09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
SUMQAYITIM MƏNİM


Sumqayıt Bulvar idarəsinin fəaliyyəti bura istirahətə gələnlərin məmnunluğunu tam təmin edir
Birmənalı olaraq demək lazımdır ki, bu gün Sumqayıtda həyata keçirilən layihələrin hədəfləri gələcəyə hesablanıb. Xüsusilə son illərdə Prezident İlham Əliyevin tapşırığı ilə Bakı ilə yanaşı, bütün şəhər və rayonlarda yeni parkların, xiyabanların, istirahət guşələrinin yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması istiqamətində olduqca mühüm layihələr icra edilir. Bu məsələyə Sumqayıtda da xüsusi diqqət yetirilir. Həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri də Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin yaradılmasıdır. Xəzərin sahilindəki bu möhtəşəm kompleks Sumqayıtın simasının daha da gözəlləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Sumqayıt Bulvarının ümumi sahəsi 106 hektardır və onun uzunluğu 4,2 kilometrdir. Bulvarın ərazisi dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə salınıb. 4,2 kilometr uzunluğunda 1,5 metr hündürlüyündə istinad divarı tikilib. Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb. 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib. Bulvar kompleksində salınan yeniliklərdən biri də avtomat suvarma sistemidir. Bu da yaşıllıq zolaqlarının qorunmasında əvəzsiz rol oynayır. Həmçinin 76 hektar ərazidə kommunikasiya xətləri çəkilib. 1500 ədəd müxtəlif ölçülü işıq dirəkləri və işıqlandırma sistemləri quraşdırılıb. Sakinlərin rahat istirahəti üçün 600-dən artıq oturacaq qoyulub. Bulvarın ərazisində müxtəlif yerlərdə 50 kölgəlik yaradılıb, 5 ədəd rəngli fontan inşa edilib. Bulvarın ərazisində velosidedçilər üçün xüsusi hərəkət zolağı və piyada yolu salınıb. 4,2 kilometr yola asfalt döşənib, 30 hektar əraziyə daş döşənib. Ərazidə Bayraq meydanı tikilib, sahildə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanə inşa olunub. Bulvarda kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri yaradılıb. Burada 500-dən çox yeni iş yeri açılıb. Sumqayıt Bulvarını fərqləndirən cəhətlərdən biri də onun çimərliyə birbaşa çıxışının olmasıdır. Burada yaradılan şərait bir daha sübut edir ki, Azərbaycan dövləti vətəndaşların istirahətlərini mənalı təşkil etmək, asudə vaxtlarını səmərəli keçirmək üçün bütün zəruri addımları atır. Bu, həm də dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini nümayiş etdirir. Qeyd etmək lazımdır ki, Xəzərin sahilindəki bu kompleksin hər zaman insanların sevimli istirahət məkanı olaraq öz cazibədarlığını və funksionallığını saxlaya bilməsində Sumqayıt Bulvar idarəsinin rəisi Seymur müəllimin rəhbərlik etdiyi kollektivin müstəsna xidmətləri vardır. Təsadüfi deyil ki, hələ bir neçə il bundan öncə Sumqayıt Bulvarı “Global Trade Leaders” klubunun “Keyfiyyətə görə Beynəlxalq Avropa mükafatı”na (International Europe Award for Quality) layiq görülüb. Necə deyərlər, görülən yaxşı iş öz bəhrəsini verir. Avropanın belə nifuzlu mükafatının məhz Sumqayıt Bulvarına verilməsi təkcə bu şəhərə deyil, respublikamıza göstərilən böyük dəyərin nəticəsidir.
Sumqayıt Bulvarının rəhbəri Seymur müəllim deyir ki, bulvar ərazisində 180 minə yaxın qızılgül, habelə bir o qədər ağac və kol əkilib. Yaşıllıqların salınması zamanı 30-a qədər müxtəlif ağac növündən istifadə edilib ki, bunların arasında həm yerli, həm də xaricdən gətirilən ağaclar mövcuddur. Bütövlükdə xaricdən, xüsusilə də İtaliya və Türkiyədən gətirilən ağaclar üstünlük təşkil edir. Belə ki, bulvar ərazisində əkilən ağaclaırn 80%-i məhz adıçəkilən ölkələrdən gətirilib. Bundan başqa, Abşeron iqlimi üçün ideal hesab ediln zeytun ağaclarının da sayı yetərincədir. Həmçinin Bulvar ərazisində qızılgüllərlə yanaşı mövsümü güllərin əkilməsinə də xüsusi fikir verilir.
Sumqayıt bulvarının çoxsaylı özəlliklərindən biri də buradakı fəvvarə və bulaqların bolluğudur. Hazırda buvar ərazisində 6 ədəd fəvvarə mövcuddur ki, onların da hamısı işlək vəziyyətdədir. Həmçinin Bulvar ərazisində 8 bulaq mövcuddur ki, bu bulaqlar 24 saat ərzində insanları yüksək keyfiyyətli su ilə təmin edir. yeri gəlmişkən onu da deyim ki, il boyu bulvarda təmir işləri gedir. Qırılmış daş döşəmələr yenisi ilə əvəz olur, oturacaqların qırılmış yerləri yenisi ilə əvəz olunur və sairə kimi işlər görülür. Təmizlik işləri isə demək olar ki, hər gün görülür. Yaşıllıqların suvarılması isə gün ərzində səhər və axşam olmaqla iki dəfə suvarılır.
Sumqayıtda turizmin inkişafına təkan verən cəhətlərdən biri də şəhərin sənaye potensialının yenilənməsidir. Bu gün Sumqayıtda sovet dönəmində olduğu kimi, zavodların bacalarından müxtəlif rəngli zəhərli tüstü çıxmır. Artıq Sumqayıt ölkəmizin təmiz havaya malik olan şəhərlərindən sayılır, tullantısız sənaye mərkəzi hesab olunur. 
Sumqayıtın, eləcə də Sumqayıt Bulvarının bütün gözəlliklərini və özəlliklərini vəsf etmək mümkün deyil. Amma əslində buna ehtiyac da yoxdur. Çünki Xəzərin sahilindəki bu möcüzə ilə yaxından tanış olmağın ən düzgün yolu Sumqayıt Bulvarını ziyarət etməkdir.


Mahir Hümbətov

Yeniazərbaycanhəyatı.com informasiya portalının rəhbəri





Tarix: 16-08-2023, 17:20 Oxunub: 32


Bölməyə aid digər xəbərlər
14-06-2023, 18:13 Xəzərin sahilində
13-06-2023, 18:30 SUMQAYITIM MƏNİM
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80