12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
“Şanlı Zəfər tariximiz daha güclü, bütöv Azərbaycan doğuracaq


sanli-zefer-tariximiz-daha-guclu-butov-azerbaycan-doguracaq 
Şanlı Zəfər tariximiz daha güclü, bütöv Azərbaycan doğuracaq
Zaman ötdükcə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin miqyası, əzəməti, tarixi önəmi daha aydın şəkildə görünür. Təkcə zamanmı?! Bu gün Ukrayna ilə Rusiya arasındakı müharibə, dünyanın ayrı-ayrı bölgələrində sərhədlərin dəyişdirilməsinə yönəlik cəhdlər, yaranan mürəkkəb durum Azərbaycan Ordusunun Zəfərinin hansı çətinliklər, hansı əzm, iradə, güc hesabına qazanıldığını yenidən göz önünə sərgiləyir.
Azərbaycanın tarixi Zəfəri təkcə erməni faşizmi üzərində qələbə deyil. Bu, haqqın, tarixi ədalətin, ayaqlar altına atılan beynəlxalq hüququn bərpası ilə yanaşı, illərdir başqa dövlətlərin ərazi bütövlüyünü təhdid edən separatizmə, əsrlərdir sürən ekspansionizmə sarsıdıcı zərbə idi. Dəqiq ifadə etsək, 8 Noyabr Zəfəri yalnız Azərbaycanın yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyib. İki il ərzində istər postsovet məkanında, istərsə də digər bölgələrdə yaşanan prosesləri izləmək yetər ki, Azərbaycanın Zəfərinin hansı planları alt-üst etdiyi daha yaxşı dərk olunsun. Və bu tarixi Qələbənin Azərbaycan xalqını daha böyük zəfərlərə daşıyacağının ilkin konturları da görünməkdədir.

Ümummilli lider Heydər Əliyevdən sonra prosesin hansı məcraya yönələcəyi, Azərbaycanın öz hədəflərinə necə çatacağı bir çoxunu düşündürürdu. İlham Əliyevin Prezident seçilməsindən sonra Heydər Əliyev yolunun ən layiqli davamçısı olduğunu öz işi ilə sübuta yetirməsi uzun sürmədi. Güclü Azərbaycan konsepsiyası yeni dövrün çağırışlarına uyğun daha sürətlə gerçəkləşdirilməyə başlanıldı. Ermənilərin, onların havadarlarının Heydər Əliyevdən sonra Azərbaycanın zəifləyəcəyinə olan ümidləri puç oldu. Prezident İlham Əliyev bütün sferalarda inkişafı daha üst mərhələyə daşıdı, güclü ordu quruculuğu bir an olsun, gündəmdən düşmədi. Yürüdülən xarici siyasət Azərbaycanın regional lider kimi mövqeyini daha da möhkəmləndirdi. Nəqliyyat-logistik, həmçinin yeni enerji layihələri dövlətimizin təhlükəsizliyinə daha ciddi zəmanət yaratdı.
İlham Əliyevin xarici televiziyalara verdiyi müsahibələri hamı yaxşı xatırlayır. Ali Baş Komandan Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiəsindən bir addım belə geri durmadı, dünyada mövcud olan ikili standartları, riyakarlığı elə bu siyasəti icra edən ölkələrin televiziyalarına müsahibəsində ifşa edir, Ermənistanın onilliklərlə beynəlxalq ictimaiyyəti zəhərləyən təbliğatını iflasa uğradır, həm münaqişə, həm də müharibə haqqında həqiqətləri çatdırır, kimin işğalçı, kimin isə işğala məruz qalan tərəf olduğunu faktlarla sübuta yetirirdi. Bu dipolomatik savaş beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısını müvəffəqiyyətlə almaqla, cəbhədə tarixi qələbəyə imkan verdi. Düşünülmüş addımların, prinsipiallığın, qətiyyətin, öz xalqına, Vətəninə bağlılığın nəticəsi özünü 44 günün hər dəqiqəsində, hər saatında göstərirdi.
Nəticə o oldu ki, 30 il bir kəndin, kiçik bir təpənin, yüksəkliyin alınmasına qələbə kimi yanaşmağa alışan xalq 44 günə Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun, Cəbrayılın, Şuşanın düşmən tapdağından xilas olmasının sevincini yaşadı. Təslim olan düşmənin geri verdiyi Kəlbəcərin, Ağdamın, Laçının azadlıq qürurunu yaşadı. 8 noyabr tarixi-Şuşa əməliyyatı isə əsl hərbi ustalıq və qəhrəmanlıq nümunəsi, düşmənin son müqavimətinin sındırılması və onun təslimi ilə tarixə həkk edildi. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni təslimçilik aktına imza atmağa məcbur etdi...
Ukraynada baş verənlər hadisələr, Azərbaycan hakimiyyətinin 44 günlük Vətən müharibəsi zamanı doğru və düşünülmüş siyasət həyata keçirdiyini, doğru qərarlar verdiyini də bir daha təsdiqlədi. Azərbaycanın qələbəsinin dünya tərəfindən tanınmasına da nail olduq. İş ondadır ki, qələbənin tanıdılması onun qazanılması qədər çətin bir prosesdir və Prezident bu mərhələni də uğurla gerçəkləşdirdi. Uzaq və yaxın tarixə nəzər salsaq, onlarla nümunə göstərmək olar ki, bir çox dövlətlər hərbdə qazandıqları qələbəni siyasi müstəvidə tanıtdırmağa nail ola bilməyiblər. Vətən müharibəsindən sonra Ermənistanla imzalanan bəyanatlarda, ayrı-ayrı nüfuzlu qurumların sənədlərində Qarabağ münaqişəsi ifadəsinin yer almaması, Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə əks olunması ölkəmizin cəbhədəki uğurunu tamamlayan ən böyük diplomatik uğurdur. Azərbaycan Türkiyə ilə müttəfiqliyini Şuşa Bəyannaməsi ilə rəsmiləşdirməklə özünün təhlükəsizliyini daha da etibarlı müstəvi üzərinə gətirdi. Bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər quran Azərbaycan dövləti qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırmaqla ölkəmizin bərpa olunan ərazi bütövlüyünü tanıtdırdı. Ölkəmiz bu gün və gələcəkdə baş verəcək mümkün geosiyasi kataklizmlərdən sığortalandı.
Beləliklə, artıq iki ildir, verdiyi şəhidlərinin, günahsız qurbanlarının, faşist düşmənin törətdiyi cinayətlərin qisasını alan Azərbaycan xalqı qalib millət kimi yaşayır. Dünya hərb tarixində yeni səhifə açan Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının dünya tərəfindən öyrənilməsi danılmaz faktdır.
Regionda sülhün, təhlükəsizliyin və inkişafın qarantına çevrilən, daha da qüdrətlənən Azərbaycan son iki ildə Ermənistanın baş qaldırmaq istəyən revanşist ünsürlərinin planlarını beşiyindəcə boğub və onların qarşısında Azərbaycanın dəmir yumruğunun dayandığını bir daha sübuta yetirib.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan sürətli quruculuq işləri, bir il ərzində iki beynəlxalq hava limanının istifadəyə verilməsi, eyni zamanda üçüncü hava limanının inşasının sürətlə davam etməsi, yolların, tunellərin inşası, bir qisminin istifadəyə verilməsi, Ağalı kəndinin timsalında Böyük Qayıdışın start götürməsi və s. Azərbaycanın iqtisadi gücünün, qüdrətinin əyani təzahürüdür. Azərbaycan bütün bu layihələri, Qarabağı, Şərqi Zəngəziru cənnətə çevirən prosesi yeni-yeni nümunələr yaratmaqla təkbaşına, heç bir qurumdan maliyyə yardımı almadan icra etməkdədir. Müharibədən çıxmış bir ölkənin qüdrətini bundan aydın göstərən nümunə tapmaq mümkündürmü?!
Azərbaycanın yaxın dövrdə yeni zəfərlərə imza atacağı, tarixin yeni şanlı səhifələrini yazacağı heç kimdə şübhə doğurmur. Bu əminliyi dövlətə İlham Əliyev kimi Liderin rəhbərlik etməsi yaradıb. Güclü ordu quran, uğurlu beynəlxalq siyasət yürüdən İlham Əliyev tarixi şəxsiyyət kimi bütövlükdə dünya hərb tarixində öz layiqli yerini tutub. Bu gün ayrı-ayrı ölkələrdə baş verən və uzanan hərbi toqquşmalar Prezident İlham Əliyevin necə bir güclü siyasətçi və sərkərdə olduğunu bir daha ortaya qoyur.
Çünki Azərbaycan Zəfəri təkbaşına, öz qəhrəman övladlarının qanı, canı hesabına qazandı. Başqa ölkələrə dəstək verən NATO, Qərb Azərbaycanın yanında durmadı. Yalnız xalqının inamına, qurduğu ordunun gücünə güvənən İlham Əliyev Ordumuzun şanlı tarix yazması, alnımızdakı qara ləkəni təmizləməsi üçün nə mümkündürsə etdi. Zəfər tarixinin müəllifi ODUR və bu tarix daha güclü, bütöv Azərbaycan doğuracaq!


Mətanət Pirquliyeva,
Sumqayıt texniki Kollecin rəhbəri

Tarix: 4-11-2024, 11:34 Oxunub: 62


Bölməyə aid digər xəbərlər
9-02-2024, 09:02 Əbədi liderimiz