışlarına da deyibmiş ki, bir gün şəhid olacaq, 20 yaşında dünyadan köçəcək. Hətta bunu mənə də dediyi vaxt, gic-gic danışma, müharibəni qələbə ilə sonlandırdıq, sən hara gedəcən ki, şəhid də olasan? Sən demə doğurdan da oğlumun ürəyi hiss edibmiş şəhid olacağını. Getməyini heç istəmirdim. Hətta bir neçə dəfə də dedim ki, gəl biletini yandıraq getmə, lakin razılaşmadı, dedi ki, gedəcəm. Əmisiylə çox gözəl menasibəti vardı. Mənim getmədiyini istəmədiyimi bildiyi üçün əmisinə deyir ki, birdən atam qoymaz mən gəlim, sən ona denən ki, güya məni sən çağırırsan. Əmisi də ona demişdi ki, ayın 25-də yox, 28-də gəl. Mənim işim var, evdə tək qalmayasan deyə deyirəm, 28-də isə boş olacam. Mahmud isə razılaşmamış gəlirəm demişdi. Elə getdi də.
Mahmud özünü sevdirən, böyük-kiçik yeri bilən bir oğul idi. Bəzən onun yoxluğuna inanmaq belə istəmirəm. Elə bilirəm hardadısa, gələcək. Onun yoxluğu bizi demək olar ki, məhv etdi. Anası onu yola saldıqdan sonra mənə dedi ki, Mahmuddan elə gözəl qoxu gəlirdi ki, heç bilmədim bu nəyin qoxusudur. Dedim ki, yəqin ətir vurub. Dedi ki, yox, bu ətir qoxusu deyildi, başqa bir qoxudur. Mahmud o qədər dəyişmişdi ki, son günlərdə, elə bil uşağın üzünə nur gəlmişdi, işıq vardı gözlərində. Doğurdan da şəhidlərin üzündə həmişə nur olarmış. Elə biz də balamızı üzündə nuru ilə yola saldıq, nuru ilə də qarşıladıq.
Mahmud dostları ilə də danışarkən sanki vidalaşırmış kimi danışıb. Dostlarının biriylə həmişə görüşər maşınıyla gəzərmişlər. Elə sonuncu gün də həmin dostuna səs atıb ki, mən gedirəm, daha səndən maşın istəyən olmayacaq.
Mahmud elə bil ömrünün son günlərini yaşayırdı. O qədər dəyişmişdi, elə gözəlləşmişdi ki, baxdıqca baxmaq istəyirdim. Mahmud o qədər düzgün, dürüst övladıydı ki, tayı-bərabəri yox idi. Biz onunla ata-oğul deyil, sanki dost idik. Heyif ondan, bu da bir ömürüydü, yaşadı və getdi. Məzarı nurla dosun. Ümid edirəm ki, o dünyada məni qarşılayan da o olacaqdır.
Mahmudun tələbə yoldaşı və dostu Pərvin Aslanlı dostu haqqında ürək ağrısı ilə danışdı:
- Bir neçə gün əvvəl Mahmud Çeçenistana gedəcəyini mənə demişdi. Bileti də hazır idi. Həmin gün səhər 7 radələrində Hava Limanında görüşdük, onu yola saldım. Qrup yoldaşımdır. Milli Aviasiya Akademiyasında təhsil alırdı, evin tək uşağı idi, arzuları çox idi. Sosial şəbəkələrdə həlak olduğunu öyrəndiyim an elə bil dünya uçdu. Göz yaşlarımı saxlaya bilmədim. İnsan həyatı necə deyərlər, qaşla göz arasında olurmuş. Onun da ölümü qaşla göz arasında oldu. Mahmud Çeçenistana istirahət məqsədilə gedirdi. Arzuları bu dünyaya sığmayan Mahmud hardan biləydi ki, bu gediş onun son gedişi olacaq, arzuları yarımçıq qalacaq?! Həyat dediyimiz bəzən insanı elə yandırır ki, külünü təkcə özün hiss edirsən, tüstün ərşə ucalsa da, onu ancaq yenə də özün görürsən. Mahmudun gedişi də bizi bax beləcə yandırdı. Nə deyim, məzarı nurla dolsun.
Bəli, çox düz deyirlər ki, Şəhidlər ölməzdi, əbədidi. Mahmud da bu dünyada bu gün olmasa da, xatirəsi hər zaman bu dünyada yaşayacaqdır.
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin fərmanı ilə həmin qəzada ölənlərə şəhdi statusu verildi, onların xatirəsi naminə bir gün matəm elan olundu. Şəhidlərimizin adına ehsanlar verildi, dualar oxundu. Mahmudun adına verilən ehsan süfrəsində bir sıra dövlət nümayəndələri, o cümlədən İcra hakimiyyətinin əməkdaşları, Abşeron-Sumqayıt-Xızı regional idarəsinin qazısı Hacı Rauf Sərdarov, Seyid Fərrux və başqaları iştirak etmişdilər. Cəmi şəhidlərimizin ruhu şad olsun.
Bölməyə aid digər xəbərlər