10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
“Silk Way Group” pandemiya zamanı tibbi yüklərin aviadaşınması üzrə 100-dən çox çarter reysi həyata keçirib

COVID-19 pandemiyası dünyada baş verən bir sıra proseslərin gedişatına, o cümlədən yük daşınması sahəsində ciddi dəyişikliklərə səbəb olub. Belə şəraitdə təcili və təhlükəsiz şəkildə icra edilən hava yük daşımalarına tələbat olduqca artıb.
“Silk Way Group” koronavirus pandemiyası zamanı Azərbaycan Respublikası hökumətinin bütün təşəbbüslərini dəstəkləmək məqsədilə fərdi qoruyucu vasitələr və tibbi avadanlıqların hava gəmiləri ilə nəql edilməsini dəfələrlə həyata keçirib. Qeyd etmək lazımdır ki, pandemiya şəraitində “Silk Way Group”un təyyarələri tibbi təyinatlı yüklərin MDB, Mərkəzi və Şərqi Avropa, Asiya, eləcə də Şimali və Cənubi Amerika ölkələrinə çatdırılması üzrə 100-dən çox çarter reysi icra edib.
“Silk Way Group” 14 iyul 2006-cı ildə hava yük daşımalarının həyata keçirilməsi ilə məşğul olan şirkətlərin idarə edilməsi məqsədilə yaradılmış, Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində yerləşən şirkətlər qrupudur.
İllər keçdikcə “Silk Way Group” genişlənib və tədricən yalnız aviasiya ilə deyil, həm də yük daşınması ilə əlaqəli olmayan sahələrdə fəaliyyət göstərən bir sıra törəmə şirkətləri öz adı altında bir araya gətirib. 2019-cu ilin sonunda şirkətlər qrupunun səhmdarı və rəhbərliyinin verdiyi strateji qərara əsasən yenidən qurulma prosesinə başlanılıb. “Silk Way Group”un bütün fəaliyyətlərini birbaşa hava yük daşımalarının həyata keçirilməsinə yönəltmək məqsədilə şirkətlər qrupunun əsas olmayan aktivlərinin satışı həyata keçirilib. Bu prosesin nəticəsi olaraq, “Silk Way Group” yük daşımalarının icrası və təyyarələrin uçuş qabiliyyətini təmin edən üç şirkətdən ibarət olub: “Silk Way Group”, “Silk Way West” və “Silk Way Technics”.
“Silk Way West”in əsası 2012-ci ildə qoyulub və hal-hazırda bu şirkət hər ay Avropa, Asiya, Şimali və Cənubi Amerika ölkələrinə 50-dən atrıq istiqamətdə 250-dən çox müntəzəm və çarter reyslərini həyata keçirir. Şirkətin aviaparkı ən qabaqcıl təhlükəsizlik sistemləri ilə təchiz olunmuş 12 “Boeing 747-400F” və “Boeing 747-8F” təyyarələrindən ibarətdir.
“Boeing” aviakonserninin məlumatına əsasən, 2016-ci ildə “Silk Way West” donanma böyüməsi dinamikası, uçuş coğrafiyasının genişlənməsi və daşınan yüklərin həcmi kimi meyarlara görə ən sürətli böyüyən aviadaşıyıcı kimi tanınıb. Bu gün bütün bu meyarlara görə aviaşirkət Avropada üçüncü yerdədir.
“Silk Way Airlines” - 2001-ci ildə yaradılmış, Avropa, Yaxın Şərq, Asiya və Afrika ölkələrinə müntəzəm çarter uçuşları həyata keçirən aviaşirkətdir. “Silk Way Airlines”ın donanması dünyanın hər yerinə uçuşlar üçün sertifikatlaşdırılmış tam yeni 5 İl-76TD və İl-76 PS-90 təyyarələrindən ibarətdir. Həmçinin, aviaşirkət BMT və ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) proqramları çərçivəsində hava daşımaları ilə də məşğuldur. Bundan başqa, “Silk Way Airlines” ABŞ, İspaniya, İtaliya və Bundesver (Almaniya) Müdafiə Nazirlikləri üçün yük daşımalarının icrası üzrə xüsusi sertifikatlara malikdir.
“Silk Way Technics” şirkəti 2006-cı ildə qurulub, hava gəmilərinin istismarı və təmiri ilə məşğuldur. Şirkət müasir avadanlıqla təchiz olunmuş, bölgədəki ən böyük anqara və “Airbus”, “Boeing”, “Embraer”, “Gulfstream”, ATR kimi təyyarələrə texniki xidmət üzrə beynəlxalq standartlara uyğunluq sertifikatlarına sahibdir. Qeyd edək ki, “Silk Way Technics” şirkətinin yüksək ixtisaslı heyəti təkcə “Silk Way Group” və  Azərbaycan Hava Yollarının (AZAL) təyyarələrinə deyil, həm də MDB ölkələri, Avropa və Yaxın Şərqdən olan digər aviaşirkətlərin təyyarələrinə də xidmət göstərir. 
Bu gün “Silk Way Group” dinamik şəkildə inkişaf edir və gələcəyə dair yeni planlar qurur. Fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan iqtisadiyyatında qabaqcıl yerlərdən birini tutmağı bacaran şirkətlər qrupu bütün dünya üçün bu cür çətin dövrdə təkcə şəhərləri deyil, hətta qitələri birləşdirərək, hava yük daşımalarının sxemlərini genişləndirməyə davam edir.


Tarix: 24-07-2020, 18:02 Oxunub: 78


Bölməyə aid digər xəbərlər