12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
5 milyon 200 min nəfərə yaxın seçici 5547 seçki məntəqəsində səs verəcək


 Parlament seçkilərini 57 min 656 nəfər yerli və 465 nəfər xarici müşahidəçi izləyəcək
 
Hər bir demokratik ölkədə vətəndaşların cəmiyyətin siyasi-ictimai həyatında, dövlət işlərində iştirakının ən kütləvi forması seçkilərdir. Vətəndaşların dövlətin idarə edilməsində iştirak hüquqları əsas etibarilə seçki vasitəsilə reallaşır. Seçkilərin əsas şərti isə ədalət, aşkarlıq, şəffaflıq və obyektivlikdir. Demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini bəyan etmiş Azərbaycan xalqı da legitim, qanuni hakimiyyətin formalaşdırılmasının yeganə yolunu məhz demokratik seçkilərdə görür.
1993-cü ildən ötən dövrdə Azərbaycanda 5 prezident, 4 parlament, 4 bələdiyyə seçkisi, o cümlədən iki dəfə referendum keçirilib. Hər bir seçki ölkəmizdə demokratik seçki praktikasının təkmilləşdirilməsi, seçki təcrübəsinin artırılması ilə əlamətdar olub. Seçkilərin şəffaflığını təmin etmək üçün hətta uzun demokratiya tarixi olan ölkələrdə tətbiq olunmayan mexanizmlərdən, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunub. Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən təqdir edilib. Hər bir seçkinin əvvəlki seçki ilə müqayisədə irəliyə doğru addım olduğunu beynəlxalq təşkilatların rəylərinin müqayisəli təhlili də təsdiqləyir.
Respublikamız növbəti seçkilər ərəfəsindədir. Qarşıdan beşinci çağırış Azərbaycan Milli Məclisinə seçkilər gəlir. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2015-ci il tarixli sərəncamı ilə beşinci çağırış Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-i, bazar gününə təyin edilib. Ötən dövr ərzində seçki ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlıq işləri qrafikə uyğun həyata keçirilib. Hazırda 125 seçki dairəsi üzrə seçki məntəqələrinin sayı isə 5547-dir. Onlardan 132 müvəqqəti seçki məntəqəsi seçkilərə bir neçə gün qalmış fəaliyyətə başlayacaq.
MSK-nın avqustun 29-da təsdiq etdiyi Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı vaxtında icra olunub. Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdırılıb, bütün səsvermə məntəqələri lazımi avadanlıqlarla təchiz olunaraq tam hazır vəziyyətə gətirilib, xarici və yerli müşahidəçilərin müşahidə aparmaları, “exit-poll”un keçirilməsi üçün bütün şərait yaradılıb. Bu seçkidə ölkə üzrə seçicilərin sayı 5 milyon 200 min nəfərə yaxındır. Budəfəki seçkilərdə ilk dəfə səs verəcək gənclərin sayı 63 min 555 nəfərdir. Səsvermə günü 257 seçicinin 18 yaşı tamam olacaq. Seçicilərə seçkidə iştirakla bağlı bildirişlər də təqdim olunub.
Xatırladaq ki, namizədliklə bağlı 1700 nəfərdən çox vətəndaş tərəfindən müraciət daxil olmuşdu. Son dəqiqləşdirməyə əsasən hazırda Milli Məclisin deputatı olmaq istəyən namizədlərin sayı 767 nəfərdir. Onların yarıdan çoxu namizədlikləri müstəqil şəkildə və seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülənlərdir. Qalanları isə 15 siyasi partiyanı və bir siyasi partiyalar blokunu təmsil edirlər.
Hər bir seçkinin ən mühüm fazalarından biri seçkiqabağı təşviqatın aparılmasıdır. Qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat mərhələsində qeydə alınmış bütün namizədlərin bərabər formada təşviqatının aparılması qanunvericiliyə müvafiq olaraq tam təmin edilib. Hər bir seçki dairəsində qeydə alınmış namizədlərin təşviqatlarını apara bilmələri üçün bir açıq və bir qapalı yer müəyyən olunub. O cümlədən, bütün seçki məntəqələrini əhatə etməklə ölkə üzrə on mindən çox təşviqat lövhəsi quraşdırılıb. Hazırda seçkiqabağı təşviqat prosesi öz axarı ilə davam edir. İndiyə qədər hansısa neqativ halın baş verməsi qeydə alınmayıb. Seçkilərə start verildikdən sonra 45 kütləvi informasiya vasitəsi seçkiqabağı təşviqatda iştirak etmək üçün MSK-ya müraciət edib.
Seçkiləri müşahidə etmək şəffaf seçki prosesinin əsaslarından biridir. Müşahidəçilər xarici və yerli ola bilər. Xarici və ya yerli olmalarından asılı olmayaraq onlar istər inkişaf etmiş, istərsə də inkişafda olan istənilən demokratik ölkənin seçki prosesində vacib rol oynayırlar. Bütün bunları nəzərə alaraq, Azərbaycanda da seçkilərin müşahidə edilməsi qanunvericiliklə ən yüksək səviyyədə təmin olunur. Azərbaycan aşkarlıq institutlarının, xüsusilə yerli və beynəlxalq müşahidəçilərin, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin normal fəaliyyəti üçün yaradılan hərtərəfli və geniş imkanlar baxımından dünyanın bir çox ölkələrinə nümunədir.
Parlament seçkilərini izləmək üçün indiyədək 57 min 656 nəfər müşahidəçi qeydiyyatdan keçib. Onlardan 2 min 410 nəfəri MSK-da qeydiyyatdan keçdiyi üçün bütün seçki dairələrində müşahidə aparmaq hüququna malikdirlər. 55 min 242 nəfər isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin sayı 465 nəfərdir. Onlar 36 beynəlxalq təşkilatı və 53 ölkəni təmsil edirlər.
Hər bir seçki Azərbaycanın seçki praktikasında tətbiq edilən və seçkinin demokratikliyinə xidmət edən yeniliklərlə əlamətdar olur. Bu cür yeniliklərin tətbiqi zamanı xüsusən qeyri-hökumət təşkilatlarına yer verilməsi, onların öz layihələrini həyata keçirə bilmələri üçün lazımi şəraitin yaradılması Azərbaycan hakimiyyətinin seçkilərin demokratik keçirilməsinə olan marağının bariz təcəssümüdür. Məsələn, ilk dəfə olaraq 2005-ci ilin parlament seçkilərində bir sıra xarici təşkilatlar tərəfindən seçicilərin seçki məntəqəsində səs verib çıxdıqdan sonra kimə səs vermələrini öyrənmək məqsədilə sorğu - “exit-poll” keçirildi. Qarşıdan gələn parlament seçkilərində də “exit-poll”un keçirilməsi üçün şərait yaradılıb. “Exit-poll” keçirmək üçün dörd təşkilat qeydə alınıb. Bunlar “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi “exit-poll”u Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası isə Amerika Birləşmiş Ştatlarının “AJF&Associates İnc.” təşkilatı ilə birgə keçirəcək.
Seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən geniş istifadə olunur ki, bu da seçki prosesini əvvəldən axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaradır. Azərbaycanda keçirilən seçkilərdə 2008-ci ildən başlayaraq tətbiq olunan və internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu il Milli Məclisə keçiriləcək seçkilərdə də davam etdiriləcək. Səsvermə günü seçki məntəqələrində proseslərin əvvəldən axıradək izlənilməsi məqsədilə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Seçki günü internet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arası kəsilmədən canlı müşahidə etmək imkanına malik olacaqlar.
Onu da qeyd edək ki, seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə MSK tərəfindən təsdiq edildikdən sonra - oktyabrın 14-dən etibarən onların çapına başlanılıb. Komissiyanın qərarı ilə 5 milyon 344 min 431 ədəd seçki bülleteni çap olunub. Seçki Məcəlləsinə əsasən seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

Tarix: 17-01-2024, 10:44 Oxunub: 67


Bölməyə aid digər xəbərlər