27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik torpaq həsrətinə 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı.
Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir. 30 ilin vətən həsrətinə son qoyan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Azərbaycan xalqı məğrur xalq, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə düşdü. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi. 2016-cı ilin Aprel döyüşləri tarixi Qələbəmizin başlanğıcı oldu. Bu döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. İşğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2020-ci ilin iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı və Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə də layiqli cavablarını aldılar. Tovuz döyüşləri də zəfərimizə təkan verdi.
Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Sentyabrın 27-də Qarabağda başlanan uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.
Ali Baş Komandan İlham Əliyev ərazi bütövlüyümüzün bərpası ilə bağlı vurğulamışdır: "Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var".
Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasını şərtləndirdi. Ermənistan bütün hərbi resurslarını itirdi, döyüşdə uduzduğunu görən düşmən bütün vasitələrə əl atdı. Dinc əhalini atəşə tutdu, gecə vaxtı yatan insanların başına ballistik bombalar yağdırdı. Azərbaycan isə onların cavabını döyüş meydanında verdi. 1992-ci ildə Xocalı soyqırımını törədəndə də düşmənin məqsədi dinc əhalini qırmaqla Azərbaycan xalqının ruhunu sarsıtmaq, onu psixoloji böhrana salmaq idi. Bu dəfə də bu mənfur plan alınmadı, Azərbaycan xalqı öz haqq işi uğrunda sona qədər döyüşdü.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən Dağlıq Qarabağa heç bir xüsusi status verilmədi. BMT-nin Dağlıq Qarabağla əlaqədar verdiyi qətnamələrin həyata keçirilməsi təmin edildi.
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi həm də bütövlükdə bölgə üçün təhlükəyə çevrilən ekoloji fəlakətin qarşısının alınması deməkdir. Belə ki, 30 il ərzində işğal altında saxlanılan torpaqlarımızın yeraltı, yerüstü sərvətləri talan edilib, meşələr kəsilərək satılıb, təbii resurslar qarət olunub, ekoloji fəlakət mühiti yaranıb.
44 günlük Vətən müharibəsində biz bütün dünyaya göstərdik ki, yenilməz xalqıq. İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, müharibə kimin-kim olduğunu ortaya qoydu: “Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir”. Erməni mifi məhv oldu, erməni ordusu darmadağın edilərək qarşımızda diz çökdü. Onlar bir ömür boyu bu rəzalət damğası ilə yaşayacaqlar. Biz isə qürur hissi ilə qalib xalq olaraq yaşayacağıq. Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, ermənilərin törətdiyi soyqırımlar zamanı həlak olan günahsız insanlarımızın qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. Bu qələbəni, zəfəri bizlərə yaşadan Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında şanlı bayrağımızı azad edilmiş torpaqlarımızda dalğalandıran, bu yolda canlarını belə əsirgəməmiş bütün şəhidlərimizi daim dərin ehtiramla yad edirik. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olacaq.
Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətinə son qoyulması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu.
Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində imzaladığı Sərəncama əsasən ölkəmizdə Zəfər Günü bayram günləri sırasına daxil edilmişdir. Bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.
QİYASLI QRUPUN RƏHBƏRİLİ
FƏRHAD MÜƏLLİM
Bölməyə aid digər xəbərlər