09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Azərbaycanda qiymətləndirmə ilə bağlı yeni qanunun qəbulu sektora necə təsir edəcək? - FOTO

Azərbaycanda qiymətləndirmə ilə bağlı yeni qanunun qəbulu sektora necə təsir edəcək? - FOTO



Azərbaycanda “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi sabah Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirə olunacaq. Qanunun qiymətləndiricilərin statusuna aydınlıq gətirəcəyi, qiymətləndiricilərin özünütənzimləmə mexanizminin və inzibati təsir rıçaqlarının formalaşmasına səbəb olacağı, eyni zamanda qiymətləndiricilərin reyestrini həyata keçirməyə imkan yaradacağı bildirilir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlamasında yeni qanunun bu sahədə nəyi dəyişəcəyinə toxunub:
“Mövcud qanun layihəsi 25 il öncə qəbul olunub və yenilənmələrə ehtiyac var. Azərbaycan Qiymətləndiricilər Palatasının da formalaşdırılması təqdirəlayiqdir. Baxmayaraq ki, ötən dövr ərzində AQC aktiv fəaliyyət göstərib və ölkədə qiymətləndiricilərin yeganə kollektiv təşkilatı olub, inzibati təsir rıçaqlarının olmaması qarşıda duran əsas maneələrdən olub.
Ümid edirik ki, yeni qanun layihəsi və yeni yaranacaq Palata Azərbaycanda qiymətləndiricilərin qarşılıqlı və koordinasiyalı fəaliyyətinin təşkilində, bu sahədə şəffaflığın təmin olunmasında, peşəkar qiymətləndiricilərin yetişməsində xüsusi rol oynayacaq. Bu, qiymətləndiricilərin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır və AQC olaraq biz də bu prosesdə fəal iştirak etmək niyyətindəyik. Ümidvarıq ki, 25 il mövcud olmuş qiymətləndirmə mexanizminin hüquqi varisliyi məsələsi də diqqətdən kənarda qalmayacaq. Bu gün cəmiyyətdə 60 peşəkar qiymətləndirmə şirkəti təmsil olunur ki, onlar yüzlərlə qiymətləndiricinin mövqeyini ifadə edirlər”.
O bildirib ki, yeni qanun layihəsində kifayət qədər mütərəqqi məqamlar olsa da, müəyyən dəyişikliklərə də ehtiyac var:
“Qiymətləndirmə fəaliyyətinin məzmunun müəyyən edilməsi və tənzimlənməsi, qiymətləndiricilərin müstəqilliyinin təmin edilməsi, qiymətləndirmə fəaliyyətinin tənzimlənməsinin mexanizmlərinin, beynəlxalq standartların tanınması və tətbiqi, əmlakın dəyəri üzrə məlumat bazasının yaradılması, müstəqil qiymətləndiricilərin həmin bazalara daxil olmasına şərait yaradılması, müvafiq sertifikatların sayının mimimuma endirilməsi, qiymətləndirməni tənzimləyən və təşkil edən Palatanın fəaliyyət dairəsinin sahəsini tam əhatə etməsi, qiymətləndirici şirkətlərin inklüziv yanaşma əsasında inkişafının təmini və digər təkliflərimizi həm layihənin ideya müəllifi olan İqtisadiyyat Nazirliyinə, həm də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə təqdim etmişik.
Qarşıda duran əsas məsələ yeni qanunun qiymətləndiricilərin təkliflərini nəzərə alaraq qəbul etmək və qanunun işlək mexanizmlərinin yaradılmasına nail olmaqdır. Əminik ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun Azərbaycanda qiymətləndirmə sektorunun tərəqqisinə gətirib çıxaracaq”.
V. Oruc vurğulayıb ki, AQC Qiymətləndiricilər Palatası yaradılandan sonra da fəaliyyətini davam etdirəcək: “Cəmiyyətimiz Azərbaycan Qiymətləndiricilər Palatasının fəaliyyətində aparıcı rol oynamağa çalışacaq. Qiymətləndirmə sahəsində qarşılaşdığımız problemlərin həllində yaxından iştirak edərək, onların aradan qaldırılmasına töhfəmizi verəcəyik. Yəni, fəaliyyətimiz bundan sonra davam edəcək. Hesab edirik ki, Azərbaycan Qiymətləndiricilər Palatasının fəaliyyətə başlaması AQC-nin fəaliyyətinin zəifləməsinə yox, daha da inkişafına rəvac verəcək”.

Tarix: 29-10-2023, 08:26 Oxunub: 78


Bölməyə aid digər xəbərlər
24-10-2023, 07:18 yeni qanunun
21-04-2021, 09:00 MARAQLIDI