09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Niyə 38 yaşlı gənc nazir ola bilir, amma YAP-da… - “Kötüklərə” etiraz


Bir neçə il əvvəlin söhbətidir. Hakimiyyətdə ortabab vəzifə tutan YAP-çı tanışım məni nahar yeməyinə dəvət etmişdi. O yeyir, mən isə danışırdım. İdarəçilikdə olan nöqsanları dilə gətirir, məmurların sadə vətəndaşlara rəiyyət gözüylə baxmasının düzgün olmadığını vurğulayırdım…

Tanışım təmkinli adam olduğu üçün sözümü kəsmirdi. Ürəyimdən keçənlərin hamısını deyib qurtarandan sonra razılıq əlaməti olaraq başını yırğaladı. Sonra isə meyvə qabından bir mandarin götürüb, səliqə ilə soymağa başladı. Dilimlədiyi mandarinlərin yarısını özünün, yarısını isə mənim boşqabıma qoydu. Mən buna çox sevindim. Ona görə yox ki, yeməyə mandarin tapmışdım. Məni sevindirən səbəb daha ciddiydi. Deməli, artıq YAP-çılar da başa düşürlər ki, Allah-Təala yer üzündəki naz-nemətləri ancaq onlar üçün yaratmayıb...

Azərbaycanda siyasi şərait dəyişib. İndi heç bir məmur vətəndaşa üstdən aşağı baxa bilmir. Baxanları bir-birinin ardınca yuxarıdan aşağı dığırlayırlar…

Məhbəsdə olan sabiq icra başçılarının, keçmiş məmurların sayı hər gün artır. “Dövlətin malı dəniz, yeməyən donuz” prinsipi indi keçərli deyil. Başını aşağı salıb donuz kimi korrupsiya zibilliyində eşələnənləri yolu tez-tez Kürdəxanıdan düşür.

Ölkədə ciddi dəyişikliklərə start verilib. Söz və mətbuat azadlığının düşməni, korrupsiyanın memarı olan “köhnə qvardiya” sıradan çıxmaq üzrədir. İndi Gürcüstandan, ya da Bolqarıstandan hansısa nazir qonaq gələndə, Bakıda onu babasıyla yaşıd olan həmkarı qarşılamır. Yeniləşən, gəncləşən komandada 38 yaşlı nazir, 34-35 yaşlı icra başçısı var.

İslahat dalğası hakimiyyət partiyasına da çatmalıdır. YAP dəyişikliklərdən kənarda qalmamalıdır. Müasir dünyagörüşə malik olan, demokratik dəyərləri əxz edən gənclər YAP-da irəli çəkilməlidir. Belələri az deyil. İqtidar partiyasının Siyavuş Novruzova çoxmu ehtiyacı vardı? Özünü və partiyasını mütəmadi olaraq gülüş hədəfinə çevirən bu adam niyə 20-25 il YAP-da vəzifə tutmalıydı? Bəlkə də Ramiz Mehdiyevin Azərbaycan cəmiyyətinə tək xeyri Novruzovu YAP-ın vitrinindən uzaqlaşdırmaq oldu. YAP-ın vitrinindən getdisə, siyasətdən də gedəcək…

Beş yüz mindən çox üzvü olan bir partiyanı niyə debatlarda cəmi iki-üç nəfər təmsil etməlidir? Niyə cəmiyyət YAP-ın vitrinində ancaq eyni adamları görməlidir? Niyə 38 yaşlı gənc nazir ola bilir, amma YAP-ın icra katibi, icra katibinin müavini, şöbə müdiri ola bilmir? Mən YAP-çı olmasam da, cəmiyyətdə sağlam mənəvi mühitin yaranması üçün bu dəyişiklikləri ürəkdən arzulayıram. İstəyirəm ki, qatıldığım müzakirələrdə YAP-ın nümayəndələri tərəf müqabilimiz olsun. YAP-da iki-üç nəfərdən başqa müsahibə almağa adam yoxdur. Hakim partiya özünün gənc və perspektivli kadrlarını cəmiyyətə təqdim etməlidir. Gənclərin qarşısını kəsən “kötükləri”, mövcudluğuyla partiyanı nüfuzdan salan ətiacı adamları kənara dığırlayıb, yolu açmaq lazımdır.

Siyasi iradə olsa, YAP bunu yapar…
 


Tarix: 1-09-2020, 14:05 Oxunub: 103


Bölməyə aid digər xəbərlər