5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günüdür.
Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır.
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca istiqamət seçib. Təsadüfi deyil ki, 21-ci əsr Azərbaycanında təhsil əsridir. Son illərdə ölkəmizdə heç bir dövrdə olmadığı qədər yeni məktəb tikilmiş, əlavə korpuslar inşa olunmuşdur. İndi Azərbaycanda elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən fərqlənmir, hətta onları üstələyir. Sevindirici hal bir də odur ki, bu proses paytaxtla yanaşı, bütün bölgələri də əhatə edir. Yeni, müasir məktəblər, təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.
Son 20 ildə ölkəmizdə 3600 yeni məktəb tikilib və ya əsaslı təmir olunub.
Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond bütün ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirib. 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana - yeni məktəb” layihəsinin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Heydər Əliyev Fondu tərəfindən məktəblər tikilir və bərpa olunur. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır.
Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla, onların məsuliyyətini də artırır.
Ucqar kəndlərə işləməyə göndərilən müəllimlərə xüsusi imtiyazların verilməsi də müəllim əməyinə verilən qiymətdən xəbər verir.
Artıq ikinci ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Azərbaycan müəllimi bu gün Zəngilanın Ağalı kəndində uşaqlara bilik öyrədir.
Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı döyüşüb. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyət göstərirlər.
"İZZƏT" MMC-NİN müdiriyyəti kimi kollektivimdə çalışan müəllimləri və onların simasında respublikanın bütün pedoqoji ictimaiyyətini səmimi qəlbdən təbrik edir, onlara can sağlığı, bu şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayır.
Canınız sağ,yolunuz açıq olsun əziz və fədakar müəllimlər!
Bölməyə aid digər xəbərlər