Köhnə adı ilə
Milli Müstəqillik Günü
Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir.
Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib.
Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.
1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”
Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilir.
18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir. 2006-cı ilə qədər 18 oktyabr ölkədə qeyri-iş günü olub.
2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra isə 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi saxlanılsa da, iş günü kimi qəbul olunub.
Azərbaycan dövlət müstəqilliyini 20-ci əsrin əvvəlində əldə edib. 1918-ci ildə ölkəmizdə ilk demokratik respublika yaradan Azərbaycan xalqı daha sonra baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində milli azadlığından, dövlət müstəqilliyindən məhrum olmuşdu. 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir. Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir. Respublikamızın dövlət müstəqilliyini dünyanın bütün ölkələri tanımış, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına daxil olmuş və dünyanın böyük beynəlxalq təşkilatlarının üzvü olmuşdur. Ötən illər ərzində Müstəqil Azərbaycan Respublikası böyük sınaqlardan keçərək möhkəmlənmişdir. Əldə edilmiş müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında torpaq məsələsinin xalqımızın tarixində əsas amal olduğunu göstərərək deyirdi: “Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını, övladlarını qurban verməkdən çəkinməmişdir”. Fəxr edirik ki, Ümummilli liderimizin siyasətini və ideyalarını möhtərəm Prezidentimiz İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir. Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir.
Emilya Atakişiyeva,
Samux rayonu, Qeydiyyat şöbəsinin rəisi,
I dərəcəli Ədliyyə qulluqçusu
Tarix: 9-10-2024, 15:34 Oxunub: 43