09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Su təmizlik mənbəyidir

SU HƏYATDIR

             Su təmizlik mənbəyidir       Bu həyat mənbəyinin qədrini bilirikmi?

   Yaxşı adam həyatını axan su nümunəsində olduğu kimi təqib edərək formalaşdırır. Su ayrı-seçkilik etmədən bütün varlıqlara eyni həyat verir; su daim alçaq yerlərdə tapılar, heç kim onu yüksək yerlərdə axtarmaz. Ona görə də suyun rolu ruhi rahatlığı təmin etmək yolunda bir nümunə təşkil etməkdədir.
Su həyat mənbəyidir. Suyun bu müqəddəs missiyası xalq yaradıcılığında, klassiklərimizin əsərlərində, dini ayələrdə də özünü büruzə verir. "Kitabi Dədə Qorqud" dastanında Qazan xan deyirdi: "Su haqq didarını görmüşdür, qoy yurdumu sudan xəbər alım".
Bu gün xalq arasında işlənən "Su qədər ömrün olsun" ifadəsi təmiz, sağlam, uzun ömrə işarədir.
Sürətlə inkişaf edən texniki proseslər, sənaye tullantılarının nəinki yerüstü, həm də yeraltı su mənbələrini çirklənməyə məruz qoyduğu bir zamanda bu deyimlərin əhəmiyyətini daha aydın başa düşürük. Doğrudan da, su həyatın özüdür.
Müsahibim Sumqayıt Su kanalı idarəsinin rəisi Xalid Quliyevdir. Onunla söhbətimizə də elə prezidentimizin verdiyi sərəncamla başlayıram:

-Bəli, Prezident İlham Əliyev 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb. Sudan istifadədə itkilərin yüksək olması, sudan optimal bölgü əsasında və qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, nəzarət sisteminin zəifliyi kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi bu komissiyaya tapşırılıb.
“Sumqayıt Sukanal” idarəsi 2021-ci ildə 117301 abonentə xidmət göstərmişdir ki, bundan 112614 abonent əhali, 4687 abonent qeyri-əhali kateqoriyasına aiddir. Hal-hazırda əhali üzrə 100974 abonent və ya 89,7 faiz sayğacla təmin olunmuşdur.
“Sumqayıt Sukanal” İdarəsinin öz imkanları ilə məhəllədaxili su şəbəkələrində 2733,8 pm su xətti təmir edilmiş, 2626 pm su xətti isə yenisi ilə əvəz edilmişdir.
2021-ci il ərzində 102 binanın zirzəmi su xəttində təmir işləri aparılmış və həmin zirzəmilərdə dəyişdirilmiş və təmir olunmuş su xətlərinin uzunluğu 541,3 pm təşkil edir.
Ötən il ərzində 178 binanın zirzəmi kanalizasiya xəttində 2332,5 pm, məhəllədaxili və həyət kanalizasiya şəbəkəsində isə 1773,7 pm müxtəlif diametrli boru dəyişdirilmişdir. Fekal kanalizasiya şəbəkəsində 2648 kanalizasiya quyusu və 51856 pm kanalizasiya xətti maşınla yuyulmuş, 3578 quyu mexaniki üsulla təmizlənmiş, 35 ədəd quyu təmir olunmuş, 57 ədəd yeni lyuk-qapaq dəsti quraşdırılmışdır. Yağış kanalizasiya şəbəkəsində 100 ədəd yağış quyusu, 245 ədəd yağış barmaqlığı, 6680 pm xətt maşınla yuyulmuş, 2175 barmaqlıq, 238 ədəd quyu mexaniki üsulla təmizlənmiş, 72 ədəd barmaqlıq təmir edilmişdir.
Sumqayıt şəhərinin bəzi ərazilərindən keçən “Acı dərə” kanalı şəhərin ekologiyasına mənfi təsir göstərir, intensiv yağışlar zamanı daşaraq ətraf əraziləri çirkab sularla çirkləndirirdi. Bu problemin aradan qaldırılması məqsədilə şəhər rəhbərliyi və “Azərsu” ASC-nin təşəbbüsü ilə görüləcək işlərin layihə sənədləri hazırlanmış və qısa zamanda tikinti-quraşdırma işlərinə start verilmişdir. Belə ki, adıçəkilən açıq kanalın iri diametrli dəmir-beton borulara alınması işi podratçı təşkilat “Archiko” MMC tərəfindən həyata keçirilməyə başlanmışdır. İlkin mərhələdə şəhərin Sülh küçəsi, ”Lukoyl” YDM-in yanından Kamran Hüseynov küçəsinin kəsişməsinə qədər olan 1550 pm, S.Vurğun küçəsindən dəniz kənarına kimi 650 pm,ümumilikdə 2200 pm kanalizasiya kollektoru çəkilərək istifadəyə verilmişdir. İkinci mərhələdə Sülh küçəsindən “Əşya bazarı”adlanan əraziyə qədər olan hissədə 876 pm D=1200 mm, “Əşya bazarı”ndan Kotej qəsəbəsi,S.Vurğun küçəsinə qədər 1761 pm D=1400 pm, S.Vurğun küçəsi, “Xəzər” bağları yaşayış massivindən dənizə qədər olan hissədə isə 910 pm D=1600mm dəmir-beton borular çəkilmiş, 125 pm 2x1m ölçüdə beton qutular quraşdırılmışdır. Hal-hazırda tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.
Bundan əlavə şəhər ərazisində kanalizasiya kollektorunun qəzalı vəziyyətdə olan hissələrinin yenidən qurulması, məhəllədaxili kanalizasiya xətlərində və binaların zirzəmilərində təmir-bərpa işləri mərhələli şəkildə həyata keçirilir. Belə ki, şəhər ərazisində yaranan məişət-tullantı sularının 70%-dən çoxunu fekal kanalizasiya nasos stansiyasına nəql edən d1000mm kanalizasiya kollektorunun 9-cu mikrorayon “Lyudviqsxafen” parkında, 39-cu məhəllədə yerləşən nasos stansiyasına qədər 1200 pm istismara yararsız hissəsi dəyişdirilərək yenidən qurulmuşdur. Hal-hazırda həmin layihənin davamı olaraq “Lyudviqsxafen”parkından “Aygun” mərasim evinədək olan 350 pm hissəsində tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.
Su həyat mənbəyidir. Bu fikir suyun həyatımızda rolunu, ümumiyyətlə həyatımızın sudan ibarət olduğunu tam şəkildə ifadə edir. Elmdən bizə məlumdur ki, insan bədəninin 80 %-ni, yer kurəsinin 2/3 hissəsini su təşkil edir. Hər addımımızda, hər alıb-verdiyimiz nəfəsdə suyun iştirakı var. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də su qəbul etmək lazım gəlir. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil. Təbiəti susuz təsəvvür etmək də mümkün deyil. Elə bu baxımdandır ki, su haqqında olan bütün fikirlər, su haqqında olan bütün elmlər çox maraqlı və ecazkardır. Əslində isə su həyat mənbəyi deyil, elə həyat suyun özü deməkdir, su olan məkanda mütləq həyat olacaq.

Tahirə Həbliyeva 

Tarix: 9-01-2022, 10:00 Oxunub: 65


Bölməyə aid digər xəbərlər
4-07-2021, 10:00 Şair Aqşin Dadaşoğlu
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80
7-03-2021, 22:45 Təbrik edirəm!