12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
18 OKTYABR — MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ



Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir.
XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.
Məlumat üçün qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə imzalanmış sənədlə 15 oktyabr 2021-ci il tarixli Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Həmin şanlı tarixdən artıq 33 il keçir və bu gün xalqımız suveren və bütöv Azərbaycanımızın vətəndaşı olaraq bu günü keçirir, uzun və keşməkeşli tarixin növbəti ildönümünü qeyd edir. Müstəqilliyi əldə etmək çətindirsə, onu qoruyub saxlamaq daha da çətindir. Müstəqilliyimizi bərpa etdikdən bu günümüzə qədər azadlığımız, müstəqilliyimiz uğrunda minlərlə can qurban olub. Bunun üçün də layiqli vətəndaş olaraq hər birimiz ərazi bütövlüyümüz, müstəqilliyimiz və suverenliyimiz uğrunda canından keçən Vətən övladı şəhidlərimizin ruhlarını daim ehtiramla yad etməli, gələcəyimizin memarı olan gəncləri qəhrəman oğullarımızın adına layiq böyütməli və Vətənimizi layiqincə qorumalıyıq.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində görülən təxirəsalınmaz işlər və zəruri islahatlar nəticəsində iqtisadi, siyasi, hərbi və sosial sahələrdə irəliləyişlər əldə olundu. Müstəqilliyimizi əbədi və dönməz edən Dahi Şəxsiyyət Heydər Əliyev öz zəngin siyasi təcrübəsi, yüksək Vətən sevgisi, xalq təəssübkeşliyi ilə ölkəmizin həm dayaq sütunlarının möhkəmləndirilməsi, həm də daxili və xarici siyasətinin düzgün təşkil olunması, iqtisadi gücün dövrün tələblərinə uyğun qurulması, dövlətin təhlükəsizliyinin qarantı olan ordunun formalaşması işlərinə böyük diqqət ayırırdı. Fundamenti humanizm dəyərlərinə, ədalət prinsipinə və sülhə söykənən xarici siyasət yürütmək müstəqilliyimizi bərpa etdikdən sonra dövlətimizin qarşıya qoyduğu və vacib bildiyi məsələlərdən biri, hətta birincisi olub. Qısa müddətdə böyük yol qət etmiş Azərbaycan XXI əsrin əvvəllərində Heydər Əliyev kimi dahi rəhbərin siyasi kursunun layiqli davamçısı olan və bu gün dünyanın Müzəffər Ali Baş Komandan kimi tanıdığı İlham Əliyevlə yolunu davam etdirdi. Əsl lider, bacarıqlı diplomat, Müzəffər Ali Baş Komandan və digər çoxsaylı müsbət keyfiyyətləri özündə birləşdirən dövlət başçımız hakimiyyət dövründə milli maraqları, xalqın mənafeyini düşünərək, sağlam sosial mühitin formalaşması üçün çalışır və əlindən gələni əsirgəmir. Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dövlətimizin inkişafı üçün gördüyü işləri sadalamaqda sözlər belə kifayətsizdir. 30 ilə yaxın Ermənistan silahlı birləşmələrinin işğalında qalmış tarixi ərazilərimiz məhz Qalib sərkərdə İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən azad olundu. Məhz dövlət başçısının qətiyyəti, iradəsi və yüksək bacarığı nəticəsində müstəqillik yolumuz tarixi Zəfərlə taclandı. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı ilə Azərbaycan torpağında qeyri-qanuni erməni silahlı birləşmələri darmadağın olundu. Bununla da tarixi ərazilərimizdə qondarma rejimin, separatçı qüvvələrin kökü kəsildi. Bu gün Azərbaycanımızın hər bir bölgəsində şanlı üçrəngli bayrağımız dalğalanır. Ötən ilin 15 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk dəfə qədirbilən xalqı tərəfindən prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Həmin tarixi mötəbər günün bu il birinci ildönümüdür. Ali Baş Komandan Xankəndi şəhərində çıxış edərkən vurğuladı: "Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır".
Bu gün işğaldan azad olunan əbədi və əzəli torpaqlarımızda ay-ulduzlu bayrağımızın dalğalanması müstəqilliyimizin əbədi, dönməz olduğunun göstəricisidir. Xalqımız öz tarixi ilə öyünür, tarixi isə böyük şəxsiyyətlər və qəhrəmanlar yazırlar. Bizim yazılmış tariximizin adı Dəmir Yumruqdur. Çünki bu tarix xalq-ordu-dövlət birliyi ilə yazılıb! 


Mahir Hümbətov,
Yeniazərbaycanhəyatı.com 
informasiya portalının rəhbəri


Tarix: 18-10-2025, 11:28 Oxunub: 21


Bölməyə aid digər xəbərlər