"Ölkəmizdə mart ayının əvvəllərindən başlayaraq koronavirus pandemiyası ilə çoxşaxəli mübarizə aparılır. Çox təəssüflər olsun ki, son zamanlar ölkəmizdə vətəndaşlara koronavirus testlərinin nəticələrinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilsə də, onlara laborator nəticələr təqdim edilsə də, qaydaları ciddi şəkildə pozurlar. Vətəndaşlarımız ya müalicə almaqdan imtina edirlər, ya da ki, karantin qaydalarına məhəl qoymayaraq şəhərə çıxırlar. Təbii ki, bu da COVİD-19 infeksiyasının ciddi şəkildə yayılmasına səbəb olur.
Bu da qanunvericilik baxımından ciddi qayda pozuntusu hesab olunur. Düzdür, ölkəmizdə koronavirusla mübarizədə nəzarət və cərimə mexanizmi ciddi tətbiq edildi. Amma görünən mənzərə onu deməyə əsas verir ki, Azərbaycan hökumətinin cəza siyasətindəki humanist mövqeyinin nəticəsidir ki, bu gün insanlar bu qədər məsuliyyətsiz davranış nümayiş etdirirlər".
Bu sözləri “Şərq” ə açıqlamasında Azərbaycan Respublikasının Xüsusi Ekspert Hüquq Xidmətinin rəhbəri Rasim Əlizadə deyib. Ekspert bildirib ki, ictimai təhlükəlilik dərəcəsi gələcəkdə ağır nəticələrə səbəb olacaq bu cür davranışlara yol vermək qəti şəkildə olmaz:
"Görünür, cərimələrin tətbiqi mövcud problemlərin qarşısının alınması üçün kifayət etmir. Düzdür, qanunvericilikdə həmin şəxslərin cəzalandırılması üçün müəyyən qaydalar var.
Amma hesab edirəm ki, bu cür cəza mexanizmlərindənsə, daha düzgün maarifləndirmə işlərinin görülməsi əsasdır.
Televiziyalar, o cümlədən, internet televiziyaları karantin rejimini pozanlar, maskasız gəzənlər haqqında gündəlik insanları yormayan süjetlər hazırlanmalı, efirə verilməlidir.
Son mənzərə onu deməyə əsas verir ki, bütün sahələrdə aparılan maarifləndirmə işlərinin 95 faiz formaldır və həqiqətləri əks etdirmir. Mövcud durum da bunu bir daha təsdiq edir".
Bölməyə aid digər xəbərlər