Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları parkın mərkəzində Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib. Ulu öndərə həsr olunmuş film nümayiş etdirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.
Şəhər rəhbəri vurğulayıb ki, Heydər Əliyevin xüsusi diqqəti və qayğısı ilə 70-80-ci illərdə Sumqayıt dinamik inkişaf edib. Rəhbərlikdə olduğu illərdə sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin inkişafında onun əvəzsiz xidmətləri olub. Rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi düşüb.
Daha sonra Sumqayıt Dövlət Universitetinin professoru Şirxan Səlimov, YAP Gənclər birliyinin sədr müavini, Gənclərin Regional Karyera mərkəzinin rəhbəri Sevinc Qasımova, Vətən müharibəsi qazisi, ehtiyatda olan polkovnik-leytenant Ehtiram Məmmədov məruzə ilə çıxış ediblər.
Bölməyə aid digər xəbərlər