Belarusda son seçkilərdən sonra başlayan etiraz aksiyaları hələ də davam edir. Bir çox ölkənin lideri Aleksandr Lukaşenkonun yenidən prezident seçilməsi münasibətilə təbrik etdi. Baş verənlər Belarusun daxili məsələsidir, hərçənd ki, etirazların xaricdən idarə olunduğu heç kəsə sirr deyil.
Ən diqqət çəkən məqam Azərbaycanda Belarus hadisələri üzərindən aparılan təbliğat və bir çox hallarda məsələnin yanlış formada təqdim edilməsidir. Belə cəhdlər etiraz dalğasının Azərbaycana da köçürülməsi istəklərindən qaynaqlanır.
Xüsusilə özlərini neytral mövqeyli göstərməyə çalışan müxalifyönümlü bəzi şəxslər sosial şəbəkələrdə Azərbaycanla Belarus arasında gülünc müqayisələr aparırlar, Belarusda baş verən hadisələrin güya Azərbaycanda da təkrarlanacağı barədə proqnozlar verirlər.
Əvvəlcə Belarusdakı vəziyyətin gerçək tərəfini anlamaq lazımdır.
Bu ölkə kifayət qədər dayanıqlı və rentabelli inkişaf edən iqtisadiyyata malikdir, Belarusda əhalinin sosial vəziyyəti kifayət qədər yüksəkdir, orta aylıq əmək haqqı təqribən 700 dollar təşkil edir və əhalinin sosial vəziyyət Avropa İttifaqı ölkələri səviyyəsinə çatıb.
Eyni zamanda, Belarus müdafiə sənayesi, kənd təsərrüfatı sahəsində ixtisaslaşan və tanınan məhsul istehsal edib dünyaya satan qabaqcıl dövlətlərdən biridir. Bu gün Belarusun kənd təsərrüfatı məhsulları dünyada öz keyfiyyəti ilə brend olaraq tanınır.
Əslində bu ölkədə etirazlar sosial problemlərlə bağlı deyil, indiyə qədər əhalinin belə etirazları da olmayıb.
Etirazların bir neçə səbəbləri var. Başlıca səbəblərdən biri Avropanın göbəyində yerləşən Belarus əhalisinin Qərb həyat tərzinə can atması və xarici dairələrinin təsiri ilə Qərbə inteqrasiya istəyinin alovlandırılmasıdır. Çünki əhalinin dəyərləri və mentaliteti də Avropaya yaxındır. Rəsmi Minsk isə daha çox Şərq ittifaqlarında yer alır və Moskva ilə sıx münasibətlərə malikdir.
Belarusda əsas problem idarəetmə sisteminin zəif və köhnəlmiş olmasıdır. Ötən 30 il ərzində bu ölkədə eyni idarəetmə sistemi davam edir, dövrün tələblərinə uyğun heç bir siyasi islahat aparılmır.
Hadisələrin inkişafına təsir edən səbəblərdən biri də proseslərə xaricdən təsirlərin olmasıdır.
Ekspertklər Aleksandr Lukaşenkonun ən böyük səhvinin inkişaf etməkdə olan ökkələrdə olduğu kimi, bütün sferalarda davamlı islahatların aparılmaması olduğunu vurğulayırlar. Əslində Lukaşenko Belarusu sosial-iqtisadi cəhətdən tam təmin etmişdi, lakin bu hər şey demək deyil və yenilənməmək belə mənzərələrin ortaya çıxmasına səbəb olur.
Bu mənzərə fonunda iddia edildiyi kimi Belarus Azərbaycan üçün yox, Azərbaycan Belarus üçün əsas nümunədir. Çünki sosial-iqtisadi cəhətdən təminatın yüksək olduğu və davamlı olaraq yaxşılaşdırıldığı Azərbaycanda yenilənməyə hesablanmış islahatlar prioritet istiqamətdir.
Prezident İlham Əliyevin uzaqgörənliyi ondadır ki, o, yeni dövrün tələb və çağırışlarına uyğun olaraq zamanında lazımı addımlar ata bilir, zaman-zaman idarəetmə sistemində tələb olunan islahatları həyata keçirir, yeni idarəetmə forması və metodlarını tətbiq edir, idarəçilikdə gəncləşmə siyasəti aparır, intelektual biliyi zəngin olan gəncləri yüksək vəzifələrə təyin etməklə bu sahədə xalqın ürəyincə olan addımlar atır. Bütövlükdə bu addımlar Azərbaycanın dövlət idarəçiliyi sistemində yenilənməni təmin edir.
2018-ci il prezident seçkilərindən sonra dövlət başçısının bütün sferalarda – sosial-iqtisadi, idarəetmə, siyasi və digər sahələrdə həyata keçirdiyi islahatlar məhz buna hesablanıb. Sosial-iqtisadi cəhətdən dövlət tərəfindən təmin olunan Azərbaycan vətəndaşı eyni zamanda yenilənməni də müşahidə edir. Bu baxımdan, Azərbaycanda vətəndaşları istənilən məsələnin həlli üçün küçələrə yox, dövlət orqanlarına çıxırlar. Əhalinin böyük əksəriyyəti Prezidentin apardığı islahatları dəstəkləyir və onu uğurlu sayır. Bu, müstəqil sorğu şirkətlərinin araşdırmalarında da öz əksini tapıb.
Bu gün Belarusu Azərbaycan üçün nümunə hesab edənlər, yaxud buna cəhd edənləri isə düşündürən xalqın maraqları yox, şəxsi siyasi ambisiyalarıdır. Ona görə də Azərbaycan xalqı həmin qüvvələrin cəlbedici əfsanələrinə qətiyyən inanmır, onları mütləq şəkildə rədd edir...
Vaqif Hüseynli
Demokrat.az
Bölməyə aid digər xəbərlər