Milli dövlətçiliyə sahib olmaq Yer kürəsində yaşayan hər bir xalqın və hər bir millətin ən böyük arzusudur. Müxtəlif xalqlar zaman-zaman bu yolda çoxsaylı qurbanlar vermiş, bəzən müstəqillik arzularını reallaşdıra bilmiş, bəzən isə sadəcə bu istək arzu olaraq qalmışdır. Bu baxımdan Azərbaycan xalqı da müstəqillik və milli dövlətçilik yolunda daim, yorulmadan mübarizə aparmış, müxtəlif tarixi dövrlərdə güclü və müstəqil dövlətə sahib olmuş, bəzən isə müxtəlif səbəblərdən bu müstəqilliyi itirmişdir.
Xalqımızın əsrlər boyu milli dövlətçilik yolunda qazandığı uğurlarda tarixi şəxsiyyətlərimizin rolu olduqca böyük olmuşdur. XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək, onu qoruyub saxlamaq və daha da möhkəmləndirmək kimi mühüm tarixi vəzifəni Ulu Öndər Heydər Əliyev çox böyük uğurla və bacarıqla yerinə yetirdi. Bununla da Ulu Öndərimiz Azərbaycan xalqının qəlbində özünə əbədi taxt qurmuş oldu. Bütün əsas proseslər isə Ulu Öndər Heydər Əliyevin Doğma Vətənə qayıdışından başladı. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra – 22 iyul tarixində Naxçıvana yola düşdü. Artıq 30 sentyabr 1990-cı ildə Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi. Bu həm də doğma xalqının öz Ümummilli Liderinə hədsiz inamının göstəricisi idi.
Uzaqgörən strateq və mahir taktik olan Heydər Əliyev artıq müstəqilliyə doğru qətiyyətli addımların atılmalı olduğunun fərqində idi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edildi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması qərara alındı.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Məhz bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Məhz Ulu Öndər Heydər Əliyev bu tarixi təşəbbüsü ilə Azərbaycan tarixinin yeni, parlaq bir səhifəsi yazılmış oldu. Ulu Öndərin mühüm tarixi məqamda Liderlik missiyasını öz üzərinə götürməsi Azərbaycan dövlətçiliyi tarixinin mühüm mərhələsinin əsasını qoydu.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi böyük əziyyətlər və qurbanlar hesabına qazanılmış müstəqilliyimizi çox ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarları əslində dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Yalnız Azərbaycan xalqının təkidli tələbi ilə 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışı dövlətçiliyimizi böyük bəlalardan xilas etmiş oldu. Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı.
Cavid Məmiyev,
Bölməyə aid digər xəbərlər