“Prezidenti aldadıb Qobu Park 3-ün binalarının damını tollamamış “tam təmirli” adı ilə təqdimat etdiniz, üstəgəl Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsini aldadıb onlara ala-yarımçıq iş təhvil verdiniz və məcburi köçkünləri komitə ilə üz-üzə qoydunuz”.
Correct.az xəbər verir ki, bu sözləri Kristal Abşeron şirkətindən şikayətçi olan jurnalist Rövşən Əsədov öz şəxsi hesabında yazıb. Əlavə olaraq jurnalist baş verənlərlə bağlı saytımıza açıqlama verib, bildirib ki, adıçəkilən şirkət məcburi köçkünləri dövlətdən narazı salmaqla məşğuldur:
“2019-cu ilin noyabr ayından Kristal Abşeron şirkətinin inşa etdiyi binada yaşayırıq. Yəni komitə ağır şəraitdə yaşadığımız üçün bizi yeni mənzillə təmin etdi. Lakin köçən gündən şirkətin özbaşınalığı ilə üz-üzə qaldıq. Mənzilin xeyli çatışmazlıqları olsa da mənə təhvil-təslim aktına imza atdırmağa çalışdılar. Mən isə heç bir akta imza atmadım. Məskunlaşandan bir neçə ay sonra bizi su ilə sınağa çəkdilər. Ramazan ayı müddətində suyu satın almalı olduq. Bəzən isə liftin nasaz olması bizi 10-cu mərtəbəyə su daşımaq məcburiyyəti ilə üz-üzə qoydu. Uzun mübarizədən sonra nəhayət su problem həll edildi.
Binaların inşaasından bir ilə yaxın müddət keçməsinə baxmayaraq artıq onların üzlüyü qopub düşməyə başlayıb. Şirkət bunu normal hal kimi qələmə versə də “Qobu Park 1”-də heç də belə hallar yaşanmır. Bu da şirkətin “Qobu Park 2” yaşayış massivini necə səhlənkar və başdangetdi inşa etməsinin bariz göstəricisidir. Üzlüklər qopduğu üçün şirkət üzlüyü binanın divarına bərkitməyə başlayıb. Bu isə heç bir dünya praktikasında yoxdur və ilk olaraq analoqu olmayan bu metodu Kristal Abşeron şirkəti ölkəmizdə tətbiq edib. Belə ki, əlində drel hər gün binanın üzlüyünü divara şuruplayaraq bərkidirlər. Bərkitmə zamanı gələn yüksək səs başda mən olmaq şərti ilə sakinlərin haqlı narazılğına səbəb olur. Əldə etdiyim məlumata görə isə Kristal Abşeron şirkəti binaların inşaası zamanı adının gizli saxlanıldığı bir şirkətdən mata-yapışdırıcı sifariş edib. Lakin yapışdırıcıların keyfiyyətsiz olması binanın üzlüyünün vaxtından tez qoplması ilə nəticələnib.
“Qobu Park 2”-dən sonra, “Qobu Park 3” inşa edildi. Ölkə başçısı binanın açılışında iştirak edərkən binaları “tam təmirli” şəkildə ölkə başçısına təqdim etdilər. Lakin binanın çəkilən fotoşəkillərindən də aydın şəkildə görünürdü ki, şirkət binanın inşaasını heç də tam şəkildə bitirməyib və yarımçıq vəziyyətdə ölkə başçısına təqdim edib. Məsələ ilə bağlı şirkət bir neçə sayta da açıqlama verib və bildirib ki, binalar tam təmirli vəziyyətdə “Qaçqınkom”a təhvil verilib və sakinlər şikayətlərini komitəyə etsinlər. Lakin binanın tam təmirli olmadığını şirkətin elə öz əməkdaşları da etiraf edib ki, bu da aşağıdakı fotoşəkildə açıq aydın görünür”.
Həmçinin Rövşən Əsədov bildirib ki, təmir işləri ilə əlaqədar yaranan yüksək səslə bağlı Daxili İşlər Nazilriyinin 102 xidmətinə məlumat verilib lakin heç bir tədbir görülməyib:
“Məsələ ilə bağlı 102 çağrı mərkəzinə məlumat verdim. Mənimlə əlaqə saxlayan 10-cu bölmənin əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsini əsas gətirdilər. Qeyd etdilər ki, 521-ci maddənin tələblərinə görə gecə saat 00:00-dan, səhər saat 07:00-a qədər məişət səs-küyünə qarşı mübarizə nəzərdə tutulub. Yəni tikinti şirkəti saat 07:00-dan sonra istənilən təmir işini həyata keçirə bilər”.
Bölməyə aid digər xəbərlər