12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Təlim-tərbiyə məktəbdən başlayır, cəmiyyətdə davam edir


















Sumqayıt  şəhərinin adı bir zamanlar "Zavodlar şəhəri" adlansa da,  hazırda isə "Gənclər şəhəri" kimi səslənir. Sumqayıt gənclərinin qazandığı uğurların sədası bu gün dünyanın bir çox ölkələrindən gəlir. Elm dalınca gedən gənclərimiz nə qədər çox olsa da, idman sahəsindəki uğurlarımız da danılmazdır. Təbii ki, bu uğurların başında məzunların, ya da idmançılara təlim-tərbiyə, savad-bilik verən məktəblər durur. Belə məktəblərdən biri də Sumqayıt şəhəri 26 saylı tam orta məktəbdir ki, bu məktəbin adı hər zaman uğurları ilə seçilib, sayılıb. İstər ali məktəblərə qəbul səviyyəsində, istərsə də hər hansı bir elm olimpiadalarında məktəbin adı birincilər sırasına çəkilib, elə bu gün də çəkilir. 
Məktəbin direktoru Əli müəllimlə müəllim-şagird arasındakı davranışla söhbətimizə başlayırıq. Əli müəllimin dediklərindən:
- Uşaq tərbiyəsi məktəbdən əvvəl evdə başlayır. Bir İslam aliminin belə gözəl bir sözü var: “İnsanın ən birinci ustadı və müəllimi onun anasıdır.” Valideynlər (əsasən də, analar) övladlarını çox sevdiklərindən, həmçinin onlara olan şəfqətlərindən övladlarına məsuliyyət yükləmirlər. Eyni zamanda onların “hər istək”lərini çox vaxt tərəddüdsüz yerinə yetirirlər. Belə olduqda isə uşaqlarda ifrat sərbəstlik hissi meydana gəlir. Məsələn, o düşünür ki, artıq hər istəyim həyata keçməlidir, hər yerdə hər şeyi edə bilərəm və s. O, evdən kənarda da bu davranışları sərgiləyir və bu da yaşıdları və dostları arasında anlaşılmazlığa gətirib çıxarır. Uşaqları bu şəkildə yetişdirmək müəllimlər və tərbiyəçilər üçün də ciddi çətinliklərə səbəb olur. Bunu aradan qaldırmaq üçün ən böyük yük yenə də valideynlərin üzərinə düşür. 
Bəli, tərbiyə gənc nəsillərin yetişməsi üçün mühüm faktordur. Parlaq gələcək və qızıl nəsil yetişdirmək istəyiriksə, uşaqlarımıza hələ kiçik yaşlardan gözəl tərbiyə miras qoymalıyıq. Həm də o tərbiyə ki, nə vaxtsa bizə əmanət edilmişdi. Zəngin mədəniyyətə və əxlaqa sahib olan bir millət kimi bu əmanətə nə qədər sahib çıxdığımızı öyrənmək istəyiriksə, hər bir ailədən çıxan “güzgü”yə nəzər yetirməliyik. O zaman harada və hansı səhvlərə yol verdiyimizi özümüz görəcəyik. İstər valideynlər, istər müəllimlər, istərsə də tərbiyəçilər vaxtaşırı bu mövzuda çarəsizliklərlə üz-üzə qalırlar. Bununla yanaşı, uşaqlarımızın tərbiyəsinin bizi qane etməməsinin səbəbləri də müxtəlifdir. Belə ki, şagirdin özünü aparması, dostları arasında isə fərqli davranması hər zaman məktəbin əsas mövzusundan biri olub. Yəni şagird ikili xarakter sərgilləyir. Bu da təbii ki, bizi heç bir zaman qane etmir.
Bizim məktəbə gələndə isə məktəb bizim ikinci evimiz yox, elə birinci evimizdir. Şagirdlər də məktəbi bu şəkildə görürlər. Çünki günümüzün çoxu məktəbdə keçir. Şagirdlərin uğurları hər zaman bizim də uğurumuz olub. Onların uğurlarında öz payları 40 faizdirsə, müəllimin əməyinin qarşılığı 60 faizdir. 

Məktəb ikinci evimizdir. Məhz bu müqəddəs ocaqdan böyük həyata şagirdlərimiz vəsiqə alır. Onun üçün də əsl vətəndaş kimi yetişmələrində böyük rolu olan müəllimlərimizin əməyini  heç zaman unutmuruq.

Əli müəllim bizimlə söhbətində bildirdi ki, 26 saylı tam orta məktəbdə təhsilin səviyyəsi hər dönəmdə yüksək olub. “İstər Sovet dönəmində, istərsə də müstəqillikdən sonrakı dövrdə. Hər il onlarla məzunumuz 600-dən yuxarı bal toplayaraq respublikamızın müxtəlif ali məktəblərinə daxil olur. Məktəbdə nizam-intizam qaydaları möhkəm qorunur, dərsə davamiyyət hər zaman yüksəkdir.
Gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük önəm verildiyini deyən məktəb direktoru onu da vurğuladı ki, məktəbimizin müəllimləri hazırlıqlı, daim öz üzərlərində çalışaraq bilik səviyyələrini artıran müəllimlərdir. Onlar daim tədbirlərdə fəal iştirak edərək gənclərimizə Vətənə məhəbbət, torpağa bağlılıq hissləri aşılayırlar. Millli-mənəvi dəyərlərimiz, qəhrəmanlıq tariximiz öyrənilir və bununla da əsas məqsədimiz məktəblilərin vətənpəvərlik ruhunda tərbiyə olunmalarıdır. Elə bunun nəticəsidir ki, 44 günlük müharibə zamanı gənclərimiz Qarabağımızı azad etdilər, onların sayəsində Bütöv Azərbaycan olduq. Təbii ki, bu qələbədə bizim məktəbin məzunlarının da payı var. Allah cəmi şəhidlərimizə rəhmət eyləsin.



Natiq Zabitoğlu,
Xalqhakimiyyəti informasiya portalının rəhbəri
 


Tarix: 24-05-2025, 11:15 Oxunub: 32


Bölməyə aid digər xəbərlər
24-05-2025, 10:34 Haqq nazilər ancaq üzülməz
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80