“Ülvi – aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial qanunvericilik üzrə maarifləndirmə” layihəsinin icrasına başlamışdır. İyunun 1-dən icrasına başlanan yeni layihə 3 ay müddətində Sumqayıt şəhərində həyata keçiriləcək. Bu layihənin əsas məqsədi mövcud qanunvericilikdə müharibə iştirakçılarınının sosial müdafiəsi istiqamətində nəzərdə tutulan güzəştlər və imtiyazlar barədə, eləcə də son illərdə müharibə iştirakçılarının maddi, sosial, iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində qəbul edilmiş sosial dəstək proqramları barədə geniş hüquqi maarifləndirmə işləri aparmaqla bu kateqoriyadan olan vətəndaşların daha çox hissəsinin bəhrələnməsinə yardımçı olmaqdır.Layihə çərçivəsində Birliyin ofisində ölkəmizin ərazi bütövlüyü uğrunda və torpaqlarımızın düşmənlərdən azad edilməsində iştirak etmiş döyüşçülər, onların ailə üzvləri, eləcə də vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailə üzvləri üçün pulsuz hüquqi məsləhət və yardım xidməti təşkil olunacaq. Bu kateqoriyadan olan vətəndaşlar şəxsən birliyin ofisinə gəlməklə və ya telefonla, internetlə əlaqə yaratmaqla təcrübəli hüquqşünasdan maraqlandıqları məsələ ilə bağlı zəruri hüquqi məsləhət ala bilər. Zərurət yarandıqda müraciət edənlərə praktiki hüquqi xidmət də göstəriləcək, onların adından aidiyyəti dövlət qurumlarına ərizə və müraciətlər hazırlanacaq.Bundan başqa layihə müddətində mütəmadi olaraq Facebook sosial şəbəkəsində, Sumqayıtla bağlı internet portallarında müharibə iştirakçılarının güzəşt və imtiyazları, onlara sosial-iqtisadi dəstəklə bağlı yeni proqramlar barədə məlumatlandırma-maarifləndirmə işləri aparılacaq, hər gün təşkilatın facebook profilində bu mövzuda müzakirələr aparılacaq, paylaşımlar ediləcək, mövcud hüquqi imkanlardan, sosial dəstək proqramlarından bəhrələnərək uğurlu biznes qurmuş və ya məşğulluğunu təmin etmiş, öz maddi-sosial problemlərinin həllinə nail olmuş müharibə iştirakçılarının uğur hekayələri, həyat təcrübələri paylaşılacaq.Layhənin sonunda Sumqayıt şəhərində müharibə iştirakçıları, şəhid ailələri və müharibə əlillərinin problemləri ilə məşğul olan yerli QHT rəhbərləri ilə aidiyyəti dövlət qurumları (İcra hakimiyyəti, Bələdiyyə, Sumqayıt Tibb Mərkəzi, Təhsil sektoru, DSMF, Məşğulluq xidməti və s.) və yerli media əməkdaşlarının iştirakı ilə dəyirmi masa təşkil olunacaq. Dəyirmi masada layihənin icrası dövründə müharibə iştirakçılarının rastlaşdığı əsas problemlər, çətinliklər, aidiyyəti qurumlarının mövcud qanunvericiliyin və sosial proqramların icrası ilə bağlı gördüyü işlər, bu kateqoridan olan vətəndaşların problemlərinin həllinə daha həssas münasibət göstərilməsi, onların həyat və yaşayış şəraitinin daha da yaxşılaşdırılması imkanları müzakirə ediləcək, aidiyyəti orqanlara təkliflər təqdim ediləcək.
Bölməyə aid digər xəbərlər