Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri fevralın 7-də Qarabağımızın şah damarı Xankəndi şəhərində 122 saylı Seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər ki, bu, Azərbaycanın Zəfərinin, həmçinin müstəqil respublikanın qüdrətini bütün dünyaya bir daha bəyan etməsi deməkdir.
Bu “Qarabağ Azərbaycandır” Zəfərinin təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və ailə üzvlərinin üçrəngli bayrağımızın qürurla dalğalandığı Xankəndi şəhərində səs verməsi - ölkənin Prezident seçkiləri kimi mühüm hadisənin seperatçılardan azad, bu torpaqların əsl insanlarının əmin-amanlığı şəraitində cərəyan etməsinin əyani ifadəsidir.
İndi Azərbaycan güclü siyasi varis cənab İlham Əliyevin rəhbərliyi altında həm azad olmuş torpaqlarımızda, həm də bütünlükdə ölkə miqyasında böyük quruculuq işləri aparılır.
Bu gün Azərbaycan Respublikasının hər bölgəsi üçrəngli bayraqlarımızla bəzədilib. Zəfər şənliklərinin sayı-hesabı yoxdur. Xalq öz iradəsinin seçimi cənab İlham Əliyevi və əsl bayram əhval-ruhiyyəsi ilə bir-birini təbrik edir.
Ürəklərin sevinci tarixə yeni bir səhifə yazır: Cənab İlham Əliyevin qarşıdakı 7 illik prezidentliyi dövründə Azərbaycanın tarixinin daha bir önəmli hadisəsi – Qərbi Azərbaycan probleminin həlli ilə bağlıdır. Azərbaycanın Qərbi Azərbaycan torpaqlarından didərgin düşmüş milyonlarla insanının həsrətlə gözlədiyi o gün də gələcək!
Fevralın 7-də növbədənkənar Prezident seçkiləri – Zəfər seçkisi ilk dəfə olaraq müstəqil həyatımızda ərazilərimizin hər bir yerində keçirildi. Prezident seçkilərinin bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçirilməsi mühüm əhəmiyyətə malikdir. Ölkənin tarixində əbədi olaraq qalacaq bu əlamətdar hadisədə mühüm hadisələrdən biri də Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verməsi oldu. Artıq bütün bunlar arxada qaldı və fevralın 13-də Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etdikdən bir gün sonra Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi.
Xalq böyük səs çoxluğu ilə seçdiyi, 20 ildir ki, etibar etdiyi Prezidentin ətrafında sıx birləşib. Ölkəmizin reytinqinin ildən-ilə yüksəldiyini, mövqeyinin möhkəmləndiyini görən xalqın dövlətimizin başçısına inamı daha da artdı. İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcək. Bu illər uğurlarla, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Dövlətimizin başçısının qarşıya qoyduğu prioritet vəzifə Ermənistan-Azərbaycan münaqişəsini yalnız ərazi bütövlüyümüz çərçivəsində öz həllinin tapması, doğma ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına təhlükəsiz qaytarılması idi. Əsas vəzifələrdən biri də heç vaxt Azərbaycan xalqının öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyi idi. Artıq dövlət başçımız qarşısına qoyduğu vəzifələrə nail olub.
Bizim əbədi bir liderimiz,prezidentimiz var. Böyük səs çoxluğu ilə yenidən prezident seçilən cənab İlham Əliyevi təbrik edirəm. Allah Müstəqil Azərbaycan Respublikasının qüdrətli Lideri – bizim hamımızın Prezidenti cənab İlham Əliyevə möhkəm cansağlığı, uzun ömür versin, Dövlətimizin, Xalqımızın tərəqqisinə bağlı Dövlət Rəhbəri, Siyasi Lider fəaliyyətində bitib-tükənməz əzm, iradə, qətiyyət nəsib etsin!
Yeni azərbaycan Həyatı informasiya portalının rəhbəri
Bölməyə aid digər xəbərlər