Üç ildir ki, sentyabrın 27-də Azərbaycan xalqı Qarabağda tarix yazan Vətən oğullarının xatirəsinə sonsuz ehtiramını ifadə edir. Otuz ilə yaxın davam edən erməni işğalına son qoymaq üçün ayağa qalxan, sentyabrın 27-də başlayıb 44 gün davam edən Vətən müharibəsinin qəhrəmanlarını ehtiramla anır. Bu tarix Azərbaycanın müasir tarixinin qürurla xatırlanan günüdür. Bu tarix nəinki 30 illik işğala son qoyulduğu, eyni zamanda, ermənilərin xalqımıza qarşı 200 ildən çox davam edən düşmənçilik siyasətinə layiqli cavabın verildiyi gündür. Bu tarix həm də bütün dünyaya, hətta düşmənlərimizə belə Azərbaycan Ordusunun gücünü, əsgərinin şücaətini, xalqının həmrəyliyini və dövlət-xalq birliyini göstərdi. Bir sözlə, 27 Sentyabr Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” kəlməsi ilə xalqın bu amal, bu məqsəd üçün ayağa qalxdığı gündür.
Qan-qadasız, itkisiz müharibə olmur. Hər qazanılan Zəfərin arxasında qəhrəman oğulların qanı var. Torpaq şəhidlərin qanı ilə qarışıb Vətən olur. Bu mənada xalq oğullarını müharibəyə necə təmtəraqla yola salırdısa, şəhidini ondan daha izdihamla qarşılayırdı. Üçrəngli bayrağımızı öpüb bağrına basan, “Vətən sağ olsun” deyərək başını dik tutan neçə-neçə mətanətli, vüqarlı şəhid ata-anası, doğması gördük. Bütün dünya Azərbaycan oğullarının şücaətinə şahidlik etməklə bərabər, həm də “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” mifinin sadəcə sözdən ibarət olduğunu anlamış oldu.
“Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamı şəhidlərin xatirəsinə, onların doğmalarına ali ehtiramın göstəricisidir. Qarabağda tarix yazan Vətən oğullarına olan vəfa borcumuz, ehtiram ifadəmiz isə hər gün, hər andır. Unutmamalıyıq ki, bu gün Qarabağa böyük qayıdışın sevinci onlar sayəsindədir. Viran qalmış yurd yerlərimizdə bu gün yanan işıqlar öz nurunu şəhid ruhlarından alır. Qəhrəman Azərbaycan əsgərinin ayaq izlərinin açdığı cığırla başlayıb doğma Şuşamıza uzanan möhtəşəm Zəfər yolu onların əsəridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni işğalından azad olunmuş torpaqlarda bu gün çoxşaxəli silsilə layihələr həyata keçirilir. Yenicə başladığımız dərs ilində Zəngilanda 29 ildən sonra ilk məktəb zəngi çalındı. Bu zəngin sevincini yaşayan məktəblilərin xoşbəxt anlarına şahidlik etmək hər kəs üçün böyük bəxtiyarlıqdır. Əminik ki, azad olunmuş torpaqlarımızda həyata keçirilən böyük quruculuq işlərinə təhsil sisteminin yetişdirdiyi vətəndaşlar öz layiqli töhfələrini verəcəklər. 44 günlük müharibənin gedişi bir daha onu göstərdi ki, təhsil sisteminin yetişdirdiyi vətəndaş, ilk növbədə, öz köklərinə və əzəli torpaqlarına bağlı, hər qarış torpağı üçün canından keçməyə hazır olan, milli mənsubiyyəti ilə fəxr edən, xalqının adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq vətənpərvərdir. Vətən müharibəsində iştirak edən Bakı məktəblərinin 40-dan çox müəllimi öz vəzifəsini bu dəfə döyüş meydanında yerinə yetirdi, vətənpərvərlik dərsini bu dəfə soyuq səngərlərdə keçərək şanlı qələbəyə öz töhfələrini verdi. Paytaxt məktəbləri məzunlarının 350-dən çoxu şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında borclarını layiqincə yerinə yetirdi. Bu gün onların həyat yolu əsl vətənpərvərlik məktəbidir. Hər bir gənc bu məktəbdən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun növbəti nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.
Azərbaycanın bu gününə və gələcək yoluna daim işıq salan, Zəfər tariximizin unudulmaz qəhrəmanlarını bir daha dərin ehtiramla yad edir, Vətən şəhidlərinin hər birinin ruhu qarşısında baş əyirik!
Müəllif hüquqları qorunur!
Materiallardan istifadə edərkən hyperlinklə istinad etməyi unutmayın!
Bölməyə aid digər xəbərlər