Ədliyyə Nazirliyi işdən çıxarılan generalla bağlı yayılan məlumatlarla bağlı açıqlama yayıb.
Musavat.com xəbər verir ki, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru Nurəddin Mustafayevin işdən çıxarılmasının səbəbi kimi vəkil Adəm Məmmədovun yazdıqları geniş müzakirə mövzusu olub. Vəkil yazıb ki, general 100 min manat rüşvət alıb və bunu sübut edən səs yazısı olub. Buna görə də işdən çıxarılıb.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova isə bu mövzuda yazılanların həqiqət olmadığını deyib.
Onun sözlərinə görə, nazirlikdə son zamanlar aparılan kadr islahatları çərçivəsində bir neçə baş idarə və idarələrin rəhbərliyi yenilənib, o cümlədən də İcra Baş idarəsinin rəisi tutduğu vəzifəsindən azad edilib:
"Lakin təəssüflə qeyd etmək istəyirəm ki, son günlər bəzi sosial şəbəkə səhifələrində və xəbər portallarında bununla bağlı sensasiya xətrinə dezinformasiya xarakterli statuslara, yazılara, hətta canlı yayımda qərəzli uydurma çıxışlara rast gəlinir. Odur ki, hörmətli və dəyərli sosial şəbəkə istifadəçilərindən, KİV nümayəndələrindən, vəkillərdən və digər peşə mənsublarından hansısa və ya kimlərinsə maraqları ucbatından təqdim edilən şayiə xarakterli qərəzli məlumatlara inanmamağı və onları dəqiqləşdirmədən yaymaqdan həqiqət naminə çəkinməyi xahiş edirəm".
Bölməyə aid digər xəbərlər