10:12 / 12-01-2025
Mülkləri yanğında kül oldu
Xəzərin sahilində

Xəzər sahilində qlobal iqtisadi məkan

 





 
Azərbaycanda ölkənin güclü iqtisadi potensialı və geniş maliyyə imkanları nəzərə alınmaqla müasir çağırışlar əsasında məqsədyönlü siyasət həyata keçirilir. Son 20 ildə bütün dünya üzrə Azərbaycan qədər öz iqtisadiyyatını dinamik şəkildə genişləndirən ikinci bir ölkə olmayıb. Respublikamızda dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin olunub. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ardıcıl şəkildə reallaşdırılan islahatlar respublikamızda biznes mühitinin optimallaşdırılması, investisiya cəlbediciliyinin artırılması üçün geniş imkanlar açır. Aparılan siyasətin əsas hədəfi isə Azərbaycanı beynəlxalq səviyyədə dayanıqlı, rəqabətədavamlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə nail olmaqdır. Ələtdə iqtisadi Zonanın yaradılması da məhz bu məqsədə xidmət edir. İyunun 9-da Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimi baş tutub.
Yer seçimində regional inkişaf amili
İndiyədək dünyada minlərlə azad iqtisadi zona yaradılıb. Ancaq müxtəlif amillər üzündən həmin azad iqtisadi zonaların funksionallığını təmin etmək mümkün olmayıb. Burada, əlbəttə ki, coğrafi yerləşmə, infrastruktur təminatı, ölkənin iqtisadi potensialı, kommunikasiyalar, əmək resursları kimi amillər mühüm rol oynayır.
Azərbaycan Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılmasında dünyanın ayrı-ayrı ölkələrindəki oxşar qurumların müsbət təcrübəsindən bəhrələnməklə yeni yanaşma nümayiş etdirir. Azad iqtisadi zona üçün yer seçimində ölkəmizin regional inkişaf strategiyası əsas amillərdən biri kimi nəzərə alınıb. Məlumdur ki, Azərbaycanda bölgələrin tarazlı inkişafına ciddi diqqət göstərilir. Məqsəd ona yönəlib ki, iri istehsal və xidmət müəssisələri yalnız paytaxtda və yaxud iri şəhərlərdə təmərküzləşməsin, eyni zamanda regionlar da iqtisadi güc amili qismində çıxış etsinlər. Bu baxımdan, azad iqtisadi zonanın Ələt qəsəbəsində yaradılması çox uğurlu seçimdir. İqtisadi zonada yaradılacaq istehsal və paylama şəbəkəsində yerli əhalinin məşğulluğunun təmin olunması üçün yeni imkanlar yaranacaq. Paralel şəkildə, xidmət şəbəkəsi genişlənəcək, bir sıra əlaqəli sahələr də inkişaf edəcək, quruculuq-abadlıq işlərinə diqqət artacaq. Prezident İlham Əliyev 14 may 2018-ci il tarixində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışından sonra limanın əməkdaşları və inşaat şirkətlərinin nümayəndələri ilə görüşdəki çıxışında limanın tikintisi və azad iqtisadi zonanın yaradılması üçün Ələt qəsəbəsinin seçilməsinin təsadüfi olmadığını nəzərə çatdıraraq bildirib: “Ələtin seçilməsi də təsadüfi deyildi. Çünki mövcud Bakı Dəniz Limanı bizim tələbatımıza artıq uyğun deyil, şəhərin mərkəzində yerləşir və artan yükləri qəbul etmək imkanları çox məhduddur. Ələt isə coğrafi baxımdan çox əlverişli bir yerdir və həm Qərb, həm Cənub istiqamətinə buradan açılan yollar, o cümlədən avtomobil, dəmir yolları əlbəttə ki, bu yerin seçilməsində əsas rol oynamışdır. Əlbəttə ki, Ələt qəsəbəsinin də inkişafı böyük dərəcədə burada yaradılan logistika və nəqliyyat infrastrukturu ilə bağlı olacaq. Əlavə etsək ki, biz yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının yaradılmasına başlayacağıq, deməyə tam əsas var ki, Bakı şəhərinin bu ərazisi gələcəkdə çox sürətlə inkişaf edəcək, çoxsaylı iş yerləri yaradılacaq. Beləliklə, Ələt ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında əlbəttə ki, önəmli yer tutacaqdır”.
Müasir nəqliyyat infrastrukturu, mükəmməl qanunvericilik bazası
Azərbaycanın son illərdə Avrasiyanın mühüm nəqliyyat habına çevrilməsi Ələtdə yaradılan Azad İqtisadi Zonanın cəlbediciliyini artıran çox mühüm amildir. Ölkə ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə yaradılan müasir infrastruktur açıq dənizə çıxışı olmayan Azərbaycanın regionda mühüm tranzit ölkəyə çevrilməsini təmin edib. Bu gün ayrı-ayrı ölkələr və şirkətlər Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolundan və respublikamızda qeyd olunan marşrutlar üzrə yaradılan yüksək səviyyəli infrastrukturdan bəhrələnərək öz yüklərinin Avropadan Asiyaya, eləcə də əks istiqamətə məhz respublikamızın üzərindən daşınmasına üstünlük verirlər. Deyə bilərik ki, ölkəmiz reallaşdırdığı layihələr sayəsində Avrasiya coğrafiyasının nəqliyyat xəritəsini dəyişib. Azərbaycandan keçən nəqliyyat marşrutları ilk növbədə səmərəliliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən diqqəti cəlb edir. Ölkəmizin ərazisində həmçinin  Çin və Qazaxıstan sərhədlərindən başlayaraq Avropayadək uzanan Orta Dəhliz inkişaf etdirilir. Gələcəkdə bu marşruta Zəngəzur dəhlizi də inteqrasiya ediləcək. Bununla da məsafə daha da qısalacaq. Ölkə ərazisində investorların müasir infrastrukturla, müxtəlif dəhlizlərə çıxış imkanlarının olması Ələt İqtisadi Zonasına böyük üstünlüklər qazandırır.
Ələt İqtisadi Zonasının investorlar üçün cəlb?diciliyi həm də mükəmməl qanunvericilik bazası ilə şərtlənir. Qeyd edək ki, Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılmasına hələ bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə start verilib. Dövlət başçısı 17 mart 2016-cı il tarixində “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sonrakı mərhələdə bəhs olunan azad iqtisadi zonanın yaradılmasının hüquqi əsaslarını təmin etmək üçün daha bir neçə önəmli sənəd qüvvəyə minib, həmçinin Milli Məclisdə “Ələt Azad İqtisadi Zonası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub. Prezident İlham Əliyevin 25 noyabr 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla isə Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumu yaradılıb. Sənəddə qeyd olunduğu kimi, Azad Zonanın müvəqqəti idarəetmə qurumu “Ələt Azad İqtisadi Zonası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azad Zonanın fəaliyyətinə məsul olan, Azad Zonada tənzimləməni və nəzarəti həyata keçirən inzibati qurumdur.
İnvestorlar üçün əlverişli fəaliyyət mühiti
Ələt Azad İqtisadi Zonası investorlar üçün hər cəhətdən əlverişli fəaliyyət meydanı olacaq. Qısa müddətdə burada böyük iş həcmi yerinə yetirilib. Açılış mərasimində bildirildiyi kimi, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.
Eyni zamanda, Ələt Azad İqtisadi Zonasında Biznes Mərkəzi yaradılıb. Ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb.
Növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.
Azad İqtisadi Zonada investorlar üçün aşağıdakı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir:
- İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar;
- Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur;
- Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur;
- Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır;
- Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur;
- Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur;
- Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur;
- İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir;
- Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.
Gözlənilən dviden?lər
Hər bir layihə iqtisadi səmərəliliyi ilə önəmlidir. Ələtdə yaradılan azad iqtisadi zonanın da ölkəmizə böyük iqtisadi və siyasi dvidentlər gətirəcəyi gözlənilir. Onlardan bir neçəsini sadalamaq istərdik:
- Azad iqtisadi zona ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək.  Bununla da Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyəti daha da artacaq,
- Fəaliyyətin genişlənməsi ilə dövlət gəlirləri və büdcəyə daxil olan vəsaitlər artacaq,
- Respublikamıza müxtəlif mənbələrdən investisiya qoyuluşu artacaq,
- Ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək,
- Bölgədə iqtisadi aktivlik təmin olunacaq,
- Yerli istehsalın təşviqinə yeni imkanlar açılacaq,
- Azad iqtisadi zona “Made in Azerbaijan“ brendinin dünya üzrə tanınmasında mühüm rol oynayacaq.






Mahir Hümbətov,
Yeniazerbaycanhəyatı.com informasiya portalının rəhbəri

Tarix: 14-06-2023, 18:13 Oxunub: 60


Bölməyə aid digər xəbərlər
14-06-2023, 18:23 Uğurlarınız bol olsun!
21-04-2021, 09:00 MARAQLIDI